ÇİÇƏK BAYRAMI - XALQIN TARİXİ YADDAŞI

  • Sədaqət Kərimova
  • 01.07.2025

   Hər il may ayının əvvəllərindən iyunun sonlarına kimi meşələr, dağlar, dərələr yaşıl libasları ilə insanları özünə çəkir. Alp çəmənlikləri çiçək dənizinə dönəndə dağların yamaclarında, yaylaqlarda əsrarəngiz mənzərələr açılır. Torpaqdan baş qaldıran saysız-hesabsız rəngarəng çiçəklərin yaratdığı gözəlliklər göz oxşayır. Bu vaxtlar mütləq dağların qoynuna yollanıram.  
   Çiçəkli yaylaqlardan boylanan bir xatirə hər zaman olduğu kimi, bu dəfə də məni  kövrəldir, fikrimi uzaqlara aparır. Qədim, demək olar ki, unudulmuş bir el adəti xəyalımda canlanır. Yaylaqların gözəlliyində, çiçəklərin ətrində keçmişin unudulmaz bir xatirəsinin  izlərini axtarmağa çalışıram. Ləzgi dilində həmin xatirənin adı “çükverin suvar”, yəni çiçək bayramıdır. Ləzgi xalqının tarixi keçmişi ilə bağlı olan, onun ruhundan süzülən, babalarımızın qüruru kimi doğma, nənələrimizin duyğuları kimi ülvi, atalarımızın öyüdü kimi hikmətli, analarımızın laylası kimi unudulmaz olan bu bayram təkcə bir təqvim günü deyil, həm də xalqın tarixi yaddaşıdır, mənəvi dəyərlər sistemidir. Bu gün unudulmaqda olan, lakin hər bir ləzginin ruhunda yaşayan bir xatirədir, bir kimlik işarəsidir.
   Dağların qoynunda, ucsuz-bucaqsız çəmənlərdə keçirilən bu qədim el adəti - Çiçək bayramı Dağıstanın və Azərbaycanın dağ kəndlərində geniş yayılmışdı. Onun tarixi vətəni Dağıstanın Axtı rayonunun Cəbə kəndidir. 
Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Şalbuz dağının ətəklərində bu el bayramı olduqca gur və təntənəli qeyd olunur. Cəbəlilər bu gün də onu sevə-sevə yaşadırlar. Təəssüf ki, Azərbaycanın ləzgi kəndlərində həmin adət yaddaşın dumanında it-bat olur.
Çiçək bayramı bir qayda olaraq yaylaqlarda kambar çiçəkləri açılanda keçirilərdi. Bu el şənliyinin əsas mənası insanla təbiətin vəhdəti, gözəlliyin, gəncliyin, sevginin tərənnümüdür. Adətən bayramdan bir gün əvvəl kənddə camaatı bir yerə toplamağı bacaran ən hörmətli və zarafatcıl kişi “şah” seçilər, bayrama rəhbərlik etmək ona tapşırılardı. Kənd gözəllərinin arasından bir nəfər «Bahar qızı» adlandırılardı. Axşamdan zurnaçılarla nağaraçılar məhəllələri gəzər, adamları sabahkı bayrama səsləyərdi. Hər evdə bayrama ciddi hazırlıq görülərdi. Qadınlar milli ləzgi şirniyyatı bişirər, əvvəlcədən tikdirdikləri bayram libaslarını ütüləyərdilər. 
   Sübh tezdən, hələ dan yeri ağarmamış kəndin məhəllələri şən səslərlə dolardı. Başında çiçəklərdən tac olan Bahar qızı  bayramın rəmzi kimi adamların önünə çıxardı. Onun ardınca qadınlar, qızlar, kişilər, uşaqlar musiqi sədaları altında, deyə-gülə dağlara üz tutardılar. Yol boyu şux zarafatların, xorla oxunan xalq mahnılarının xoş sədaları ətrafa yayılardı. Adamlar səhərin ilk şəfəqlərini dağda qarşılayardılar.
   Geniş yaylaqlar gülüş səslərinə bələnərdi. Hamı əvvəlcədən təyin olunmuş yerə yığılandan, bir qədər dincələndən sonra bayram təntənəsi başlanardı. At yarışına kəndin cavanları qatılardı. Mənzil başına hamıdan tez çatan ən yüyrək və qaçağan atın sahibi alqışlarla qarşılanar, Bahar qızı onun atının boynuna ənam olaraq qırmızı parça bağlayardı. Sonra pəhləvanlar güləşərdi. Həmin yarışa rayonun hər yerindən güləşçilər qatılar, qaliblər mükafatlandırılardı. Byramın şən və coşqulu anlarından biri də kəndirbazların çıxışı olardı. Kəndir üzərində rahatlıqla gəzişən, “Lezginka” sədaları altında rəqs edən kəndirbazlar şux əhval-ruhiyyə yaradardı.
   Sonra kişili, qadınlı hamı bir ailə kimi bayram süfrəsinin ətrafına yığışardı. Hər kəs gətirdiyi yeməkləri süfrəyə düzərdi. Ləzgi çörəyinin, tsikanın, növbənöv kətələrin, soyutma toyuğun, motal pendirinin ətri ətrafa yayılardı. Süfrə yığışdırılandan sonra şənliyin ən maraqlı anları: söz yarışmaları, bayatı deyişmələri başlanardı.... Dilli-dilavər qız-gəlinlər söz yarışına çıxardı. Onlar növbə ilə bayatı söyləyərdilər. Bir bayatını iki dəfə söyləyən və ya çaşan iştirakçı oyundan çıxarılardı. Qaliblər poetik cəhətdən gözəl və məzmunlu sözləri olan bayatılara, o cümlədən onların yaxşı ifasına görə seçilərdi.  
   Bayramın kulminasiya nöqtəsi, hamının həyəcan qarışıq sevinclə gözlədiyi  dem, yəni rəqs məclisi sayılardı. Zurna və nağaranın səsi çıxan kimi araçı meydana atılardı. Rəqs etmək istəyənləri növbəyə düzər və gecəni öz rəqsi ilə başlayardı. Sonra şahı və Bahar qızını meydana dəvət edərdi. Onların rəqsi bitəndən sonra oğlanlar iki-iki, üç-üç, dörd-dörd rəqs meydanına çıxar, həmin sayda da qızlar onları müşayiət edərdi. Adətən cavanlar bəyəndikləri qızlarla rəqs etmək üçün əvvəlcədən razılığa gələrdilər.
Olduqca demokratik qayda-qanunlarla keçirilən bu bayram digər xalq bayramlarından öz geniş miqyası, azadlıq havası, şən əhval-ruhiyyəsi ilə seçilərdi. Sərt qanunların hökm sürdüyü, qadının azadlığının məhdudlaşdırıldığı keçmiş dövrdə mənəvi dəyərlərin qorunmasına böyük önəm verən ləzgilər eyni zamanda ailələrin qarşılıqlı sevgi əsasında qurulmasına şərait yaradırdılar. Əslində həmin məqsədlə yaradılmış bu bayramda gənc oğlanlarla qızların bir-birini görüb bəyənmək, bir-biri ilə rəqs etmək, mahnı oxumaq imkanı var idi. Bayramın özəlliklərindən biri o idi ki, qızlara və oğlanlara bir-biri ilə zarafat etmək ixtiyarı verilirdi. Məhz həmin bayramdan sonra kənddə bir-birinin dalınca toylar çalınardı.
   Bayram yalnız estetik mahiyyət kəsb etmirdi, həm də məişət ehtiyaclarının ödənilməsinə xidmət edirdi. Qızlar çiçək dəstələri ilə yanaşı, tərə, dərman otları, təbiətin digər nemətlərini toplayardılar. Qənaətcil ləzgi qadınları dərilmiş kambar çiçəklərinin ləçəklərini duza qoyub qışa saxlayardılar. Dolu səbətlərlə kəndə qayıdan cavanları qocalar və uşaqlar qarşılayardı. 
   1870-ci ildə Axtıda olmuş məşhur etnoqraf Aleksandr Bekker bu el şənliyini böyük məhəbbətlə təsvir edərək qızların oğlanları rəqsə dəvət etməsindən, mərasimin güllə səsləri və musiqi sədaları ilə müşayiət olunmasından, qonaqlara meyvə  paylanmasından, gənclər arasında mahnı və rəqs müsabiqələri keçirilməsindən, qaliblərin gümüş pulla mükafatlandırılmasından söhbət açmışdır. O, bayramda buynuzlarına qırmızı parça sarınmış öküzün kəsilməsindən də danışır. Bu, dostluq, həmrəylik bayramı olub nəsillərin və kəndlərin bir-birinə yaxınlaşmasına xidmət edirdi.
Uzun əsrlik tarixi olan, xalq tərəfindən sevilən bu bayram təəssüf ki,  XX əsrin sonlarına doğru gözdən, nəzərdən salınmağa başladı. Bu mənəvi sərvət dini radikalizmin qurbanına çevrildi. Ərəb mədəniyyətinin zorla təbliği xalqı öz kökündən yadlaşdırmağa başladı. Hətta bu saf, məsum bayrama “haram” damğası vuruldu. Halbuki Qurani-Kərim heç bir xalqın adətinə qarşı çıxmır. 
   Amma bu el bayramının yenidən bərpa olunacağına, dirçələcəyinə ümid var... Çünki çiçək bayramı sadəcə folklor deyil. O, ləzgi xalqının mənəvi kodudur, onun mədəniyyətinin, əxlaqının, estetikasının göstəricisidir. Bu bayramın bərpa olunması sadəcə bir mədəniyyət aktı deyil, milli oyanışın göstəricisidir. Bu, sadəcə keçmişi yaşatmaq deyil, milli kimliyimizi oyatmaq, mədəni yaddaşımıza sahib çıxmaq, ruhumuzu təmizləməkdir.  Bu gün, alp çəmənləri çiçəklərə bürünən zaman, qəlbimiz doğma və əziz duyğular üçün qəribsəyəndə  övladlarımıza, nəvələrimızə deməliyik: gəlin çiçək bayramını bərpa edək. Qoy ruhumuz təzələnsin, ürəyimiz təmiz, saf duyğularla döyünsün. 
   Gəlin, hər baharda təbiət oyandığı kimi, biz də yaddaşımızı oyadaq.
Qoy çiçəklər təkcə dağlarda yox, övladlarımızın ürəyində də açsın.

Populyar məqalələr

ЯРАН СУВАР – BAHAR BAYRAMI

  • Sədaqət Kərimova
  • 14.03.2023

Ləzgilər

  • Sədaqət Kərimova, Müzəffər Məlikməmmədov
  • 27.01.2023