ŞOKOLAD VANNASI

  • Sədaqət Kərimova
  • 28.02.2025

   Qətiyyətlə deyə bilərəm ki, Azərbaycandan başqa dünyanın heç bir yerində  şokolad vannası qəbul edə bilməzsən. Bu qəhvəyi rəngli isti, yağlı məlhəm can dərmanı kimi bədəninə  yayılanda oxxay deyəсəksən. Bütün ağrı-acıların yadından çıxacaq. 
Söhbətin Naftalan adlı möcüzədən getdiyini yəqin ki, başa düşdünüz. Onu da deyim ki, mənim Naftalan vannalarını “şokolad vannaları” adlandırmağım Naftalan şəhərindəki “Çinar” sanatoriyasının işçilərinə ləzzət verirdi. Mənsə düşünürdüm ki, biz qəribə adamlarıq. Öz torpaqlarımızda dünyada bənzəri olmayan dava-dərman ola-ola yad məmləkətlərdə dərdlərimizə çarə axtarırıq. 

   Deyirlər, qədimlərdə Qərbdən Şərqə gedən bir dəvə karvanı  Azərbaycandan keçirmiş. Günlərin bir günü karvandakı dəvələrdən biri xəstələnir, başdan-başa yara tökür. Qəhvəyi rəngə çalan yağlı gölməçələr olan bir ərazidən keçəndə dəvə yıxılır və taqətsizlikdən gölməçədən çıxa bilmir. Çarəsiz qalan sarban dəvəni burada qoyub yoluna davam edir. Aradan xeyli vaxt keçir. Dəvə karvanı geri qayıdır. Həmin ərazidən keçəndə sarban öz dəvəsi ilə rastlaşanda gözlərinə inanmır. Dərisindən yağ daman heyvanın yaralarından əsər-əlamət qalmamışdı. Karvandakı tacirlər dəvənin girib çıxdığı gölməçədəki yağdan əl-ayaqlarındakı yaralara çəkirlər. Onların tezliklə sağaldığını görəndə həmin yağdan qablara doldurub öz vətənlərinə daşıyırlar. Həmin əraziyə “Naftalan”, yəni “neft olan yer” adını verirlər.

   Bu, bir rəvayətdir. Amma hələ qədimdən təbii şəkildə çıxan «Naftalan» neftinin müalicəvi əhəmiyyətini bilən adamların onu tuluqlara doldurub dəvə karvanları ilə müxtəlif yerlərə apararaq satdıqları bir həqiqətdir. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi  özünün “Xəmsə”  poemasında Səfikürd kəndindən karvanlarla Naftalan neftinin daşınmasından söz açır. O, poemada qayğıkeş qadının ovda yaralanan ərinin yaralarını “dağ yağı” ilə müalicə etməsindən bəhs edir. XIII əsrdə Azərbaycanda olmuş məşhur səyyah Marko Polo da özünün “Böyük Tatarıstan haqqında’’ traktatında Naftalan neftini xatırlayır.

   Naftalan adının etimologiyası «süzülən» və ya “axıb gedən” mənasını verən “nafta” sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar.
1783-cü ilə kimi Naftalan yağı əl ilə qazılmış quyulardan çıxarılırdı. Naftalan neftinin sənaye üsulu ilə emalı tarixi XIX əsrə aiddir. 1868-ci ildə 8 nəfər almana Naftalan yatağının yerləşdiyi ərazidə 80 desyatin torpaq sahəsi ayrılır. Onlardan dağ mühəndisi Y.İ.Yeger hasil etdiyi neftin yanmadığını görüb əvvəlcə məyus olsa da, sonradan Naftalanın müalicəvi xüsusiyyətlərindən xəbər tutur və maz istehsalı üçün kiçik bir zavod qurur. O, istehsal etdiyi ‘’Naftalan’’ mazının nümunələrini dünyanın tanınmış alimlərinə göndərir və onun müalicəvi xüsusiyyətləri haqqında məlumatlar əldə edir. Bundan sonra onun zavodunda “Naftalan” və “Kojelon” adlı preparatlar hazırlanır və Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılır.

   1911-1912-ci illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar cəmiyyət – “Maqdenbuq-Naftalan” və “Drezden-Naftalan” fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı. Naftalan neftini reklam edən məşhur alman dermatoloqu P.P.Unna 1903-cü ildə demişdir: “Kimin Naftalanı varsa, onun hər şeyi var”. 

   1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir düşən yapon əsgərlərinin təcili yardım çantalarından içində Naftalan mazı olan bankalar tapılmışdır. Həmin mazı onlar bədənlərindəki yaralara çəkirdilər. İkinci Dünya müharibəsi dövründə isə Azərbaycanın müxtəlif təxliyə hospitallarında Ş.M.Həsənovun təklif etdiyi “Naftamastika’’ preparatı güllə yaraları, travmatik artritlər, yanıqlar, donmalar zamanı istifadə edilmişdir.

   Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma üsulu ilə çıxarılmasına başlanmışdır. 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün elmi-tədqiqat işləri aparılmışdır. 1935-ci ildə Naftalan kurortu yaradılmışdır. 1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır. 1965-ci ildən Naftalan kurortunda Elmi-Tədqiqat laboratoriyası fəaliyyət göstərir. Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Y.Q.Məmmədəliyevin, professorlar T.H.Paşayevin, S.Ə.Quliyevanın və tibb elmləri doktoru T.H.Hüseynovun böyük xidmətləri olmuşdur.

   Naftalan kurortunun əsas inkişafı 1970-1980-ci illərdə olmuşdur. 1982-ci ilin fevralın 19-da Azərbaycan K.P. MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının “Naftalan kurortunun daha da inkişaf etdirilməsi haqqında” birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan kurort şəhəri kimi daha da böyümüşdür.

    Sanatoriyalar şəhəri Naftalan Bakıdan 360 km qərbdə yerləşir. Yayı isti, qışı yumşaqdır. Əhalisi 9 min nəfərdir. 1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 1967-ci ilin aprelin 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli qərarı ilə Naftalana şəhər statusu verilmişdir.

   Onu da deyim ki, beşulduzlu “Çinar” sanatoriyasında ilk dəfə dincələn mən burada göstərilən yüksək səviyyəli xidmətdən, xüsusilə səliqə-sahmandan, o cümlədən peşəkar müalicələrdən, mətbəxindəki dadlı yeməklərdən, həmçinin üzügülər işçilərdən çox razı qaldım. Dünya şöhrətlı Karlovı Varı kurortundan heç də geri qalmadığını özüm üçün kəşf etdim. 

   Mənə “Çinar”da xoş təsir edən bir də o oldu ki, müalicəyə gələnləri burada “xəstə” və ya “pasiyent” yox, “qonaq” adlandırırlar.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023