Deyilənə görə, Quba qəza mərkəzi olduğu illərdə, XIX əsrin 2-ci yarısında burada ilk yeni tipli məktəb açılıb. Bu məktəb necə fəaliyyət göstərib? Ümumiyyətlə, o dövrdə qəzada təhsilin vəziyyəti necə idi?
1840-cı ildə rus çarının Qafqazın idarə olunması ilə əlaqədər apardığı islahatlar nəticəsində yaranan Quba qəzasında yeni tipli məktəbə böyük ehtiyac var idi. O vaxt Dərbənddə və Şamaxıda belə məktəblər çoxdan fəaliyyət göstərirdi.
Arxiv materiallarından məlum olduğu kimi, 1842-ci ildə Quba qəzasının kəndlərində bir müəllimin idarə etdiyi 20, şəhərdə isə 8 məktəb var idi. Cəmi 28 müəllimin çalışdığı bu məktəblərdə 380 uşaq oxuyurdu. Həmin dövrdə Şirvan qəzasında belə 200, Dərbənd qəzasında 94 məktəb fəaliyyət göstərirdi. Bundan əlavə Şamaxıda və Dərbənddə yeni tipli iki məktəb də açılmışdı.
1810-1840-cı illərdə yerli əhali, xüsusən də ləzgilər çar müstəmləkəçilərinə qarşı mübarizə apardığına görə, imperator qisas alaraq burada təhsilin inkişaf etdirilməsinə əhəmiyyət vermirdi.
1851-ci ilin əvvəllərində Qubanın azərbaycanlı və ləzgi ziyalıları Qafqaz Təhsil İdarəsinin rəisi Mixail Pavloviçə şəxsi möhürləri vurulmuş məktub ünvanlayır. Həmin məktubda yazılmışdı: “Sizdən gənclərimizin gələcəyini nəzərə alaraq Quba qəzasında yeni tipli məktəb açmağınızı xahiş edirik”.
1851-ci ilin fevralın 15-də Mixail Pavloviç qubalılara göndərdiyi cavab məktubunda onların müraciətinin əsassız olduğunu bildirmiş və yazmışdı: “Qafqaz Təhsil İdarəsinin ştatında və planında Qubada məktəb açılması nəzərdə tutulmayıb və yaxın vaxtlarda da belə məktəb açılmayacaq”.
Rədd cavabına baxmayraq, qubalılar öz niyyətlərindən əl çəkmir, dəfələrlə müvafiq çar orqanlarına müraciət edirlər. Nəhayət, həmin orqanlar Qubada məktəb açılmasına razılıq verir.
1853-cü ildə burada Dərbənd qəzası məktəbinin tabeliyində olan yeni tipli məktəb fəaliyyətə başlayır.