Hər bir xalqın tarixində elə şəxsiyyətlər olur ki, onların nümunəvi fəaliyyəti və yaradıcılıq yolu xalqın yaddaşında əbədi qalır, heç vaxt unudulmur. Görkəmli bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti Elza İbrahimova da belə şəxsiyyətlərdəndir. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə mənəvi qida vermək, xalqın sevgisini qazanmaq hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.
Aprelin 24-də Qusar şəhər Uşaq İncəsənət Məktəbində sevilən və əvəzolunmaz bəstələrin müəllifi, bəstəkar Elza İbrahimovanın xatirəsinə həsr olunmuş «Nəğmə dolu bir ürəyəm, ey Vətən» adlı musiqili gecə keçirilmişdir. Konsert proqramında rayonun tanınmış incəsənət nümayəndələrinin təqdimatında bəstəkarın unudulmaz mahnıları ifa olunub.
Tədbirdə çıxış edən görkəmli şair, yazıçı, jurnalist Sədaqət Kərimova Elza İbrahimovanın həyat və yaradıcılığı, zəngin musiqi irsi haqqında ətraflı məlumat verərək, bəstəkarla bağlı xoş xatirələrini bölüşüb. Qeyd edib ki, ömrünün 50 ilindən çoxunu bəstəkarlıq sənətinə həsr etmiş Elza İbrahimova sənətin ən yüksək zirvələrini fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb. Onun mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir. Azərbaycanın görkəmli şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnılar hər zaman sevilərək ifa olunur.
Konsert proqramında incəsənət xadimlərinin ifasında səsləndirilən, Elza İbrahimovanın repertuarına aid «Ey Vətən», «Gecələr bulaq başı», «Sən yadıma düşəndə», «Gəl barışaq», «Qurban verərdim» kimi mahnılar tamaşaçılar tərəfindən sevilərək dinlənilib.
Tədbirin sonunda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar şəhər Uşaq İncəsənət Məktəbinin direktoru, müəllim və tələbə kollektivi başda olmaqla, musiqiçilərə, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirib. Xalqın dəyərli sənətkatlarının, incəsənət nümayəndələrinin şərəfinə bu cür tədbirlərin keçirilməsinə hər zaman dəstək göstərəcəyini vurğulayıb. Qeyd olunub ki, unudulmaz bəstələrin müəllifi Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqi irsi gələcəkdə hələ neçə-neçə nəsilləri heyran edəcək.
Daha sonra yazıçı, jurnalist Sədaqət Kərimova ilə həmsöhbət olan İcra başçısı ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.