Bəzən bir qələbə xəbərini oxuyursan, sevincini bölüşürsən, sonra unudursan. Amma elə qələbələr və qaliblər də var ki, onlar səndə qürur hissi oyadır, həmin zəfərin arxasında duran gərgin məşqlər, məsuliyyət hissi və alın təri səni heyrətə salır. Məşhur Rəcəblilər nəslinin görkəmli nümayəndəsi Fərhad Rəcəblinin 11-ci dəfə Avropa çempionu olması məhz bu qəbildəndir.
Latviyanın Riqa şəhərində keçirilən veteranlar arasında Avropa çempionatında 90 kq çəki dərəcəsində, M-8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələn, finalda isə ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edən bu 65 yaşlı idmançının qələbəsi sadəcə bir medal deyil – bu, böyük iradənin, idmana və həyata sevginin canlı nümunəsidir.
12 yaşından bəri cüdo ilə məşğul olan Fərhad üçün bu idman növü çoxdan sadə məşğələ deyil, bir həyat fəlsəfəsidir. Bu fəlsəfə ona yalnız tatamilərdə deyil, həyatın mürəkkəb və bəzən sərt yollarında da düzgün istiqamət verib. Elə buna görə də, onun qazandığı hər qələbə artıq təkcə onun deyil – ailəsinin, dostlarının, doğmalarının, bütöv Azərbaycanın sevinci və qürurudur.
Fərhad Rəcəbli bu gün azarkeşlərinin, tələbələrinin gözündə artıq bir rəmzə çevrilib – həyatını dürüstlük, zəhmət və sevgiylə yoğuran insan rəmzinə. Onun medalları sadəcə parıldayan metallar deyil, onlar bu əzmkar və fədakar insanın illərlə yazılan həyat hekayəsinin nişanələridir.
Bəli, bu bir həqiqətdir: qələbə yalnız sevdiyin işi vicdanla və ürəklə gördükdə gəlir. Əgər bu sevgi Vətənə yönəlibsə – o zaman bu, təkcə idman yox, tarixə çevrilən bir missiyadır.
Var olun, Fərhad Rəcəbli! Sizinlə yalnız Qusar, Sumqayıt, Bakı deyil, bütün Azərbaycan fəxr edir. Yeni qələbələrlə bizi yenə sevindirəcəyinizə əminik!