2026-cı ilin baharı Qusar rayonu üçün sadəcə mövsüm dəyişməsi deyil, ciddi bir sınaq kimi yadda qaldı. Martın 27-dən başlayan intensiv yağışlar qısa müddətdə təbiətin gücünü bütün çılpaqlığı ilə ortaya qoyaraq rayonun sosial-iqtisadi həyatına ağır təsir göstərdi.
Təbiətin sərt üzü
Aramsız yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi kəskin artdı, sel suları yaşayış məntəqələrinə daxil olaraq infrastruktur obyektlərinə və evlərə ciddi ziyan vurdu. 34 kənddə minlərlə abonent elektrik enerjisiz qaldı, qaz xətləri zədələndi, yollar bağlandı, körpülər yararsız hala düşdü.
Suvacal yolunun qayalıq ərazidən tökülən daş və çınqıl səbəbindən bağlanması, Mucuq və Suvacal kəndlərində körpülərin zədələnməsi, Çətkün kəndinə gedən yolun yuyularaq sıradan çıxması, həmçinin Piral, Kuzun və Əniğ kəndlərinin daxili yollarının ciddi zərər görməsi nəqliyyat infrastrukturunun nə qədər həssas olduğunu açıq göstərdi.
Quxuroba və Gedəzeyxur kəndlərində evlərin birinci mərtəbələrinə su dolması, əkin və bağ sahələrinin sel altında qalması, Ukur çayı ətrafında təhlükəli vəziyyətin yaranması, Hil kəndində torpaq yuyulması isə fəlakətin yalnız infrastruktura deyil, insanların gündəlik həyatına da birbaşa təsir etdiyini göstərdi.
Bu ağır günlərin ən ağrılı səhifəsi Gündüzqala kəndində yazıldı. Quru çayda suyun səviyyəsinin qəfil artması nəticəsində 1999-cu il təvəllüdlü Farik Rəsulovun həlak olması təbiətin bu dəfə nə qədər amansız olduğunu bir daha sübut etdi.
İkinci zərbə
4-5 aprel tarixlərində yağan növbəti güclü yağışlar artıq zəifləyən infrastruktura yeni zərbə vurdu. Bir sıra kəndlərdə körpülər tam yararsız vəziyyətə düşdü, Yuxarı Tahircal, Zindanmuruq və Çətkün kəndlərinə gedən yollar bağlandı. Hil kəndində sel sularının transformatoru aparması nəticəsində abonentlər işıqsız qaldı.
Quxuroba və Zuxul kəndlərində əkin və bağ sahələri su altında qaldı. Laza və Sudur kəndlərinə qar yağması, Yargikek yaşayış məntəqəsi ilə əlaqənin kəsilməsi vəziyyəti daha da mürəkkəbləşdirdi.
Operativ reaksiya
Mövcud faktlar göstərir ki, vəziyyət qısa müddətdə nəzarət altına alındı, aidiyyəti qurumlar tərəfindən elektrik və qaz təchizatının bərpası istiqamətində dərhal tədbirlər görüldü.
Yasab kəndinə gedən yolun tam dağılması ilə bağlı məsələyə operativ yanaşma xüsusi qeyd olunmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin iştirakı ilə əraziyə baxış keçirilməsi və bərpa tədbirlərinin yerində müzakirəsi mərkəzi və yerli qurumlar arasında koordinasiyanın real nümunəsi oldu.
Boş verən hadisələrin fonunda rayon rəhbəri Sahir Məmmədxanovun fəaliyyəti xüsusilə diqqət çəkir. Onun həmin həyəcanlı günlərdə əlaqədar qurumların rəhbərləri ilə birlikdə gecə-gündüz bilmədən daim hadisə yerlərində olması, kənd sakinləri ilə birbaşa ünsiyyət qurması, fəlakətin coğrafiyasını şəxsən nəzarətdə saxlaması, operativ tədbirlərin həyata keçirilməsinə nail olması rayon sakinlərinin rəğbətinə səbəb oldu. Bu, təkcə idarəetmə deyil, həm də sosial məsuliyyət və vətəndaşa yaxınlıq nümunəsidir.
Nəticə və dərslər
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonda genişmiqyası işlər davam edir. Qusarda baş verənlər bir daha sübut etdi ki, təbii fəlakətlər qarşısında infrastrukturun dayanıqlığı ilə yanaşı, idarəetmənin çevikliyi həlledici rol oynayır. Yerli icra strukturları vəziyyəti nəzarətdə saxlamağa və fəsadların aradan qaldırılması istiqamətində sistemli fəaliyyət göstərməyə nail oldu.
Bununla yanaşı, bu hadisələr gələcək üçün də ciddi mesajdır: dağlıq və risk zonalarında qabaqlayıcı tədbirlərin gücləndirilməsi, alternativ kommunikasiya xətlərinin yaradılması və infrastrukturun daha dayanıqlı qurulması artıq seçim deyil, zərurətdir.