Ömrün payızıdır, qışı var hələ...

  • 30.11.2023

Cümşüd Aydəmir oğlu Aydəmirov 1960-cı ildə Quba rayonunun Digah kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Oranı fərqlənmə diplomu ilə bitirib, uzun müddət müxtəlif dövlət və özəl banklarda şöbə rəisi, filial müdiri vəzifələrində çalışıb. Rayon və respublika mətbuatında, eləcə də “Samur” qəzetində şeirləri çap olunur. Azərbaycan və ləzgi dillərində yazdığı şeirlərdən ibarət bir kitabı çapdan çıxıb. İki kitabı çapa hazırlanır.

 

Ömrün payızıdır...

Dağlara qar yağdı, qəlblərə qubar,

Ömrün payızıdır, qışa var hələ.

Kimlərə qayğıdır, kimlərə nübar,

Amma yaşamağa həvəs var hələ!

 

Dağlara qar yağdı, boz qayalar da

Büründü gəlin tək ağ libasına.

Dağlara qar yağdı, o gur şəlalə

Döndü qaya boyu buz əbasına...

 

Dırnağı ucunda dağ təkəsinin,

Şahanə duruşu dağa yaraşıq.

Oğul istəyirəm şəklini çəksin,

Yalda ot qırpanda mamır qarışıq...

 

Ətrafa səs salıb axan dağ çayı

Şaxtadan səsini çəkib içinə.

Ov iti yanında Hacımət dayı

Şaxtanı, soyuğu almır vecinə.

 

Qarda ov axtaran Alabaş yenə,

Dovşanın iziylə atılıb-düşür.

Kol-koslar qar altda bax topa-topa,

Alabaş qəfildən dağdan sürüşür.

 

Dağlar qonaq sevər dağlılar kimi,

Niyyətin saf ola, qəlbin də açıq.

Bu yurda, torpağa bağlılar kimi,

Qoynunda yer verər, qapısı açıq.

 

Dağlara qar yağdı...üşüdüm elə,

Canımdan min ilin ayazı keçdi.

Dağlara qar yağdı...sevindim elə,

Qəlbimdən uşaqlıq sevdası keçdi.

 

Dağlara qar yağdı, qəlblərə qubar,

Ömrün payızıdır, qışı var hələ.

Kimisi yoxsuldur, kimisi kübar,

Taleyin hər kəsə payı var belə.

 

 

Şəhidlər

Bu torpağa qeyrət dəni səpdilər,

Namus üstə vuruşdular şəhidlər!

‘Vətən”deyib canlarından keçdilər,

Haqq yolunda savaşdılar şəhidlər!

 

Qiyamətə saxlamadı qisası,

Qırdı-qaçdı şər erməni dığası,

Qarabağı azad etdi, qısası

Qanlarıyla tarix yazdı şəhidlər!

 

Hər bir şəhid daş heykəldi, nər idi,

Biri ata, biri oğul, ər idi,

Döyüşlərdə aslan idi, şir idi,

Ürəklərə adın yazdı şəhidlər!

 

Şəhid qəbirləri özü vətəndi,

Vətən özü boyda bir abidədi,

Mayakdı,məhəkdi, ali zirvədi,

Sönməyən işıqdı,nurdu şəhidlər!

 

Dağlılar

Şəhərə üz tutub, arana enib,

Qoymayın dağları tənha, dağlılar!

Boş qalan evlərə kim yiyələnib?

Gəlməyin amandı aha, dağlılar!

 

Ağır döyüşlərdə tərk etmədiniz,

Vuruşduz mərdanə, cəsur dağlılar!

Hər cür çətinliyə sinə gərdiniz,

Olmadız heç zaman məzur, dağlılar!

 

Dağlar arxa durub dağ adamına,

Arxa çevirməyin onlara siz də.

Bədniyyət insanı kandarınıza

Buraxıb getməyin heç yana, siz də.

 

Getmə dağ adamı, boş qoyma  yurdu,

Sənə əmanətdir bu od, bu ocaq...

Bir vaxt baban burda bir yuva qurdu,

Dağlar açdı sənə mehriban qucaq...

 

Şəhərə üz tutub, arana enib,

Qoymayın dağları tənha, dağlılar!

Boş qalan evlərə kim yiyələnib,

Etməyin amandı günah, dağlılar!

 

Gəlişinlə

Dolana-dolana uzanan yollar,

Sənin gəlişinlə qısala bilər.

Həsrətdən saçıma qonan dümağ qar,

Bir anda əriyib yox ola bilər.

 

Unudub hər şeyi  ataq kənara,

Dünya təzələnsin şehli çiçək tək.

Birlikdə yox deyək qaranlıqlara,

Arılar bizimçün şirə çəkəcək.

 

Gözəllər bir az da gözəlləşəcək,

Təzəbəy geyəndə bəy libasını.

Cavanlar qol-qola “Yallı” gedəcək,

Qız-gəlin saçanda naz, ədasını.

 

Hər şey dəyişəcək lap əvvəlki tək,

Özgə bir aləmdən səda gələcək.

Bülbüllər bizimçün qəribsəmiş tək,

Şirin cəhcəhiylə nəğmə deyəcək.

 

Dolana-dolana uzanan yollar,

Sənin gəlişinlə qısala bilər.

Həsrətdən saçıma qonan dümağ qar,

Bir anda əriyib yox ola bilər.

 

Çıxıb getdi

Vuruldum sərvinə bir sərvinazın,

Qarışdı ömrümdə payızım, yazım.

İstədim adını qəlbimə yazım,

Düşdü aralığa söz, çıxıb getdi.

 

Bilmədim kim çəkdi işvəsin, nazın,

Qaldı ürəyimdə arzum, murazım,

İstədim gözünün sehrində azım,

Dəydi eşqimizə göz, çıxıb getdi.

 

Ürək ha ətdəndir, deyil ki, dəmir,

Gərəkdir nitqimi eyləyəm təmir.

Daha gecikmisən Cümşüd Aydəmir,

Yandırsın dilini köz, çıxıb getdi.

 

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023