Dünyanın bənzərsiz adamı

  • Sədaqət Kərimova
  • 28.02.2025

   Hələ də yenicə baxdığım filmin təsiri altındayam. Göz yaşlarımı saxlaya bilmirəm. Bir oğul öz atası haqqında misli-bərabəri olmayan sənədli film çəkib.  Filmdə haqqında söhbət gedən adam həyatı və fəaliyyəti ilə bütün bəşəriyyət üçün gözəl nümunədir.
Sebastyan Salqado əfsanəvi braziliyalı fotoqrafdır. O, 1944-cü ildə Braziliyada, Atlantik okeanın sahilinə yaxın bir kənddə anadan olub. Tanrı tərəfindən unudulmuş bu yerdə yaşamaq olduqca çətin, lakin maraqlı idi. Amazonun tropik meşələrindən sonra ikinci ən böyük meşə hesab edilən Atlantik meşəsi buranın ən böyük sərvəti idi. İnanılmaz heyvanlar, quşlar, böcəklər... Bu yer bir uşaq üçün əsl cənnət idi.


   Braziliyanın digər fermerləri kimi, Sebastyanın atası da odun satır, ağacların kəsildiyi ərazilərdə mal-qaranı bəsləmək üçün ot əkirdi. Kasıblar bunun gələcəkdə nə ilə nəticələnəcəyini fikirləşmirdilər.
Sebastyan 15 yaşında təhsil almaq üçün evdən ayrıldı. 1967-ci ildə o, San-Paulu Universitetinin iqtisadiyyat fakültəsini bitirdi və ixtisası üzrə işləməyə başladı. Leyla adlı qızla evləndi və onların iki oğlu dünyaya gəldi.


   1964-cü ildə Braziliyada çevriliş baş verdi və hərbi xunta hakimiyyətə gəldi. Ölkədə yaşamaq təhlükəli olmuşdu – dostları və tanışları həbs edilir, işgəncəyə məruz qalır, bəziləri isə izsiz yox olurdu. 1969-cu ildə Sebastyan və Leyla Braziliyadan qaçaraq Parisə gəlirlər. Sebastyan burada iqtisadiyyat üzrə dissertasiya yazmağa başlayır. Leyla isə təhsil aldığı memarlıq sahəsində tədqiqatlar aparmaq üçün özünə fotoaparat alır. Elə həmin vaxtdan etibarən Sebastyan da foto çəkməyə başlayır.
1973-cü ildə Sebastyan Dünya Bankında işləmək təklifindən imtina edir və fəaliyyətini tamamilə fotoqrafiya ilə bağlayaraq dünyanı gəzməyə başlayır.


   1984-cü ildə “Sərhədsiz həkimlər” təşkilatının tərkibində Afrikaya gedir. Onun çəkdiyi fotolar  sayəsində dünya Sahel regionunda baş verən faciə ilə tanış olur. Orada təxminən bir milyon insan aclıq və xəstəliklərdən həyatını itirmişdi.
1990-cı ildə Sebastyan Ruandaya yollanır və orada baş verən dəhşətli hadisələri sənədləşdirir. Qaçqın düşərgəsində humanitar təşkilatın əməkdaşlarının vəbadan ölən insanların cəsədlərini buldozerlə yığıb böyük bir üfunətli gorgah yaratdığının şahidi olur. Bu dəhşətlərdən sarsılıb ağır xəstələnir.


   1998-ci ildə o, Braziliyaya qayıdır. Valideynləri onlara öz fermalarını hədiyyə etmişdilər. Bu, Sebastyan üçün yeni bir sınaq oldu. Bir zamanlar “yer üzünün cənnəti” sayılan kəndin düşdüyü vəziyyəti görüb sarsılır. Vaxtilə tropik meşələrin olduğu yerdə indi çılpaq torpaq vardı. Ağaclar kəsilmiş, quşlar və heyvanlar yox olmuşdu. Torpağın yalnız 0,5 faizi ağaclarla örtülü idi.


   O zaman Leylanın ağlına yaxşı bir fikir gəldi – meşəni bərpa etmək! Qadın bunun mümkün olduğuna inanırdı və ərinə də bu inamı aşılamağa çalışırdı.
Salqado ailəsi ölkənin baş meşə mütəxəssisinə müraciət etdi və ondan hədiyyə olaraq 100 min ting aldı. Eyni zamanda, onlar müxtəlif fondlara, dövlətlərə maliyyə yardımı üçün müraciət etdilər.
Sebastyan və Leyla birlikdə “Tierra İnstitutu” adlı kiçik bir təşkilat yaratdı. O vaxtdan bəri bu təşkilat 4 milyon ağac əkərək meşəni bərpa etdi. İlk əkinlərin üçdən ikisi tələf oldu – çünki fidanlar çox sıx əkilmişdi. Lakin təcrübə qazandıqca səhvləri düzəltdilər. Növbəti il cəmi 20% itki verdilər və sonrakı illərdə bu göstərici 10%-dən çox olmadı.


   2005-ci ildə institutun maliyyə yardımına ehtiyacı yarananda, onlar nadir “Leica M7” fotoaparatını hərraca çıxardılar. O, 107500 dollara satıldı. “Bir kiçik fotoaparatla 30 min ağac əkdik”, – deyə Sebastyan qeyd etmişdi.
Daha sonra böyük donorlar, o cümlədən Braziliyanın təbiəti mühafizə fondu, İspaniya və İtaliyanın bir neçə regional hökuməti bu işə dəstək oldu. Onların vəsaiti hesabına meşənin bərpası üçün infrastruktur – yollar, yaşayış yerləri, məktəblər və tinglərin yetişdirilməsindən ötrü istixanalar yaradıldı.


   Zaman keçdikcə insanlar bu ekoloji layihənin nə qədər faydalı olduğunu görməyə başladılar. Meşənin bərpası sayəsində bölgədə yeni iş yerləri açıldı. Sərin, ətirli və rütubətli meşə havası bərpa olundu. Bir vaxtlar ölü sükutun hökm sürdüyü bu yerlər indi quşların nəğmələri ilə doldu.


   Ümumilikdə 172 quş, 33 heyvan, 293 bitki, 15 sürünən və 15 suda-quruda yaşayan canlı növü yenidən bu torpaqlara qayıtdı. Demək olar ki, sıfırdan yeni bir ekosistem bərpa edildi.
Bu sərt təbiətli kişi tez-tez kövrəlir və deyir ki, əgər oğlu Rodriqo olmasaydı, hər şey başqa cür ola bilərdi. Sebastyanın Daun sindromlu oğlu ona həyata başqa cür baxmağı öyrədib. Onun dünyaya gəlməsi  ailə üçün böyük bir sarsıntı oldu. Həyat sanki dayandı. Sebastyan iki il ağladı və nəhayət, həyata daha ayıq gözlə baxmağa başladı.


   O, deyir: “Bugünkü sosial və humanitar işlərimin çoxu Rodriqonun sayəsindədir. O, mənə fərqliliyin nə olduğunu anlamağa kömək etdi,  başqa bir kainatı kəşf etmək imkanı verdi.”
Sebastyanın digər oğlu Culianno sənədli filmlər rejissorudur və alman rejissoru Vim Venderslə birlikdə atası haqqında “Torpağın duzu” adlı film çəkib. Bu film “Oskar” mükafatına təqdim olunub və Kann festivalında münsiflər heyətinin mükafatını qazanıb.
2002-ci ildə əkdiyi fidanlar kök atandan sonra Salqado yenidən fotoqrafiyaya bağlanıb. İndi o, daha müharibələrin dəhşətlərini çəkmir, dünyanın ilkin təbiətini sənədləşdirir ki, onun həm gücünü, həm də kövrəkliyini göstərsin. O və həyat yoldaşı Leyla 600 hektardan çox ərazidə meşəni bərpa edərək, onu Braziliya xalqına bağışlayıb. Bu ərazi hazırda rəsmi təbiət qoruğu kimi fəaliyyət göstərir. Burada milyonlarla fidan yetişdirilir.


  Azərbaycan meşələri, o cümlədən bir vaxtlar bənzərsiz təbiəti ilə göz oxşayan Qusar meşələri ekoloji fəlakət dövrünü yaşayır. Görəsən, bizdə braziliyalı Sebastyan Salqado kimi təbiət sevdalı təəssübkeşlər haçan yetişəcək?

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023