Stadionu olmayan komandanın böyük qələbəsi

  • Sədaqət Kərimova
  • 31.05.2025

   Bir neçə gün əvvəl Azərbaycan çempionatının II Liqasında 2024/2025 mövsümünə yekun vuruldu və bu mövsüm Qusarın idman salnaməsində qızıl hərflərlə yazılacaq. Qusar təmsilçisi “Şahdağ” futbol klubu mövsümün həlledici oyununda “Dinamo” ilə qarşılaşaraq qolsuz heç-heçə etdi və 72 xalla turnir cədvəlində liderliyi qazanaraq çempion titulunu rəsmiləşdirdi. Bu nəticə təkcə idman uğuru deyil, həm də əzmkarlığın, fədakarlığın və vətənpərvərliyin nümunəsidir.

   Mövsüm boyu “Şahdağ” FK həm taktiki zəka, həm fiziki dözümlülük, həm də komanda ruhu baxımından fərqləndi. Komanda müdafiədə sabit, hücumda isə çevik və yaradıcı oyun nümayiş etdirərək rəqibləri qarşısında əzmlə dayanmağı bacardı. Onların hər bir oyunu planlı hazırlığın, yüksək peşəkarlığın və komandadaxili həmrəyliyin nəticəsi idi. Məhz bu xüsusiyyətlər “Şahdağ”a zirvəyə gedən yolda rəqib tanımamaq imkanı verdi.

   Xüsusi qeyd olunmalı bir fakt da var: “Şahdağ” FK-nın hazırda özünə məxsus stadionu yoxdur. Qusar rayonunda illərdir müvafiq infrastruktura sahib olmayan bu komanda çempionatın bütün oyunlarını ya qonşu rayonların, ya da paytaxtın stadionlarında keçirməyə məcbur olub. Lakin bu çətinlik onların ruhunu sındırmadı, əksinə, birləşdirdi. Öz meydanı olmayan bir komandanın Azərbaycan çempionatının qalibi olması futbolda ruhun, iradənin və inamın nə qədər vacib olduğunu sübut edir. Bu, eyni zamanda regionlarda idman infrastrukturunun inkişafının nə qədər vacib olduğunu gündəmə gətirir.

   Qələbə münasibətilə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından “Şahdağ” FK-nın rəhbərliyinə, məşqçilərinə və futbolçularına səmimi təbriklər ünvanlandı. Onlara gələcək mövsümlərdə də uğurlar arzu edildi, komandanın Azərbaycan və beynəlxalq futbol arenalarında uğurla çıxış edəcəyinə inam ifadə olundu.

   Bu tarixi nailiyyət rayonda böyük coşqu ilə qarşılanıb. Mayın 24-də Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mərkəzi Meydanında “Şahdağ Qusar” komandasının şərəfinə təntənəli qarşılanma mərasimi və konsert proqramı keçirildi. Minlərlə azarkeşin iştirakı ilə baş tutan tədbirdə komandanın prezidenti Elçin Cananov, baş məşqçi və kapitan çıxış edərək bu uğurun təkcə idman deyil, həm də birlik və həmrəylik nümunəsi olduğunu vurğuladılar. Onlar göstərilən dəstəyə görə Qusar ictimaiyyətinə və rayon rəhbərliyinə təşəkkür etdilər.

   “Şahdağ”ın qazandığı çempionluq Azərbaycanın bölgə futbolunun inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Bu uğur həm Qusar rayonunun idman potensialının göstəricisidir, həm də bölgə gəncləri üçün motivasiya və ilham mənbəyidir. Stadionu olmadan bu səviyyəyə çatmaqla “Şahdağ” sübut etdi ki, şəraitin yoxluğu qarşıya qoyulan məqsəddən üstün deyil.

   Qusarın sevinci, Azərbaycan futbolunun yeni ümid ulduzu  olan “Şahdağ Qusar” komandası gələcəyə doğru inamla irəliləyir! İnanırıq ki, bu zəfər başlanğıcdır!

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023