Dil – ləyaqətdir. Onu itirmək olmaz. Dil sadəcə ünsiyyət vasitəsi deyil, o, nəsillərin əmanəti olub, xalqın yaddaşı, onun ruhudur. Hər bir söz – yüzilliklərin içindən süzülüb gələn bir hikmətdir.
İnsan dünyaya göz açanda ilk eşitdiyi səs ana səsidir. İlk anladığı söz ana dilində deyilir. Bu da təsadüfi deyil, axı onun ruhu məhz ana dilinin içində formalaşır. Ana dilində və yad dildə deyilən eyni söz arasında görünməyən, amma dərindən hiss olunan bir fərq var. Biri qəlbə toxunur, o biri – qulağa.
Yer üzündə təxminən 7 min dil səslənir və onların demək olar ki, yarısı yaxın onilliklərdə yox ola bilər. Bir dilin məhv olması təkcə sözlərin yox olması deyil, bir xalqın həyat fəlsəfəsinin, dünyaya baxışının sönməsi deməkdir.
Qədim xalqlar, o cümlədən əsrlər boyu öz dilini qoruyub saxlayan ləzgilər üçün bu, sadəcə statistika deyil, olum və ya ölüm məsələsidir. Çünki dil xalqın düşüncə tərzidir, şərəfidir, onun böyüyüb inkişaf etdiyi kökdür. Dil əslində hər bir xalqın görünməyən, amma ən möhkəm sərhədidir.
Ana dilindən uzaqlaşmağın görünməyən faciəsi var. İnsan yad dildə danışa, yad dildə təhsil ala, hətta uğur da qazana bilər. Amma əgər o, öz ana dilində düşünə bilmirsə, onun içində izah olunmayan bir boşluq yaranır. Bu boşluq maddi yoxsulluq deyil, mənəvi kasıblıqdır. Bu, səssiz faciədir, hiss olunmadan insanın öz kökündən, öz kimliyindən uzaqlaşmasıdır. Dil itəndə insan kim olduğunu unutmağa başlayır, öz keçmişinə gedən yolu itirir.
Ana dilində deyil, yad dildə dil açan insanlar sevgi barədə danışsalar da, sözləri ruhlarına tam uyğun gəlmir. Keçirdikləri sevincin ən incə çalarlarını ifadə etməkdə çətinlik çəkirlər. Çünki insanın ən saf hissləri məhz ana dilində doğulur.
Dil – şərəfdir, onu qorumamaq günahdır. Dünya təcrübəsi göstərir ki, dili xilas etmək mümkündür. Yeni Zelandiyada maori dili bir vaxtlar yox olmaq həddinə çatmışdı. Amma bir gün orada bir ana öz uşağına yad dildə yox, öz dilində nağıl danışmaq istəyəndə hər şey dəyişdi. Bu sadə istək bir hərəkatın başlanğıcı oldu. Məktəblər açıldı, radio verilişləri başladı, uşaqlar yenidən ana dilində danışıb-gülməyə, zarafat etməyə başladılar.
Bu gün maori dili yalnız dərsliklərdə deyil, küçələrdə, mahnılarda, həyatın özündə yaşayır, o, artıq dövlət dilidir.
Havay adalarında bir vaxtlar ana dilində danışanların sayı barmaqla sayılacaq qədər az idi. Bu gün isə məktəblərdə uşaqlar yenidən bu dili öyrənir, onunla düşünür, dünyanı kəşf edirlər.
Bu misallar sübut edir ki, dilin taleyi dövlətlərdən çox, insanların seçimindən asılıdır. Dil ona sahib çıxan olduqda yaşayır.
Bu gün yeni texnologiyalar dilləri qorumaq üçün yeni imkanlar yaradır. Amma heç bir texnologiya ana ilə övlad arasındakı canlı ünsiyyəti əvəz edə bilmir. Telefon, kitab, dərs proqramı – bunlar vasitədir, dilin ruhu isə canlı səsdədir. Nənənin nağılı, ananın laylası, atanın öyüdü – bunlar dilin ən saf formasıdır. Dil ürəkdən ürəyə keçən bir işıqdır.
Tarix göstərir ki, dil zorla susdurulanda, bir xalqın ruhu da susdurulur.
Şimali Amerikanın yerli xalqlarının taleyində olduğu kimi. Orada uşaqlara ana dilində danışmaq qadağan ediləndə təkcə dil yox olmurdu – nəsillər arasındakı bağ qırılırdı. Uşaq babasını anlamırdı. Baba nəvəsinə öz dünyasını ötürə bilmirdi. Beləcə, bir xalq öz yaddaşını itirirdi.
Bəs bizdə vəziyyət necədir? Qədim və zəngin bir dil olan ləzgi dili bu gün də yaşayır. Amma onun taleyi bizim seçimimizdən asılıdır. Əgər biz uşaqlarımızla ana dilində danışmırıqsa, onlara bu dili öyrətmiriksə, əgər biz özümüz bu dili gündəlik həyatımızda istifadə etmiriksə, onda dil tədricən səssizliyə çəkilir. Axı dil yalnız danışıldıqca yaşayır.
Bir ana övladına ana dilində layla oxuyanda, bir ata uşağı ilə ana dilində danışanda, bir müəllim şagirdinə bu dili sevdirəndə bir dil yenidən doğulur. Dil öz-özünə yox olmur. Onu ya qoruyurlar, ya da itirirlər. Unutmayaq ki, xalq ana dil səslənən müddətdə yaşayır.