Bu yaxınlarda 85 yaşı tamam olmuş mədəniyyət xadimi Fərbiyə Şabanova bütün varlığını və taleyini talış xalqının mədəniyyətinin qorunmasına həsr edən, təmənna ummadan, əvəz gözləmədən öz ideyalarına sadiq qalan ziyalıdır. Həyatı əsl fədakarlıq nümunəsi olan bu qadın uzun illərdir talış bölgəsinin mədəni ruhunu yaşadan, ona nəfəs verən bir rəmzə çevrilib.
85 il. Bu, yalnız bir insanın yaşı deyil, bir xalqın mədəni yaddaşıdır. Fərbiyə Şabanova 60 il ərzində talış xalqının ruhuna, sözünə, musiqisinə, rəqsinə xidmət edib. Onun həyatı bir sənətkarın tale yolu olmaqla yanaşı, həm də xalqını sevən bir ziyalının, bir mədəniyyət fədaisinin yoludur.
Azərbaycan İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qazandığı savadı və zəngin ruhunu səxavətlə doğma rayonu Astaraya, qədim Kakalos kəndinə gətirib, bölgənin mədəni həyatına can verib.
Onun yaratdığı “Əvəsor” xalq kollektivi, “Nəcib qızlar klubu”, Şəhriyar adına xalq teatrı, Tarix-diyarşünaslıq muzeyi – bunların hər biri yurduna, elinə vurğun bir ziyalının ruhunun, zəhmətinin, uzaqgörənliyinin nəticəsidir. Ömrünün bu ixtiyar çağında da Fərbiyə xanım Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında ictimai əsaslarla çalışmaqla özünəməxsus müdrikliklə sübut edir ki, əsl mədəniyyət işçisi üçün yaş yox, amal var.
Fərbiyə Şabanova talış xalqının mahnı və rəqslərini yalnız qorumayıb, onları yaşadıb, tanıdıb, sevdirib. Onun səyləri nəticəsində bu mədəni irs nəsillərdən nəsillərə ötürülür. Fərbiyə Şabanova kimi insanların varlığı xalqın mənəvi varlığının göstəricisidir. O, təkcə Astaranın, talış xalqının yox, bütün Azərbaycanın fəxridir. O, bir məktəbdir, ondan öyrənməli o qədər dərslər var ki...
Fərbiyə xanımı 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, sonsuz ruh yüksəkliyi, yaradıcılıq əzmi və ən başlıcası, ardıcıllarının onun yolunu davam etdirməsini arzulayırıq.