VİDA SÖZÜ

  • SAMUR
  • 27.05.2025

   Tanınmış alim, görkəmli ziyalı, zəhmətkeş qələm sahibi, səmimi və təəssübkeş insan, “Samur” qəzetinin böyük dostu Bəybala Ələskərovun vəfatı xəbəri bizi ürəkdən mütəəssir etdi.

   Ələskərov Bəybala Aydabala oğlu 1954-cü il mayın 9-da Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olmuşdur. Qusar şəhər 1 saylı orta məktəbini bitirib əmək fəaliyyətinə Xəzər Dəniz Gəmiçiliyinin “Paris Kommunası” zavodunda başlamış, fəhləlikdən növbə rəisi vəzifəsinə kimi yüksəlmişdir. O, zavodda müxbir postunun rəisi və zavod partiya təşkilatının katibi vəzifələrində işləmişdir.

   1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, M.F.Axundov adına Dövlət Milli Kitabxanasında metodist, redaktor, böyük redaktor, elmi-tədqiqat şöbəsində baş aparıcı mütəxəssis və bölmə müdiri vəzifələrində çalışmışdır. 1988- 1992-ci illərdə Moskva Dövlət Mədəniyyət İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, namizədlik dissertasiyası müdafiə etmişdir.

   ABŞ, İngiltərə, Almaniya və Rusiyadan sonra beşinci olaraq Nobel informasiya mərkəzinin Azərbaycanda yaradılmasında Bəybala Ələskərovun xüsusi rolu olmuşdur. 1993-cü ildən Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinə üzv, 1996-cı ildən həqiqi üzv seçilmiş, bu Mərkəzə uzun illər rəhbərlik etmişdir. O, eyni zamanda 2005-ci ildən Beynəlxalq Nobel informasiya mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi olmuşdur.

   2013-cü ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, respublika yazıçılar və jurnalistlər birliklərinin, “Samur” MM Ali Məclisinin üzvü olmuş B.Ələskərov 20-dən çox kitabın və 250-dən çox elmi-publisistik məqalənin müəllifidir. O, Şəmsi Bədəlbəyli, Elçin, Nizami Cəfərov, Sədaqət Kərimova, Paşa Qəlbinur və digər yaradıcı insanlar haqqında elmi-metodiki vəsaitlərin, həmçinin irihəcmli “Elçin”,“Hidayət”, “Sədaqət Kərimova” adlı biblioqrafik vəsaitlərin müəllifidir.

   Respublika Ağsaqqallar Şurasının üzvü olan Bəybala Ələskərov sadə və xeyirxah insan, zəhmətkeş alim, gözəl ailə sahibi kimi onu tanıyanların xatirəsində yaşayacaqdır.

Allah rəhmət eləsin!

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023