Türk dilində nəşr

  • Sevda ƏZİZOVA
  • 30.04.2025

   Tanınmış şair-jurnalist Arif Əbdül- oğlunun “Bütövləşən vətənim” kitabı Ankarada türk dilində nəşr olunub. Bu kitab şeirləri və poemaları ilə oxucuların rəğbətini qazanmış müəllifin türk oxucuları ilə ilk görüşüdür. Kitaba Azərbaycanın böyük oğlu, mesenat Hacı Zeynalabdin Tağıyevin xalq yolunda fədakarlığına həsr olunmuş “Şolların çətin yolu”, Maştağanın tarixindən bəhs edən “Qeyrət qalası”, doğma torpağa böyük sevgini və bağlılığı, bütöv vətən obrazını təcəssüm etdirən “Şuşa zirvəsi” poemaları daxil edilib.  Arif Əbdüloğlunun bu kitabının HAK-İŞ/Hizmet-İş Sendikasının dəstəyi ilə nəşr olunması qardaş ölkənin iş adamlarının Azərbaycan yazarlarına diqqət və qayğısını əks etdirən parlaq misaldır.
   Kitabın girişində HAK-İŞ/Xidmət-İş Həmkarlar İttifaqının sədri Mahmut Arslanın yazdığı kimi, bu təşəbbüs həm Türkiyədə, həm də Azərbaycanda dilimizin, mədəniyyətimizin və qardaşlığımızın nə qədər dərin bir bağ yaratdığını, bir-birimizin dərdlərinə necə ortaq olduğumuzu, sevinclərimizi necə ortaq yaşadığımızı göstərmək baxımından çox qiymətlidir.
   Kitaba daxil edilmiş şeirlər, poemalar, atalar sözü-kəlamlar həm türk, həm də Azərbaycan dilində verilib. Bu, oxucuya həm dillərimizin yaxınlığını daha yaxşı dərk etməyə, həm də tərcümənin səviyyəsini dəyərləndirməyə imkan verir.
   Ötən əsrin əvvəllərində xalqımızın yaşadığı və mətanətlə sinə gərdiyi qanlı tarixi hadisələrə öz münasibətini bildirən, həm o vaxt, həm də Qarabağ müharibəsi dövründə erməni daşnaklarına qarşı igidliklə döyüşən vətən oğullarının qəhrəmanlığını vəsf edən şairin adlarını çəkdiyimiz poemaları ilə yanaşı “Xocalı elə yaradır ki...”, “Dəmir yumruq”, “Zəfər marşı”, “Mənim andım”, “Yenilməz Türkiyə”, “Cənnətimiz Qarabağ” və başqa şeirləri də gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayan əsərlərdir. İnanırıq ki, oxucular Arif Əbdüloğlunun hər iki dildə işıq üzü görmüş, yeni şeirlər əlavə olunmuş “Bütövləşən vətənim” kitabını maraqla qarşılayacaqlar.


 

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023