Quba gözəlinin unudulmaz muğamı

  • Sədaqət Kərimova
  • 24.04.2024

   1970-ci ilin may ayının sonları idi. Bakı Filarmoniyasında Azərbaycan xalq musiqisindən ibarət konsert keçirilirdi. Həmin gün ilk dəfə belə tədbirdə iştirak edən universitetin birinci kurs tələbəsi kimi yaddaşıma həkk olundu. Bir neçə tanınmış xanəndənin ifalarından sonra səhnəyə Azərbaycan Respublikasının Əməkdar artisti Fatma Mehrəliyeva dəvət olundu. Digər müğənnilər kimi o da iki mahnı ifa etdi. Fatmanın oxuduğu “Olmaz, olmaz” və “Qaragilə” mahnılarını tamaşaçılar sürəkli alqışlarla qarşıladılar. O, səhnədən getmək istəyəndə zaldan səslər eşidildi: “Kəsmə şikəstə”. Biri isə əlavə etdi: “Fatma şikəstəsi!” Alqışlar zalı titrətdi. Bunu görəndə çalğıçılar məşhur muğamın calğısına keçdilər.

   İlk dəfə idi ki, Fatma xanımı bu qədər yaxından görür, səsini dinləyirdim. Müğənnini belə yaxından dinləmək, sənətkarlığının şahidi olmaq radiodan səsini eşitməkdən, mavi ekranda onu görməkdən fərqlidir. Tar, kamança və qavalın müşayiəti ilə oxuyan onun həzin, məlahətli, ruhu oxşayan səsi pərdə-pərdə yayılaraq ürəkləri titrədirdi. Tamaşaçılar nəfəs dərmədən, heyranlıqla ona qulaq asırdılar. Muğam bitəndə qopan alqış sədaları hələ də qulaqlarımdadır. Bu, o illər idi ki, səhnəyə yalnız istedad sahibləri çıxa bilərdi. Hələ dinləyicilərin zövqü korlanmamışdı.

   Fatma Mehrəliyevanın səsinə vurulduğum üçün radio dalğalarında, televiziya ekranında onun ifasını intizarla gözləyirdim. Lakin xanəndə nadir hallarda görünürdü. Onun çətinliklər və məhrumiyyətlərlə dolu həyatı və yaradıcılığı barədə bizə bəzi məlumatlar sızırdı.

   Qubalı dostlarım, qələm yoldaşlarım mənə onun tərcümeyi-halını bütün təfərrüfatı ilə danışmışdılar. 1926-ci ildə Quba rayonunun Qəçreş kəndində dünyaya göz açan, sonradan ailəsi ilə Quba şəhərinə köçən bu qızı taleyi ilk gündən sınağa çəkir. Kiçik yaşlarında anası vəfat edir, Fatma atasının himayəsində böyüyür. Yaşadıqları Qələbə küçəsində bu qızı hamı çox istəyirdi. Onun qeyri-adi gözəlliyinə, iri qara gözlərindəki kədərə, yanıqlı səslə oxuduğu mahnılara etinasız qalmaq mümkün deyildi.

   İstedadlar sorağı ilə 1938-ci ildə Qubaya ezamiyyətə göndərilən məşhur müğənni, respublikanın xalq artisti Bülbül Məmmədova Fatmanın yerini qonşuları nişan verirlər.

– O qızın elə gözəl səsi var, adamın ürəyini yerindən oynadır, – deyirlər.

   Əynində nimdaş paltar olan 12 yaşlı gözəl qızın şirin ləzgi ləhçəsi qarışmış qeyriadi səsi Bülbülü heyran edir. O, Bakıya qayıdan kimi Üzeyir Hacıbəyova Fatma haqqında məlumat verib onun gələcəkdə məşhur xanəndə olacağına zərrə qədər də şübhə etmədiyini bildirir. Qızın anasız, ata himayəsində böyüdüyünü eşidən Üzeyir Hacıbəyov ertəsi günü Bülbülü yenidən Qubaya yola salır:

– Atasını dilə tut, de ki, Fatmaya musiqi təhsili vermək istəyirəm. Onu öz övladım kimi yanımda böyüdəcəyəm.

   İki məşhur sənətkarın sözünü yerə sala bilməyən Yusif Mehrəliyev qızının Bakıya getməsinə xeyir-dua verir. Ü.Hacıbəyov vədinə əməl edərək həyat yoldaşı Məleykə xanımla birlikdə Fatmanı himayəsinə götürür, onun musiqi təhsili almasından ötrü əlindən gələni edir, müğənni kimi yetişməsinə kömək göstərir.

   1940-cı ildə Fatma Mehrəliyeva Üzeyir bəyin tövsiyyəsi ilə “Sazçı qızlar” ansamblının solisti olur, sonralar filarmoniyada əmək fəaliyyətinə başlayır. Radio dalğalarında, mavi ekranda onun ifasında səslənən xalq mahnıları və bəstəkar əsərləri dildən-dilə düşür. Azərbaycanın müxtəlif bölgələrində qastrol səfərlərində olur.

   1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhə bölgələrində hərbçilər qarşısında çıxışlar edən Fatma Mehrəliyevanın ifa etdiyi vətənpərvərlik mahnıları onu daha da şöhrətləndirir. Üzeyir Hacıbəyovun Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı da Fatma xanım olur.

   Xalq mahnılarının, muğam və təsniflərin, o cümlədən bəstəkar mahnılarının gözəl ifaçısı kimi tanınan F.Mehrəliyeva lirik sopranosu ilə ürəkləri fəth edir. Lakin ona əsl şöhrəti gətirən Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası əsasında çəkilmiş filmin birinci variantında Telli rolunu ifa etməsi olur. Rəşid Behbudov, Münəvvər Kələntərli, Leyla Bədirbəyli kimi məşhur sənətkarlarla birgə filmə çəkilən bu gənc xanəndə sonralar “Getmə dayan”, “Ceyranım”, “Qubanın ağ alması”, “Olmaz-olmaz”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə”, “Muğan qızı”, “Laylay”, “Unuda bilmirəm” kimi xalq və bəstəkar mahnılarını, “Qatar” və “Segah zabul” muğamlarını da böyük məharətlə ifa edir. Radionun qızıl fondunda xanəndənin ifasında 40-a yaxın mahnı qorunub saxlanır. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilən “Arşın mal alan” bədii filminin yaradıcı heyəti 1946-ci ildə Stalin mükafatına layiq görülur.

   Əslən Salyandan olan Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi, mahir tarzən Ələddin Seyidov 1945-ci ildə Qubada konsertdə çıxış edən Fatmanı görən kimi, ona aşiq olur. Qızın gözəlliyinə və məlahətli səsinə heyran olan gənc ona etiraf edir ki, Qubaya nişanlısına baş çəkməyə gəlib, lakin qızı sevmir.

   Ucaboy, yaraşıqlı gənc qızın ürəyini ram edir. Lakin onların bu izdivacına Ələddinin ailəsi razılıq vermir. Valideynləri, bacı və qardaşları oğlana mane olmağa çalışırlar. Lakin Ələddin dediyindən dönmür, onlar toy edib İçərişəhərdə mənzil kirayə edib ora köçürlər. Dalbadal doğulan iki oğlan uşağı da Ələddinin valideynlərini yumşaltmır.

   Üzləşdiyi çətinliklər və keçirdiyi sonsuz həyəcanlar, Ələddinin ailəsinin onu qəbul etməməsi Fatmanı mənən sarsıtsa da, həyat yoldaşının vəfası, ev alıb onları kirayədə qalmaq əziyyətindən qurtarması ona qolqanad verir.

   1948-ci ildə Üzeyir Hacıbəyovun vəfat etməsi ilə Fatma Mehrəliyevanın sənət taleyində çətinliklər dövrü başlanır. Onu qastrol səfərlərindən, konsert proqramlarından uzaqlaşdırmaq cəhdləri müğənnini sarsıdır. Bütün bunlar az imiş kimi, Tibb İnstitutunun sonuncu kursunda oxuyan 27 yaşlı Ələddin qəfil xəstəlikdən dünyasını dəyişir. Fatma 24 yaşında iki körpə ilə dul qalır, daha ailə qurmur.

   Məhəbbətinin nişanəsi kimi iki oğul böyüdən Fatma bir-birini sevən iki gəncin səadətini qəbul etməyən Ələddinin ailəsinin haqsızlığını ömrünün sonuna kimi bağışlaya bilmir.

   1956-ci ildə Fatma Mehrəliyevaya Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adının verilməsi bütün sənətsevərləri sevindirir. Layiq olduğu xalq artisti adını almaq isə ona nəsib olmur. Bir dəfə də olsun xarici ölkələrə qastrol səfərlərinə göndərilməməsi, adının dəfələrlə siyahıya salınıb sonradan çıxarılması, əvəzinə başqalarının göndərilməsi onu mənən sıxır.

   Keçirdiyi həyəcanlar izsiz ötmür. Müğənninin səhhətində ciddi problemlər yaranır. Sənət yoldaşlarından, dövründən incik düşüb özünə qapanan Fatma Mehrəliyeva 1978-ci ildə 74 yaşında dünyasını dəyişir. Lakin onun büllur kimi təmiz, dağ şəlaləsi kimi coşqun səsi həmişəlik yaşayacaq. Oxuduğu mahnılar musiqisevərlərin xatirəsindən heç zaman silinməyəcək. “Fatma şikəstəsi” isə bizə zəngulələri ilə ürəklər fəth etmiş Quba gözəlini daim xatırladacaq.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023