Xalqımızın milli dirçəlişinə, onun azadlıq və müstəqillik uğrunda mübarizəsinə böyük töhfələr verən, zəngin ənənələrə malik olan Azərbaycan milli mətbuatının bünövrəsi 1875-ci ilin iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə qoyulub. Qəzetin naşiri və redaktoru görkəmli təbiətşünas alim Həsən bəy Zərdabi idi. O dövrün məşhur maarifçilərindən Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqaları qəzetin ərsəyə gəlməsinə yaxından kömək göstərmişdilər.
Maarifçi və demokratik ideyaları təbliğ edən, ictimai, siyasi və bədii fikrin inkişafına təsir göstərən “Əkinçi”nin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. H.B.Zərdabi özünün “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində bildirmişdi ki, “Əkinçi” Rusiyanın bütün müsəlmanlarının qəzetidir. Tədqiqatçı alim Ziyəddin Göyüşovun qeyd etdiyi kimi, qəzet Dağıstanda, Ufada, Orenburqda, Omskda, Tümendə, Saratovda, Krımda, Volqaboyunda oxunurdu. Digər tədqiqatçıların yazdıqlarına əsaslanaraq bu siyahıya Tatarstanı, Gürcüstanı və Özbəkistanı da əlavə etmək olar.
“Əkinçi” ən çox Dağıstanda yayılırdı. Həsən bəy Zərdabi qəzetin bir ili tamam olanda yazmışdı: “Müştərimizin çoxu Quba, Dərbənd və Dağıstanın qeyri vilayətlərindəndir. Bizim şəhərlərdə ol qədər yoxdur” (“Əkinçi” №-3, 11 iyul 1876-cı il). Dağıstanlılar həm qəzetə abunə yazılır, həm də maddi yardım göstərirdilər. Bunu qəzetin 1876-cı ilin oktyabrın 8-də Mehdi xan Usmiyev Qaytağinin və 1877-ci ilin iyunun 23-də Məhbus Dərbəndinin imzası ilə dərc edilmiş məqalələrdən görmək olar.
Tədqiqatçı Ziyəddin Göyüşov dağıstanlıların qəzeti necə qarşıladığını belə qələmə alıb: “Əkinçi” qəzetinin nəşri ərəfəsində H.B.Zərdabinin ötən əsrin 70-ci illərinin Dağıstan maarifçiləri ilə geniş əlaqəsi var idi. Arxiv sənədlərindən məlum olduğu kimi, “Əkinçi” qəzeti çıxandan dərhal sonra Dağıstanın qabaqcıl adamları onu “özlərinin qəzeti” adlandırmışlar» (Z.B.Göyüşov. “H.B.Zərdabinin dünyagörüşü” (rus dilində). Bakı, 1962. Səh.60). Z.Göyüşovla yanaşı, respublikamızın digər tanınmış tədqiqatçı alimi Vəli Məmmədov da özünün 1977-ci ildə rusca işıq üzü görmüş “Əkinçi” qəzeti” kitabında bəzi dağıstanlı təəssübkeşlər və müəlliflər haqqında məlumat verib.
Dağıstanda qəzeti yayan, ona abunə yazılışını və yardım göstərilməsini təşkil edən məşhur ləzgi alimi, şairi, tarixçisi, maarifçisi, ana dili kimi, Azərbaycan, türk, ərəb və fars dillərini, həmçinin Dağıstan xalqlarının 12 dilini mükəmməl bilən, əsərlərini bir neçə dildə yazan, akademik İ.Y.Kraçkovskinin Dağıstanın ərəb dilli tarixi və poetik ənənələrinin görkəmli nümayəndəsi adlandırdığı Həsən Alqadari idi. İlk dəfə “Əkinçi”ni “bizim qəzet” adlandıran da o olmuşdu. (Bax: Respublika əlyazmaları fondu, Zərdabinin arxivi, inv.№-5584). H.Alqadari həm də “Əkinçi” Rusiyanın bütün müsəlmanlarını qəflətdən ayıldan ilk həqiqət carçısıdır demiş, öz hesabına 16 nüsxəyə abunə yazılaraq dostlarına paylamış, Həsən bəyin ilk dəfə göndərdiyi 50 elamnaməni də tamamilə yaymışdı.
“Əkinçi”nin Dağıstanın ləzgi vilayətlərində, xüsusən də Küre, Samur, Axtı, Qurah, Qasımxur nahiyələrində daha çox abunəçisi var idi. Bundan əlavə Həsən Alqadarinin səyi nəticəsində “Əkinçi” Cənubi Tabasaranın 20 kəndində, həmçinin Dərbənddə, Qazıqumuxda, Temir-Xan-Şurada, avar və dargi vilayətlərində də oxunurdu. Ümumiyyətlə, müxtəlif vaxtlarda Dağıstanda “Əkinçi”nin 35, 50, 76, 116 nüsxəsi yayılmışdır (Bax: Könül Nazimqızı. Həqiqət carçısı. Bakı, 2000. Səh.119).
Həsən Alqadarinin oğlu, məşhur tarixçi Əli Həsənovun yazdığı kimi, Tatarstana “Əkinçi”nin nüsxələrini göndərən də onun atası olmuşdur. Bu da səbəbsiz deyildi. Digər Dağıstan alimi Qalib Sadiqinin yazdığına görə Həsən Alqadari bütün müsəlman ölkələrində məşhur olan tatar alimləri Əhməd-Hadi Məqsudi və Şəhabuddin al-Mərcani ilə dostluq edirdi və məktublaşırdı. “Əkinçi”nin nüsxələrini də onlara göndərmişdi (Bax: “Kommunist” qəzeti (ləzgicə), 7 dekabr 1990-cı il). “Əkinçi”nin Dağıstanda geniş yayılmasının səbəblərindən biri o idi ki, XIX əsrin ikinci yarısında Azərbaycanda olduğu kimi, burada da ləzgi xalqının Rusiyada və xarici ölkələrdə təhsil almış onlarca mütərəqqi fikirli ziyalıları, maarifçiləri, alimləri, şairləri və jurnalistləri yetişmişdi. Həsən bəy Zərdabi onların əksəriyyəti ilə tanış idi və bir neçəsi ilə dostluq edirdi. Qəzetin abunəçiləri və təbliğatçıları arasında Həsən Alqadari ilə yanaşı, Həsən Məmmədov, Mirzə Kərim İsrafilov, İxrek Rəcəb, Bəşir Sultanov, Qəzənfər bəy Mamraçvi, Hacı Əli Ruxunvi, Abdulla Saidov, Məhəmməd Xasməhəmmədov və başqa məşhur ləzgi alimləri, şairləri və maarifçiləri xüsusilə fərqlənirdilər.
Həsən bəy Zərdabinin Həsən Alqadari ilə tanışlığı Qubadan başlanmışdı. O vaxt H.B.Zərdabi Qubada barışıq məhkəməsinin katibi vəzifəsində işləyirdi. Həsən Alqadari Küre dairəsində inzibati işlərdə, sonralar Cənubi Tabasaranın naibi vəzifəsində çalışırdı. Həmin dövrdə Alqadarinin Qubanın idarələri və məhkəməsi ilə işgüzar əlaqələri var idi. O, xatirələrində yazmışdı: “Qubada tanış olub ünsiyyət bağladığım Həsən bəyin zəkasına, hafizəsinə, alicənablığına heyran qaldım və onunla dostluğa başladım”. Bu dostluğun nəticəsi idi ki, “Əkinçi”nin nəşrinə ən çox sevinənlərdən, qəzeti ən çox təbliğ edənlərdən biri Həsən Alqadari olmuşdu. Faktlar da bunu sübut edir.
Həsən Alqadarinin şagirdlərindən bir nəfər yazmışdı: “Alqadarski bizə Əbu Əlya-al-Maarinin, Firdovsinin, Sədinin, Nizaminin, Hafizin, Ömər Xəyyamın, Füzulinin, Mirzə Şəfinin və başqalarının şeirlərini oxuyurdu. O, bizə azərbaycanca çıxan “Əkinçi” qəzetinin köhnə, saralmış nömrələrindən Zərdabinin (Məlikovun), Axundovun məqalələrini, həmçinin başqa qəzetlərdən məqalələr oxuyurdu” (M.A.Abdullayev. Dağıstan xalqlarının XIX əsr fəlsəfi, ictimai-siyasi fikir tarixindən (rus dilində). Moskva, 1968. Səh. 216-217).
Maraqlıdır ki, Alqadari “Əkinçi” qəzetini sürgündə olduğu illərdə də özü ilə gəzdirmişdi. O vaxt İrkutsk şəhərində sürgündə olan digər ləzgi alimi və maarifçisi Qəzənfər bəy Mamraçvi öz xatirələrində göstərmişdi: “Alqadari mənə məktubla birlikdə “Əkinçi” qəzetinin bir neçə nüsxəsini də göndərmiş və yazmışdı ki, həmin nüsxələri İrkutskinin alimlərinə oxuyub tərcümə edim. Onun xahişi ilə qəzetin həmin nüsxələrini başdan-başa rus dilinə tərcümə edib yerli alimlərə çatdırdım”.
Həsən Alqadari “Əkinçi”ni təkcə ləzgilər arasında deyil, Dağıstanın digər xalqları arasında da yayır, onların tanınmış ziyalılarını və maarifçilərini bu işə cəlb edirdi. Son illər apardığımız araşdırmalar da bunu sübut edir. Məsələn, Alqadari lakların arasında qəzetin yayılmasına həmin xalqın görkəmli alimi, astronomu və filosofu Həsən Quzunovu cəlb etmişdi. Dağıstan Dövlət Universitetinin əlyazmaları fondunda bu alimin dostu Harun Kadiyə göndərdiyi məktuba rast gəldik. Məktubda yazılıb: «Həsən əfəndinin mənə verdiyi “Əkinçi” qəzetini oxuyub məmnun və çox mətləblərdən hali oldum. Bir para məqalələrimi həmin qəzetə göndərmək fikrindəyəm. Amma gərək “Əkinçi”nin bizim yerlərdə yayılmasına da kömək edək» (Dağıstan Dövlət Universitetinin ərəbcə əlyazmaları fondu, iş 1-7). Həsən Quzunovun köməyi ilə Qazıqumux dairəsində “Əkinçi”nin 20-dək nüsxəsi yayılmışdı.
Dargi xalqının görkəmli oğlu, məşhur tarixçi və ədəbiyyatşünas Hacı Murad Əmirov onu “Əkinçi” ilə tanış etdiyinə görə Alqadariyə və Bəşir Sultanova minnətdarlığını bildirmiş, qəzetin təəssübkeşinə çevrilmişdi. Avropada ali təhsil almış bu alim sonralar Türkiyəyə köçmüş və burada Mehmed Murad adı ilə tarixçi, siyasi xadim və publisist kimi şöhrət tapmışdı. Türkiyədə 6 cildlik “Ümumdünya tarixi” və “Türkiyə tarixi” kitablarının, bu ölkənin tarixinə dair dərsliklərin müəllifi olan Hacı Murad Əmirov əvvəlcə Misirdə, sonra isə Cenevrədə “Mizan” adlı qəzet buraxanda “Əkinçi”nin məktəbini keçdiyini etiraf etmişdi.
Həsən Alqadari “Əkinçi”nin fəal təbliğatçısı olmaqla yanaşı, həm də onun fəal müxbiri idi. Qəzetdə alimin məqalələri “Mirzə Həsən Alqadari”, “Məmnun Alqadari”, “Tabasaran naibi”, “Naib Tabasaranski” imzaları ilə dərc olunurdu. Məqalələrinin mövzusunu əsasən Dağıstan xalqlarının ehtiyacları, məktəblərin açılmasının zəruriliyi, xalqlar arasında dostluğun və qardaşlığın möhkəmlənməsi, din, poeziya və incəsənət haqqında fikirlər təşkil edirdi. O, “Əkinçi”nin açdığı müzakirələrin iştirakçısı kimi fərqlənirdi. Poeziya ilə bağlı müzakirələrdə mənasız, bir-birini təhqir edən həcvlər yazan şairləri kəskin tənqid atəşinə tutur, onları məzmunlu, ictimai əhəmiyyət kəsb edən, xalqı tərəqqiyə səsləyən şeirlər yazmağa çağırırdı.
Alqadari ilə yanaşı digər dağıstanlı müəlliflərin də “Əkinçi”nin səhifələrində çıxış etməsi qəzetin dağlar diyarında sevilməsinə yaxşı misaldır. Dağıstan maarifçisi Ələkbər Heydərinin (Heydərovun) “Əkinçi” ilə bağlı fəaliyyətini tədqiqatçı alimlərimiz Ziyəddin Göyüşov, Vəli Məmmədov, Əhməd Həsənov, eyni zamanda dağıstanlı alim Məhəmməd Abdullayev yüksək qiymətləndirmişlər. Qəzetin səhifələrində ilk dəfə olaraq o, elmlərin tədrisinin teologiyadan ayrılması məsələsini qaldırıb. Ələkbər Heydəri qəzetdə imzası verilən ilk müxbirdir. Burada onun 20-dək məktubu və məqaləsi dərc olunub.
“Əkinçi”nin dağıstanlı müxbirləri arasında Məhbus Dərbəndi də seçilirdi. O, qəzetin demokratik, maarifçi ideyalarını geniş yayırdı. Bəzi tədqiqatçılarımız onun əsl adının Möhsün, digərləri Əlimədəd olduğunu bildirir. Lakin Dağıstan tədqiqatçılarının araşdırmalarından məlum olub ki, əslən Küre nahiyəsindən olan bu müxbirin adı Mahsumdur və dağıstanlı maarifçilərin siyahısında adı “Mahsum Dərbəndi” və “Mahsum Dərbəndski” kimi göstərilir.
Qəzetin yayılması ilə əlaqədar H.B.Zərdabi özü də Dağıstanda olmuşdu. Həsən Alqadari xatirələrinin birində yazır: “Xalqın cəfakeşinə çevrilmiş Həsən bəy onun yolunda fəaliyyətdən yorulmaq bilmirdi. Mənə qəzetin elamnaməsini göndərəndən bir qədər sonra özü də Dağıstana gəlmişdi. Cənubi Tabasaranın 20-dən çox kəndini gəzib Küre nahiyəsinə, buradan da Axtıya yollandıq. Yolların narahat və təhlükəli olması onu qorxutmurdu. Qəzetə hər müştəri tapınca dünyanın ən bəxtiyar adamı kimi sevinirdi. “Mirzə”, - deyirdi, - mənim qəzetim bu dağlara gəlib çıxsa, inanıram ki, onu sevəcəklər, siz ləzgilər qonağı bu qədər sevdiyiniz kimi”. “Həsən bəy”, - dedim, - “ləzgilərdən ötrü qonaq ən əziz adamdır. Ona görə də hər kəs onu öz düşmənindən silahı ilə qoruyur. Sizin qəzeti isə biz öz əqlimiz və məhəbbətimizlə qoruyacağıq. O, bizim qəzet olacaq”.
Sözlərim Qafqazın böyük aliminə təsir etdi və o, məni doğma qardaşı kimi qucaqlayıb dedi: “İnanıram, Mirzə, inanıram”.
Cənubi Dağıstanı gəzərkən mən onu ləzgilərin və başqa xalqların oxumuş adamları, alimləri və şairləri ilə tanış etdim. Dostluq etdiyim bu adamlar Həsən bəyi əsl qonaqpərvərliklə qarşıladılar və onunla tanışlıqdan çox məmnun qaldılar... Bir müddət sonra Küre nahiyəsindən, Axtıdan və Cənubi Tabasarandan “Əkinçi”nin müştəriləri çoxaldı və 50-dən çox adam bizim qəzeti almağa başladı...
Həsən bəylə olduğum günlərdə onun şəxsiyyətinə, dühasına və elminə vuruldum. Mən onu bütün Qafqaz müsəlmanlarının mənəvi atası hesab etdim və bir məktubumda bu fikrimi açıqladım. Əslində o, bundan böyük qiymətə layiq idi. Firudin bəy Köçərliyə məktubumda yazmışdım ki, onu indiyədək tanıdığım ən böyük alim və ən xeyirxah adam bilirəm. O, xalqı üçün yorulmadan çalışırdı. Bu yolda onun ömrü şam kimi gilə-gilə əridikcə, müsəlmanlar içrə elm ziyası daha çox parlayır, Həsən bəy təkcə öz xalqının deyil, Qafqazın bütün müsəlman xalqlarının gözündə daha da ucalırdı» (Rusiya EA Dağıstan filialı Tarix, Dil və Ədəbiyyat İnstitutunun əlyazmalar fondu, iş №-2766).
Həsən Alqadari öz xatirəsində yazmışdı: “Bizim alimlərin Həsən bəylə hər görüşü Azərbaycan və Dağıstan xalqlarını daha da yaxınlaşdırırdı və biz xalqlar dostluğunun carçısı kimi onun adını həmişə hörmətlə çəkirdik”. Mübaliğəsiz demək olar ki, görkəmli ədibimiz Həsən bəy Zərdabinin və onun sevə-sevə, min bir zəhmətlə ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin adları bu gün də Dağıstanda xalqlar dostluğunun carçısı kimi böyük hörmətlə çəkilir.