Zindanmuruğ

  • Sədaqət Kərimova
  • 27.02.2024

Şahdağın ətəklərində, Şahnabat çayının sahilindəki Əniğ dərəsi kəndlərinin bir-birindən gözəl mənzərələri göz oxşayır. Həmin ərazidə aşkar olunan arxeoloji materiallar, qədim yaşayış məskənlərinin qalıqları buradakı kəndlərin qədim dövrlərdən mövcud olduğunu, buzlaşmaya məruz qalana qədər də həmin ərazilərdə insanların sıx məskunlaşdığını deməyə əsas verir.

Uca təpələrin yaşıl qoynunda yerləşən, qiymətli üzük qaşına bənzəyən Zindanmuruğ kəndinın füsunkar təbiəti öz gözəllikləri ilə hər kəsi heyran edir. Yamyaşıl dərələr, yüz nemət bitirən zümrüd meşələr, bölgədə tayi-bərabəri olmayan başınağacı meşəsi buranın yaraşığıdır.

Qusar rayonunda “Muruğ” komponentindən yaranmış 2 kənd var: Böyük Muruğ və Zindanmuruğ. Tarixi məxəzlər bu kəndlərin orta əsrlərdən mövcud olduğunu göstərir. VIII əsr hadisələrindən bəhs edən “Abu Müslümün tarixi” kitabında deyilir ki, Abu Müslümün nəslindən olan Camal Muruğda qalıb, orada yurd salıb (Böyük Muruğ kəndi nəzərdə tutulur). 1710-1712-illərin xronoqrafında göstərildiyi kimi, Şirvanşah II İbrahim Quraha və Küreyə hücum edəndə bu iki kəndin əhalisi kürelilərə kömək edir. Bu isə adı çəkilən kəndlərin əhalisinin qohumluq əlaqələri olduğunu deməyə əsas verir.

1823-cü ildə А.Maksimoviçin çəkdiyi, Moskvada çapdan çıxmış Qafqaz əraziləri xəritəsində Zindanmuruğ kəndinin adı “Murux” kimi göstərilib. 1911-ci ildə nəşr olunmuş “Bakı quberniyası haqqında məlumatlar toplusu”nda isə Quba qəzasının Qusar nahiyəsinə daxil olan kəndlər arasında Böyük Muruğ və Kiçik Muruğun (Zindanmuruğun) da adları göstərilir.

Bəzi dilçi alimlərin fikrincə, kəndin əsl adı СинтIанмуругъ olub. Azərbaycan dilinə çevriləndə “ЦIийихуьр» adı “Zeyxur”, “КIур” adı “Ukur” yazıldığı kimi, “СинтIанмуругъ” da “Zindanmuruğ” kimi yazılıb. “СинтI” ləzgicə “təpə”, “Muruğ” sözünün kökü olan “mur” isə ləzgicə “soyuq” deməkdir.

Görkəmli alim Racidin Heydərov özünün “Ləzgi onomastikasına giriş” kitabında göstərir ki, “угъ” (“uğ”) ləzgi dilində kənd adlarını əmələ gətirən formantlardan biridir. СинтIанмуругъ “təpədə yerləşən soyuq yer” mənasını verir.

Zindanmuruğlu şairlər Ləzgi Bəhlulun və Həsən Xasıyevin sevə-sevə vəsf etdikləri bu kənddə ləzgi folklorunun neçə-neçə gözəl nümunələri yaşayır. Yeddi qardaş piri haqqında rəvayət də onlardan biridir. Həmin rəvayətdə deyilir ki, qədim Maruk kəndindəki qalada yeddi qardaş və bir bacı ömür sürürmüş. Onların taxıl zəmilərinin ucu-bucağı, qoyun sürülərinin və at ilxılarının sayı-hesabı yox imiş. Uzun müddət düşmənə müqavimət göstərmək üçün qalaya gizli yol açmış, saxsı borularla su çəkmişdilər. Qardaşlar uşaqlıqdan yetim qalmış bacını sevə-sevə böyüdüblərmiş.

Bir dəfə qalaya hücum çəkən yadellilər qardaşları ram etmək üçün hiyləyə əl atırlar. Gənc döyüşçülərdən birini bulaq başında onların bacısı ilə qarşılaşdırırlar. Bir neçə belə görüşdən sonra qız oğlana vurulur.

Günlərin bir günü onun düşmən əsgəri olduğunu biləndə qız sarsılır, qardaşlarının bu izdıvaca razı olmayacaqlarını deyir. Cənc qızı qaçirmağa söz verir, bir şərtlə ki, o, gecə qardaşlarının xəncərlərinin qınlarına ərimiş qır töksün. Qardaşlarının sevgilisini öldürəcəyindən qorxan qız onun dediyi kimi edir. Özünü görüş yerinə çatdıranda oğlan “Qardaşlarının qədrini bilməyən yad oğlunun qədrini heç bilməz” deyib xəncəri onun ürəyinə sancır.

Bacılarını evdə tapmayıb atlanan qardaşlar düşmənin mühasirəsinə düşürlər. Xəncərlərini qınlarından çıxara bilməyəndə onlar yalın əllə vuruşmalı olurlar. Kənddən kömək gələndə artıq igidlər qanlarına qəltan olmuşdular. Gördükləri mənzərədən sarsılan insanlar qardaşları həmin yerdə dəfn edir, oranı ziyarətgaha çevirirlər. Bacını isə yol ağzında basdırırlar ki, el onu tapdalayıb keçsin.

Bu qəmli əhvalat Zindanmuruğda doğma yurd sevgisinin daim uca tutulduğunu, xəyanətin isə heç kəsə bağışlanmadığını aydın göstərir.

Buradakı Şeyx Yusuf piri bölgənin məşhur ziyarətgahlarından biri olub. Abasqulu ağa Bakıxanov “Gülüstani İrəm” əsərində Şeyx Yusufun Mədinə şəhərindən Qarabağa, oradan da Quba əyalətinin Müşkür kəndinə köçdüyünü, Səid Yəhya Bakuvidən dərs aldığını, Xaçmazın Şıxlar kəndində dəfn olunduğunu yazır. Bu kəndin qocaman sakinləri isə Şeyx Yusufun Ləzə kəndində dünyasını dəyişdiyini, Zindanmuruqda dəfn olunduğunu iddia edirlər.

Kəndi dörd tərəfdən qəbiristanlıqlar əhatə edir. Daş qutu qəbirlərinə burada çox təsadüf olunur. Qədim qala divarlarının qalıqları, təsərrüfat işləri görülərkən üzə çıxan gil və mis məmulatlar, saxsı boruların qırıqları buranın qədim yurd yeri və böyük yaşayış məskəni olduğunu sübut edir.

Bu kənd Əniğ dairəsinin tərkibindəki beş kəndin – Zindanmuruğ, Cağar, Kuzun, Çətkün və Ləzənin mərkəzi olub.

Buranın Aladaş düzündə XX əsrin əvvəllərində Azərbaycanın azadlıq mübarızəsi tarıxınin şanlı səhifələri yazılıb. Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Demokratik Cumhuriyyəti 7 ay kuzunlu Möhübəli əfəndinin və cağarlı Hatəm ağanın hesabına yaşayıb. Həmin igidlərin silahlı dəstələri burada bolşeviklərin qarşısını kəsərək, onları Azərbaycana buraxmayıb. 1918-ci ilin may ayında isə onlar qubalı Əli bəy Zizikskinin silahlıları ilə birlikdə Quba rayonunun Digah kəndindəki “Qanlı dərə”- də Amazaspın rəhbərlik etdiyi erməni qoşununu darmadağın edib. Döyüşənlər arasında zindanmuruğlu süvarilər çox idi.

Kənd üç hissədən ibarətdir. Qədim kənd ləzgicə “kьилел магьле”, “yuxarı məhəllə” adlanır. Əksər ləzgi kəndlərində olduğu kimi, burada da əkin sahələri kənarda olsa da, evlər bir-birinə yaxın inşa olunub. Dam-dama, divar-divara söykənib. Əhalinin sayı artdıqca adamlar çayın o üzündəki “dugun”, yəni “yoxuş” adlı yerdə məskən salıblar. Ötən əsrin 60-cı illərindən “kalal mahle”, yəni “düzən məhəllə” deyilən yerdə evlər ucaltmağa başlayıblar.

Kənd məscidinin 3 əsrlik tarixi var. Onun qədim binasının yerində 1829-cu ildə yenisi inşa olunub. Məscidin nəzdində mədrəsə də fəaliyyət göstərib. Molla Bəşir və Molla Harun kimi tanınmış din xadimləri orada dərs deyiblər. Buranın zəngin kitabxanasındakı ərəb və fars dillərində yazılmış qiymətli kitablar Sovet hakimiyyətinin ilk illərində bolşeviklər tərəfindən yandırılıb, bina isə taxıl anbarına çevrilib.

Məscidin baxımsızlıqdan yararsız hala düşdüyünü görən zindanmuruğlu iş adamı Sabir Fərzəliyev 10 il əvvəl onun yerində öz vəsaiti ilə yeni bina ucaldıb. İnşaat işləri zamanı onun memarlıq üslubunun qorunmasına nəzarət edib.

Kənd camaatının əsas məşğuliyyəti heyvandarlıq və tərəvəzçilikdir. Burada sovet dövründə fəaliyyət göstərmiş Fridrix Engels adına sovxoz rayonun qabaqcıl təsərrüfatlarından biri olub. 1990-cı ildə sovxoz ləğv olunandan sonra kəndin çətin dövrü başlanıb. İşsizlik ucbatından doğma yurdu tərk edənlər də olub. Lakin son illər burada yeni evlər də ucaldılır. Hazırda kənddə 125 evdə 1000 nəfərə yaxın əhali yaşayır.

Эхиримжи хабарар

"Hal" ekran həyatına hazırlaşır

  • Samur
  • 24.07.2024

  Ötən əsrin 90-cı illərində çapdan çıxmış, Azərbaycan oxucularının böyük marağına ...

Кьиле фида

  • Самур
  • 24.07.2024

КЬИЛЕ ФИДА   Алай йисан 28-июндиз Азербайжан Республикадин Президент Илгьам Алиева Милли Межлис ахъаюн ва нубатдилай къецяй тир сечкияр кьиле тухун патал серенжемдиз къул чIугунай. Серенжемдив кьадайвал, сечкияр цIинин йисан 1-сентябрдиз кьиле фида. Гзаф партийри чпин векилрин кандидатур...

На грани фантастики

  • Самур
  • 24.07.2024

  В Лондонской галерее искусств открылась необычная выставка. Ее посетители могут не просто любоваться на шедевр...