Qəlbə yatan səmimi, kövrək və düşündürücü şeirlərin müəllifi Qoşqar Qaraçaylını 2014-cü ildə nəşr olunmuş “Sevgi nağılı” adlı ilk şeirlər toplusundan tanıyırıq. Həmin kitabdan müəllifin zamanın nəbzini tutan, dövrün keşməkeşlərini ürəyinin süzgəcindən keçirən narahat bir şair olduğunu anlamaq çətin deyildi. Arada sosial şəbəkələrdə oxuculara təqdim etdiyi poetik misralardan da onun özünəməxsus dəst-xəttini tanımaq olur. Onun ülvi hisslərlə köklənmiş lirik şeirləri dərhal adamın könlünə yatır.
Bu yaxınlarda Bakının “Mücrü” nəşriyyatı gənc şairin “Uzaqlar” adlı yeni kitabını çapdan çıxarıb. Oraya müəllifin son illər qələmə aldığı poeziya nümunələri daxil edilib.
Qoşqar Şixməmməd oğlu Səmədov 1986-cı ildə Qəbələ rayonunun Yeni Dızaxlı kəndində anadan olub. O, hərbi xidmətini başa vurduqdan sonra bir müddət Rusiyada yaşayıb və tikinti sahəsində işləyib. Hazırda Bakıda inşaatçı kimi çalışan Qoşqar həmçinin Bakı Dövlət Universitetinin regionşünaslıq fakültəsində təhsil alır. İnanırıq ki, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Qoşqar Qaraçaylının yeni kitabı şeir həvəskarlarının ürəyincə olacaq.