O, ELM FƏDAİSİ İDİ

  • Sədaqət KƏRİMOVA
  • 04.11.2025

   Hələ də o üzücü xəbərin təsirindən qurtulmamışam. Uzun illərdən bəri ünsiyyət saxladığım, uğurları ilə öyündüyüm, “Samur” qəzetinin səhifələrində haqqında dəfələrlə bəhs etdiyim gözəl ziyalı, elm fədaisi, ən başlıcası isə başdan-başa sadəlik və səmimiyyət rəmzi olan Kamal Abdullayevin ölümü təkcə onun doğmaları və əzizləri üçün yox, bütöv Azərbaycan üçün böyük itkidir.

   89 yaşında dünyasını dəyişmiş texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Kamal Abdullayevin üşaq qəlbi kimi saf ürəyi var idi. Onunla saatlarla söhbət etmək mümkün idi. Deyən-gülən, zarafatcıl, nəfsitox, sözü şax üzə deyən, tamah nədir bilməyən əsl ziyalı idi Kamal müəllim. Belə adamlar tək-tək doğulur. Belə şəxsiyyətlər unudulmur!

   Kamal Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun Qusarda uzun illər müəllim və məktəb direktoru vəzifələrində işləmiş, böyük nüfuza malik olmuş atası Mehman Hacıbala oğlu Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnmiş və 1956-cı ildə isə bəraət almışdır (Hazırda Əcəxur kənd orta məktəbi Mehman Abdullazadənin adını daşıyır).

   Atası güllələndikdən sonra Kamal Abdullayevin ailəsi rayondan sürgün olunmuş, evləri, atasının kitabxanası müsadirə edilmişdir.

   Sürgündən qayıtdıqdan sonra Kamal Abdullayev kənd məktəbini əla qiymətlərlə bitirib, Bakı Energetika Texnikumuna qəbul olunmuş və oranı fərqlənmə diplomu ilə bitirib Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) imtahansız daxil olmuşdur. 1961-ci ildə oranı bitirmiş, “Azərenerji” idarəsində 10 il şöbə müdiri vəzifəsində çalışmışdır. 1966-cı ildə namizədlik,1978-ci ildə Moskvanın Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, xarici ölkələrdə çap olunmuş 6 monoqrafiyanın, istilik energetikasına dair Azərbaycan dilində ilk dəfə çapdan çıxmış 6 dərsliyin, 20-dən artıq elmi ixtiranın müəllifidir.

   K.Abdullayev Respublika Təhsil Nazirliyinin keçirdiyi Həsən Əliyev adına müsabiqənin qalibi olmuşdur. Bir neçə elmi əsərinə görə XTNS-nin qızıl və gümüş medallarına layiq görülmüşdür. SSRİ Elm və Texnika Komitəsi tullantı sularından energetikada istifadə olunması sahəsində onun kafedrasını ölkənin baş təşkilatı elan etmişdir.

   Uzun illər respublikanın energetika sistemində baş idarədə şöbəyə rəhbərlik edən K.Abdullayevin bu sahədə böyük təcrübəsi var idi. Onun elmi axtarışlarından Bakı, Sumqayıt, Xarkov, Minsk, Donbas və başqa şəhərlərin müəssisələri böyük səmərə əldə etmişdir. K.Abdullayev uzun illər dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri, Prezident yanında baş attestasiya komissiyasının ekspertlər şurasının və doktorluq dissertasiyaları şurasının üzvü olmuşdur.

   20 il fasiləsiz olaraq Azərbaycan Dövlət Neft Akademiyasında energetika fakültəsinin dekanı vəzifəsində işləmiş K.Abdullayev 1980-ci ildə professor elmi adını almışdır. Alim 1972-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" kafedrasının müdiri olmuş və kafedranın nəzdindəki problem laboratoriyasına rəhbərlik etmişddir. Energetikanın ekologiyası ilə bağlı qazandığı elmi nailiyyətlərə görə o, 2000-ci ildə Sankt-Peterburq Elmlər Akademiyasının qərarı ilə qızıl medalla təltif olunmuşdur.

   Azərbaycanın əməkdar elm xadimi Kamal Abdullayevin rəhbərliyi altında 50-dən çox namizədlik, 6 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2010-cu ildə alim Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Alim 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi

   K. M. Abdullayev dəniz suyunu şirinləşdirmək məqsədilə son illərdə geniş tətbiq olunan əks-osmos üsulunun təkmilləşdirilmiş yeni variantını təklif etmişdi. O, beynəlxalq və Gürcüstan Milli Energetika akademiyalarının həqiqi üzvü seçilmiş və 2000-ci ildə ekologiya sahəsindəki elmi işlərinə görə M. Lomonosov adına medalla təltif olunmuşdur.

   Kamal Abdullayev 1981-ci ildə mühəndis və elmi kadrlarının hazırlanmasındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və keçmiş İttifaqın "Əlaçı fəxri energetik" adı ilə təltif edilmişdir. 2000-ci ildə ona Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adı verilmiş və Y. Məmmədəliyev adına medalla təltif olunmuşdur. Kamal müəllim uzun müddət ADNA-da fəaliyyət göstərən və istilik energetikası üzrə bütün Qafqazı əhatə edən dissertasiya müdafiə şurasının sədri olmuşdur. O, müxtəlif texniki və elmi şuraların üzvü və Təhsil Nazirliyinin Elmi Metodik Şurası Energetika bölməsinin sədri, müxtəlif texniki, o cümlədən beynəlxalq jurnalların redaksiya heyətinin üzvü idi.

   Çoxları üçün zəhmətkeşlik nümunəsi olan Kamal müəllim heç vaxt insanlara mənfi hisslər bağışlamaz, daim onlara ürək-dirək verər, ağıllı məsləhətləri ilə düzgün yol göstərərdi. Kamal müəllim şəxsən məndən ötrü müdrik el ağsaqqalı idi.

Allah ona rəhmət eləsin!

Doğmalarına ulu Tanrıdan səbr diləyirəm.

Kamal müəllimin işıqlı xatirəsi daim ürəklərimizdə yaşayacaq.

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023