"Фоккер" гьалайди яргунви кьегьал тир

  • Седакъет Керимова
  • 28.03.2023

Qusarın Yargun kəndinin üstündə dövrə vuran təyyarəni təkcə yargunlular yox, ətraf kəndlərin camaatı da gördü. Nəhəng dəmir quş o qədər alçaqdan uçurdu ki, onun qulaqbatırıcı uğultusu adamları evlərdən bayıra çıxmağa məcbur etdi. Hamı həyəcan içində idi. Təyyarə kəndin aşağı hissəsində, Samur çayının sahilində yeləşən “Əyyubun bağları” adlı sahənin kənarındakı taxıl zəmisində yerə endi. Hamı ora axışdı. Mühərrik sönəndə təyyarənin lyuku açıldı və oradan hərbi geyimli iki gənc çıxdı. Onlardan qarabuğdayı oğlan ləzgi dilində gülə-gülə dedi:

– Нисин хийирар, чан жуванбур! Квез зун чир хьаначни? (Gün aydın, əzizləim! Məni tanımadınız?)

Adamların üzü güldü. Yaşlı bir kişi sevinclə səsləndi:

– Я кlвал къени хьайибур, им Халиддин я хьи! Агъаметан хва Халиддин! (Ay evi tikilmişlər, bu ki, Xaliddindir! Ağamətin oğlu Xaliddin!)

1918-ci ildən Moskvada yaşayan, Aviasiya institutunu müvəffəqiyyətlə bitirdikdən sonra sınaqçı-təyyarəçi kimi uçuşlar edən Xaliddin Məmmədxanovun xoş sorağı bu tərəflərə çoxdan yayılmışdı. Lakin heç kəsin ağlına gəlməzdi ki, o, təyyarəsini doğma kəndinə sürə bilər. Nəinki uşaqların, elə böyüklərin də marağının həddi-hüdudu yox idi. Onların suallarına səbrlə cavab verən Xaliddin və Sergey böyük izdihamla birgə kənd küçəsində görünəndə anası, bacı və qardaşları ona sarı qaçdılar.

Bir azdan onların evində süfrə açıldı. Yuxarı başda Xaliddinlə Sergey oturdu. Ara səngiyəndə ana oğluna giley-güzar etdi:

– Sənin tay-tuşlarının uşaqları böyüyüb məktəbə gedir, sən isə hələ də subaysan. Bu dəfə də tərpənməsən, deyiklini başqasına verəcəklər.

Xaliddin qoltuq cibindən qızıl üzük çıxarıb ona verdi və gülə-gülə dedi:

– Elə şey yoxdur, deyiklimi özüm alacağam, bu da nişan üzüyü. İkicə ay da dözün, işlərimi sahmanlayıb gəlib toy edib gəlini də özümlə Moskvaya aparacağam.

Bir neçə saatdan Xaliddinlə Sergeyin idarə etdikləri təyyarə göyə qalxdı. Onu bütün kənd yola saldı.

Həmin hadisədən bir ay keçmiş təyyarə kəndin üstündə yenidən göründü. Ancaq bu dəfə o, yerə enmədi, paraşütlə bağlamalar atıb uzaqlaşdı. Xaliddin doğmalarına pal-paltar, ərzaq, həmkəndlilərinə konfet göndərmişdi.

1924-cü ilin oktyabrın 4-də ümumittifaq radiosu acı xəbər yaydı: “Sovet təyyarəçiləri Xaliddin Məmmədxanov və Sergey Polyakov alman təyyarəsi “Fokker-3”-ü sınaqdan keçirərkən Mıtişino rayonunda təyyarə qəzaya uğramış və hər iki pilot həlak olmuşdur.”

Bu xəbər ildırım surəti ilə ölkəyə yayıldı. “Pravda” qəzeti faciə ilə bağlı böyük bir məqalə ilə çıxış etdi. Təyyarəçilərin təntənəli şəkildə Qızıl Meydanda, Kreml divarının önündə basdırıldığını xəbər verən məqalə sovet aviasiya məktəbinin yetirmələri olan bu iki gəncin igidliyindən geniş söhbət açırdı. Həmin qəzet Yargun kəndində ev-ev gəzdi.

Bir neçə gün sonra Məmmədxanovların qapısını üç nəfər hərbçi döyürdü. Onlar evdəkilərə başsağlığı verib Xaliddinin anasına həlak olmuş oğluna görə pensiya təyin olunduğunu bildirdilər. Ana eşitdiyi xəbərdən elə sarsıldı ki, göz yaşını saxlaya bilmədi. O, hərbçilərə dedi:

– Mənə oğlumun qanı hesabına verilən pensiya lazım deyil.

Hərbçilər onu başa salmağa çalışdılar ki, bu, dövlət qayğısıdır. Böyük məbləğ anaya ehtiyaclarını ödəməkdə kömək edəcək. Ana isə qəti cavab verdi:

– Mən heç vaxt o pulu xərcləyə bilmərəm.

Belə olduqda anadan pensiyadan imtina kağızı yazmağı xahiş etdilər. O, yazdı.

٭٭٭

Yargun kəndinin adlı-sanlı ziyalısı Ağamət on övladını da oxutmuşdu. Xaliddin, Gülmət, Seydi, Şahbikə, Bikəxanım, Şərafəddin, Məryəm, Siracəddin, Mühiddin və Sayad Quba qəzasının ən yaxşı dünyəvi məktəblərindən biri sayılan Yargun məktəbini bitirmişdilər. Oğlanların hamısı ali təhsil almışdı. Gülmət Quba qəzasında milis rəisi idi. Hələ gənc yaşlarında öz vəzifə borcunu yerinə yetirərkən həlak olmuşdu. Seydi Quba qəzasının prokuroru idi. Böyük Vətən müharibəsi başlananda o, könüllü olaraq cəbhəyə getmiş və döyüşdə həlak olmuşdu. Şərafəddin, Siracəddin və Mühiddin də məsul vəzifələrdə çalışmışdılar. Üçü də Böyük Vətən müharibəsində iştirak etmiş və sağ-salamat Vətənə dönmüşdü.

Xaliddin Məmmədxanovun bacısı Şahbikənin müəllim qızları Səhifə və Qəbilə onunla bağlı bizə maraqlı faktlar dedilər.

Xaliddinin bacısı Bikəxanımın oğlu Tofik Qədimov isə deyilənlərə bunları əlavə etdi:

– Dayım Xaliddinin qəhrəmanlıqları haqqında böyüklərdən çox eşitmişəm. Anam onun şəkillərini əzizləyib saxlayırdı. Tez-tez bizə onun barəsində danışardı. Xalam Şahbikənin oğlu Şamil və yeznəsi Əhməd bir neçə dəfə Moskvada olub, Xaliddinin məzarını ziyarət ediblər. 1967-ci ildə mən də orada oldum. Mıtişinoda Xaliddinin təyyarəsinin qəzaya uğradığı yerə lövhə vurulub. Orada bu sözlər yazılıb: “1924-cü il oktyabrın 4-də “Fokker-3” təyyarəsi sınaq zamanı burada qəzaya uğrayıb. Sovet təyyarəçiləri Xaliddin Məmmədxanov və Sergey Polyakov qəhrəmancasına həlak olublar”. Onların məzarı Kreml divarının önündə, Stalin, Molotov və Koqanoviçdən sonra dördüncüdür. Mən burada və həmçinin SSRİ Tarix Muzeyində olmuş, həmin hadisə ilə bağlı edilmiş qeydlərlə tanış olmuşam.

XX əsrin əvvəllərində sovet təyyarəçilərinin azsaylı ailəsinin üzvlərindən biri olmuş, igidliyi ilə seçilmiş Xaliddin Məmmədxanov haqqında axtarışlarımız davam edir.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023