Qarabulaq

  • Əfsər Abdullayev
  • 31.08.2023

Oğuz rayonundan 36 km cənubda, Türyan çayının sağ sahilində, dəniz səviyyəsindən 550 m hündürlükdə, üç tərəfi dağlarla əhatə olunmuş bir kənd var – Qarabulaq.

Əhalisinin əkinçiliklə və maldarlıqla məşqul olduğu, inzibati cəhətdən Böyük Söyüdlü kənd bələdiyyəsinin tərkibinə daxil olan bu kənd təmiz havasıyla, gözəl təbiətiylə, səmimi və zəhmətkeş insanlarıyla tanınır.

Kəndin qədim yurd yeri indiki Filfilli kəndinin yaxınlığında olub, o zamanlar Molla Qarabulaq adlanıb. “Qarabulaq” sözü daim çağlayan, bol sulu bulaq mənasını verir.

Dağ çayı daşaraq vaxtaşırı əhalinin təsərüfatlarına zərər verdiyinə görə XX əsrin əvvəllərində insanlar bu yeri tərk edib Xoşkaşen adlanan yerə köçməyə başladılar. 1937-1939-cu illərdə bu köç kütləvi xarakter aldı. Qarabulaqlıların burada məskunlaşması səbəbiylə həmin yer Qarabulaq adlandırılmağa başladı. Tarixi mənbələrdə “Xoşken” V əsrdə yaşamış alban ruhanisinin adı kimi göstərilir. “Şen” isə oba, kənd mənasındadır. Bu ərazidə qədim Albaniyanın nişanələrinin, izlərinin indi də qalmaqda olması həmin fikrin həqiqətə uyğunluğunu bir daha təsdiq edir. Buna misal olaraq kənddə iki yerdə təsadüf olunan qədim alban abidələrini göstərə bilərik. Yaxşı olardı ki, bu abidələrin tarixi araşdırılsın.

864 nəfər əhalinin yaşadığı, 198 təsərüfatın mövcud olduğu bu kəndin əhalisi ləzgilərdir. Onlar zəhmətkeşliyi və qoçaqlığı ilə ad qazanıblar. Hələ İkinci Dünya müharibəsində kəndimizin demək olar ki, hər evindən bir nəfər iştirak etmiş və cəbhədə böyük şücaətlər göstərmişdir. Əlliyə yaxın şəxs bu davadan geri qayıtmamışdır.

  1979-89 cu illərin Əfqanıstan müharibəsi də bu kənddə öz acı izini qoymuşdur. 1986-cı ildə 19 yaşlı Qarabulaq kənd sakini Əjdər Yaqub oğlu Mahmudov bu mühribədə canından keçmişdir. O, ölümündən bir il sonra “Qırmızı ulduz” ordeni ilə təltif olunmuş və oxuduğu məktəbə onun adı verilmişdir. Məktəb bu gün də onun adını daşıyır.

İkinci Qarabağ savaşında kəndimizin bir neçə igid oğlu qəhrəmancasına vuruşmuş, medallarla təltif olunmuşdur. Kəndimizi respublikamızda və onun hüdudlarından kənarda laiqincə təmsil edən alimlərimiz, dəyərli ziyalılarımız hamının fəxridir.

  Bəli, Qarabulağın ən böyük sərvəti onun insanlarıdır. Ona görə də kəndimizin gözəl mənzərələrindən, adı dillər əzbəri olan Qızılqayasından, təmiz havasından deyil, insanlarından bəhs etdim. Təəssüf ki, kəndin sosial və mədəni həyatı ürək ağrıdır. Uzun illər burada fəaliyyət göstərən kitabxana, tibb məntəqəsi, poçt idarəsi də, zaman keçdikcə sıradan çıxmış və nəhayət, fəaliyyətini dayandırmışdır. Müasir tipli, yaraşıqlı, yaxşı təchiz olunmuş yeni məktəbimiz olsa da, burada ana dilimiz olan ləzgi dili tədris edilmir. Kəndə yol çəkilsə də, kənddaxili yollar bərbad vəziyətdədir. Su çəkilsə də, hələ də ondan istifadə edə bilməyən sakinlər var. Bütün bunlar isə ucqar bir dağ kəndi üçün mühüm məsələlərdir. Ümid edirəm ki, bu problemlər öz həllini tapacaq. Ə.Məmmədxanlının da dediyi kimi: “Yox, bu cür davam edə bilməz! O gün gələcəkdir! Günəş doğacaq, qönçələr açacaqdır”.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023