Elə qələm sahibləri var ki, böyük şəhərlərin gurultulu ədəbi mühitindən uzaqda yaşasalar da, yazdıqları şeirlərlə minlərlə oxucunun qəlbinə yol tapmağı bacarırlar. Belələrindən biri də istedadlı şair Qərib Hüseyndir. Onun “Payız pıçıltıları” kitabı müəllifin yaradıcılıq axtarışlarının uğurlu bəhrəsi kimi diqqəti cəlb edir. Hüseynov Qərib Ərifşah oğlu Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. ADU-nun fizika fakültəsini bitirib, uzun illər müəllim işləyib, hazırda təqaüddədir.
Qərib Hüseyn Azərbaycan və ləzgi dillərində yazdığı şeirlərlə oxucuların rəğbətini qazanıb. Onun poeziyasında söz heç vaxt sadəcə söz olaraq qalmır; o, duyğuya, düşüncəyə çevrilir, mənəvi-fəlsəfi məzmun kəsb edir.
“Payız pıçıltıları” kitabı müəllifin həyat, zaman, sevgi, vətən, insan taleyi və mənəvi dəyərlər haqqında düşüncələrinin poetik ifadəsidir.
Qərib Hüseyn poeziyasının əsas üstünlüklərindən biri Azərbaycan dilinin zəngin imkanlarından məharətlə istifadə etməsidir. Onun şeirlərində qafiyələrin axıcılığı, misraların ahəngi, poetik ifadələrin rəngarəngliyi oxucuda estetik zövq yaradır.
Müəllifin yaradıcılığında diqqəti cəlb edən digər mühüm cəhət bədii obrazların canlılığıdır. Qəbələnin əsrarəngiz təbiəti, uca dağları və saf insanları onun poeziyasının ilham mənbələrindən biridir.
Onun şeirlərində uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olmuş, neçə-neçə gəncin formalaşmasında iştirak etmiş ziyalı müdrikliyi də hiss olunur. Şair oxucusuna öyüd verməsə də, misralarının alt qatında həyat dərsləri, mənəvi çağırışlar, insanı yaxşılığa səsləyən fikirlər duyulur.
“Payız pıçıltıları” kitabını vərəqlədikcə hiss edirsən ki, müəllif hər misranı yaşayıb yazmışdır. Burada saxta pafos, süni bəzək-düzək yoxdur. Səmimiyyət, həyat həqiqəti və poetik duyum kitabın əsas məziyyətləridir.
Təbrik edirəm, Qərib müəllim! Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Oxuculara isə mütləq “Payız pıçıltıları” kitabını oxumağı tövsiyə edirəm.