Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

Dünya yaranandan sevinclə kədər, görüşlə ayrılıq, həyatla ölüm qoşa addımlayır. Allah insanı daim bərkə-boşa çəkir, onu çətinliklərlə, ağrı-acılarla imtahan edir. Bu sınaqlar arasında əziz adamını itirmək qədər əzablı, bu itki ilə yaşamaq kimi çətin imtahan ola bilməz. Həyatla vidalaşan insanın məşhur həkim olduğunu biləndə isə ikiqat sarsılırıq. Hər bir insan üçün ailə üzvlərindən sonra həkim qədər məhrəm, onun qədər doğma insan yoxdur. Hər ağrı-acımızı danışıb çarə istədiyimiz bu insanlara hər birimiz borcluyuq. Onların dava-dərmanları, xoş sözləri bizi həyata qaytarır. Bir yerimiz ağrıyan kimi onların yanına qaçır, öz xəstəliyimizlə, dərd-sərimizlə onları yükləyir, yüngüllənmiş halda geri qayıdırıq. Neçə-neçə xəstəni həyata qaytaran, onlara şəfa verməkdən ötrü özünü oda-közə vuran, ömrünü şam kimi yandıran bu insanların ölümünə heç cür öyrəşə bilmirik. Bu, təkcə bir ailənin, bir nəslin deyil, bütün cəmiyyətin itkisinə dönür. Tanınmış neyrocərrah, Azərbaycan səhiyyəsinin adlı-sanlı simalarından biri Vadim Nurmət oğlu Zəkiyevin vəfatı onunçün hamımızı ağrıtdı. 38 il fasiləsiz olaraq Azərbaycan Respublika Neyrocərrahiyyə xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərmiş bu savadlı adamın şöhrəti respublikamızın hüdudlarını aşmışdı. Onun yanına qonşu ölkələrdən də ağır xəstələr gəlirdi. Dərin savad, böyük peşəkarlıq, zərgər dəqiqliyi ilə bərabər həssas ürək də tələb edən beyin cərrahiyyəsi sahəsində keçirdiyi minlərlə uğurlu əməliyyatlar sayəsində həyata qayıtmış insanlar üçün Vadim Zəkiyev əvəzsiz insan idi.

Vadim 1957-ci ildə Qusar şəhərində adlı-sanlı müəllim, Azərbaycanın əməkdar müəllimi Nurmət Zəkiyevin ailəsində dünyaya gəlib. Ömrünün 60 ilindən çoxunu Qusarda xalq maarifinə həsr edən Nurmət müəllim öz ziyalı ömür-gün yoldaşı, uzun illər uşaq məktəbəqədər təhsil müəssisələrinə rəhbərlik etmiş Həlimə müəllimə ilə üç oğul böyüdüb. Əspəndi tanınmış həkim, İmaməddin isə adlı-sanlı müəllimdir.

Ailənin ortancıl oğlu olan Vadim Qusar 2 saylı rus orta məktəbini bitirib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Buranı fərqlənmə diplomu ilə başa vurub, 1981-ci ildə Rusiyanın Qroznı şəhərindəki Təcili Tibbi Yardım xəstəxanasında internatura keçib. 1982-1983-ci illərdə Qroznı şəhərinin 4 saylı poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlayıb. 1984-1985-ci illərdə M.Qədirli adına Mərkəzi Hövzə xəstəxanasında həkim-cərrah işləyib. 1985-ci ildən ömrünün sonuna qədər taleyini Respublika Neyrocərrahiyyə xəstəxanası ilə bağlayıb, burada həkim-cərrah və şöbə müdiri kimi çalışıb.

Səmərəli fəaliyyətinə görə ötən il Vadim Zəkiyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Vadim Zəkiyevin ölümü təkcə ailəsi, doğmaları, dostları, doğma rayonu üçün deyil, bütün Azərbaycan üçün böyük itki oldu. Tibbin ən çətin sahələrindən biri olan neyrocərrahiyyədə zəngin təcrübə qazanmış bu həkim hələ neçə-neçə insanı həyata qaytara bilərdi. Amma amansız ölüm onu əlimizdən aldı. Keçirdiyi saysız-hesabsız həyəcanlar, ağır stresslər izsiz ötmədi. Bu, onun gündəlik həyat ritmi idi. İnsanların həyatını bunlarsız xilas etmək mümkün deyil. Bəli, bizim hər birimiz həkimlərə borcluyuq. Bu, heç zaman ödənilməyən borcdur.

Bir şey təsəlli verir ki, Vadimin işıqlı xatirəsi ürəklərdə yaşayacaq. Bu yaraşıqlı, mehriban və təvazökar, zəhmətkeş və fədakar insanın xoş təbəssümü və gözəl əməlləri heç zaman unudulmayacaq.

Allah rəhmət eləsin!

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023