DAĞLAR HÜZNLÜDÜR

  • Sədaqət Kərimova
  • 21.04.2026

   Dünəndən bəri aldığımız bu ağır xəbərdən özümüzə gələ bilmirik. Onu tanıyan hər kəs - qadınlı-kişili - göz yaşlarına hakim ola bilmir. Qəfil ölüm... Əzizov Mövlud Ramazan oğlu...

   Mövlud adi bir insan deyildi, dağların nəfəsi, zirvələrin ruhu idi. Qusarın Ləzə kəndinin sakini olan, adı Azərbaycanın sərhədlərini aşan, dostluğu ilə fəxr edilən, hörməti ilə ucalan nadir insanlardan biri idi. Onu tanıyanlar üçün o, sadəcə bələdçi yox, yol göstərən bir işıq idi.

   O, Şahdağın, Bazardüzünün zirvələrini sadəcə fəth etmirdi, o zirvələrdə qartal kimi qıy vururdu. Çətinliklər onun üçün maneə deyildi, həyatın mənası idi. Təbiət onun üçün sadəcə gözəllik yox, bir həyat fəlsəfəsi idi.

   Zəngin dünyagörüşü, yüksək mədəniyyəti, nadir savadı ilə seçilən Mövlud Azərbaycan, rus və ingilis dillərini ana dili olan ləzgi dili qədər mükəmməl bilirdi. O, sözün həqiqi mənasında ziyalı idi - davranışı, düşüncə тərzi, insanlara münasibəti ilə.

   Onunla bir dəfə yol getmək bir ömürlük xatirə demək idi. Onunla həmsöhbət olmaq həyatın dadını yenidən duymaq idi. Səmimiyyəti, üzügülərliyi, daxili işığı insanları özünə bağlayırdı. Elə buna görə də onun dostlarının say-hesabı yox idi.

   Mən də o xoşbəxt insanlardan biri idim... İllər əvvəl Şahdağın zirvəsinə qalxanda bizə yol göstərən bu insan sonradan ailəmizin doğmasına çevrildi. Yerğıkek kəndinə, Qrız şəlaləsinə qarlı-şaxtalı günlərdə onunla getmək bir cəsarət məktəbi idi. Çətinliyi sevməyi, qorxmamağı, təbiəti duymağı bizə o öyrədirdi.

   Mövlud təkcə ölkə daxilində deyil, xaricdə də Azərbaycanın təbiət gözəlliklərinin canlı təbliğatçısı idi. Onun adı bir etimad idi. İnsanlar onu tanımaq üçün, onunla dağlara çıxmaq üçün Qusara gəlirdilər. Çünki o, sadəcə bələdçi deyildi — o, yurdun ruhunu insanlara sevdirən bir elçi idi.

Amma həyat bəzən ən işıqlı insanları ən qəfil anlarda alır... Mayın 15-də 55 yaşı olacaqdı. Bu erkən gediş nə qədər amansız, nə qədər ağırdır...

   Bu gün Mövlud doğma Ləzə kəndində torpağa tapşırılacaq. Amma belə nsanların ruhu torpağa sığmır... Onun ruhu dağlarda qalacaq - Şahdağın zirvələrində, Bazardüzünün sərt küləklərində, qartalların qanadında...

   Bu gündən sonra hər dəfə dağlara baxanda, hər dəfə zirvələrdə qıy vuran qartalları görəndə, hər dəfə təbiətin o uca səssizliyini dinləyəndə Mövludu xatırlayacağıq. Çünki o artıq xatirə deyil - o, dağların özünə çevrilib...

Allah rəhmət eləsin! Məkanı cənnət olsun...

P.S. Bir neçə ay əvvəl Yerğıkekdə çəkdiyimiz şəkil.

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023