AZƏRBAYCANDA UNİKAL CƏRRAHİ ƏMƏLİYYAT

  • SAMUR
  • 29.04.2026

   Üz-çənə və rekonstruktiv mikrocərrah Kamil Firudin oğlu Abdullayevin təcrübəsində unikal əməliyyatlar az deyil. Əslən Qusar rayonundan olan Kamil Volqoqrad şəhərində həkimlər ailəsində anadan olub. Volqoqrad Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini bitirdikdən sonra Moskvada üz-çənə cərrahiyyəsi üzrə ixtisaslaşıb.

Cənubi Koreya və Tayvanda rekonstruktiv və mikrocərrahiyyə sahəsində beynəlxalq təcrübə keçdikdən sonra Rusiyada müxtəlif tibb müəssisələrində üz-çənə və rekonstruktiv cərrah kimi çalışıb. Hazırda gənc cərrah fəaliyyətini Azərbaycanda davam etdirir.

   AZƏRTAC-ın verdiyi məlumata görə, ötən ay akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Kamil Abdullayevin iştirakı ilə daha bir unikal əməliyyat həyata keçirilib. Yeni yaradılmış plastik və rekonstruktiv cərrahiyyə şöbəsinin həkimləri 10 saat davam edən mürəkkəb və yüksək texnologiyalı əməliyyatla pasiyentin çənəsini bərpa ediblər.

   İlk dəfə icra olunan bu əməliyyatda müxtəlif ixtisaslı həkimlər iştirak edib. Baş-boyun nahiyəsinə cərrahi müdaxiləni professor Məhəmməd Davudov və şöbə müdiri Elçin Məmmədov, mikrocərrahi mərhələni isə üz-çənə cərrahları Kamil Abdullayev və Vəlican Abasov həyata keçiriblər.

   Qeyd edək ki, il yarım əvvəl pasiyentin çənəsinin yarısı bədxassəli şiş səbəbindən çıxarılmış və yerinə titan lövhə yerləşdirilmişdi. Son əməliyyat zamanı həmin lövhə çıxarılıb, çənə isə pasiyentin öz ayaq sümüyü hesabına yenidən qurulub. Sümük ayaqdan götürülərək üz nahiyəsinə köçürülüb və damarlar mikrocərrahi üsulla birləşdirilib. Gələcəkdə bu sümüyə diş implantlarının yerləşdirilməsi də planlaşdırılır.

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023