MİLLİ MƏNSUBİYYƏT – İnsanın taleyidir

  • Sədaqət KƏRİMOVA
  • 24.11.2025

   Sokratın sözləridir: “Özünü tanı”. Bu sadə cümlədə böyük həqiqət var: özünü tanımaq öz millətini, xalqını tanımaqdan keçir.  Alman filosofu Hegel “İnsan öz köklərini tanımadıqca, varlığının tamlığını tapa bilməz,” deyəndə necə də haqlı idi.
Milli mənsubiyyət sadəcə bir söz və ya rəsmi bir sənəd deyil, insanın varlığının dərin və ayrılmaz bir hissəsi olub şəxsiyyət vəsiqəsindən və ya vətəndaşlıqdan daha dərin anlam daşıyır. Bu, insanın ruhunda yaşayan, davranışında görünən, danışığında duyulan mahiyyətdir.  Milli kimlik – insanın taleyidir. Şəxsiyyətinin formalaşdığı məkan, daşıdığı mədəniyyət, hər gün qarşılaşdığı adət- ənənələrdir ki, nəsildən-nəslə ötürülür. Milli kimlik - qan yaddaşıdır. Bu, yalnız doğulduğun məkan deyil, böyüdüyün havanın qoxusu, yediyin çörəyin duzu, danışdığın dilin ahəngi, ananın laylası, atanın öyüdü, nənənin nağılı, evinin qapısının xışıltısıdır. İnsanın özünə bənzəməsi, təbiiliyini qoruması, həyatdakı möhkəm dayağını itirməməsidir.
   Milliyyəti seçmirlər,  insan onun bir nümayəndəsi kimi dünyaya gəlir və bu aidiyyət doğma evi və valideynləri kimi onun varlığının bir parçasına çevrilir. Milliyyət satılmır, inkar edilsə belə, yenə də insanın damarlarında yaşamaqda davam edir. Bu hissdən məhrum olan özünə məxsus deyil, təbiilikdən çox uzaqdır, ətrafındakılar ondakı bu saxtalığı tez başa düşür, qeyri-səmimi olduğuna görə ona hörmət etmirlər. 
   Öz milliyyətindən üz döndərmək - bir xalqı deyil, özünü itirməkdir. Bu cür insanın içində boşluq yaranır, özgələşir, süni olur, ən pisi isə  vicdanı yavaş-yavaş susur. Vicdanı susmuş insan isə nə özünə, nə də başqasına fayda gətirir.
Öz millətinlə fəxr etmək sadəcə bir duyğu və ya millətçilik deyil. Əslində bu, tarixi keçmişinlə qürur duymaq, əcdadlarının ruhuna hörmət etmək, onların mübarizələrdən, sevinc və kədərdən yoğrulmuş talelərinin fərqinə varmaqdır. Axı hər bir xalq yalnız insan toplumu deyil, öz mədəniyyətini, adət-ənənələrini, özünəməxsusluğunu qoruyub saxlamış, tarixin kəşməkeşlərindən keçib bu günə gəlib həyatda qalmağı bacarmış və sənə bu gücü, bu kökləri ötürmüş nəsillərin təcəssümüdür. Öz milli mənsubiyyətindən imtina etmək yalnız tarixini rədd etmək deyil, bu, ona həyat və günəş altındakı yerini verənlərə xəyanətdir.
   Doğma xalqına və millətinə bağlılıq - həm də məsuliyyətdir. Əsl xalq sevgisi çağırışlarla, pafoslu sözlərlə deyil, adətlərimizlə, mahnılarımızla, rəqslərimizlə, bayramlarımızla insanın təkcə yaddaşında deyil, həm də ruhunda yaşayır.
Bu yaxınlarda uşaqlıq dostumla rastlaşdım. Eyni şəhərdə böyüyüb, eyni məktəbdə oxumağımıza baxmayaraq, məktəbi bitirdikdən sonra bir-birimizi görməmişdik. O, uzun illərdir xarıcdə yaşayır. Bir vaxtlar mənimlə eyni torpağın, eyni dilin havasını bölüşən bu adamın məni “tanımadığını”, ləzgi olduğunu dandığını görəndə içimdə illərin xatirələri qırıldı. Görəsən bu adam qürurunu nə vaxt itirib? – deyə düşündüm. Axı doğma dil  insanın ilk və ən böyük mirasıdır. Dilini danan anasının laylasından imtina edir, millətini danan ata ocağının odunu söndürür.
   Bu hadisə barədə çox düşündüm və bu qənaətə gəldim ki, öz kimliyini itirən insan tezliklə vicdanını da itirir. Öz millətindən imtina etmək yalnız bir düşüncə səhvi deyil, səni sən edən bütün qatlara, minillik tarixə xəyanətdir. Doğma dil - yalnız ünsiyyət vasitəsi deyil, bu, valideynlərinin, əcdadlarının dilidir. Ondan imtina edəndə öz köklərindən, ailəndən, tarixindən imtina edirsən, nəhayət, öz daxili dünyanı, ruhunu itirirsən. Özünü itirməklə isə xoşbəxt olmaq mümkün deyil. 
Öz milləti ilə fəxr etmək hissi hamıya verilmir, amma bu hissi olanlar üçün bu, böyük bir dəyərdir. Biz əvvəlki nəsillərin davamçısıyıq və yalnız bu yolu gedərək, köklərimizi itirmədən əsl xoşbəxtlk və daxili sülh tapa bilərik. Ən böyük xoşbəxtlik - özün olaraq qalmaqdır. İnsan kimliyini qəbul etdikcə, içindəki səs güclənir, ruhu aydınlaşır, həyatının mənası artır. Öz millətini sevən insan daha mərd, daha səmimi, daha bütöv olur. Milli mənsubiyyətindən imtina insanı azad etmir, onu köksüz edir. Köksüz insan isə külək qabağında əyilən ot kimidir.
   Həqiqi xoşbəxtlik yalnız öz kimliyini qəbul etməklə, öz millətinin köklərinə bağlı qalmaqla mümkündür. Dil insanın ruh evidir, xalqının taleyinin yazısıdır. Dil insanı dünyaya bağlayan ən incə teldir. O tel qırıldıqda, insan öz içində də itir.
Öz kimliyini yaşamaq insanın ruhuna rahatlıq gətirir. Millətinin dəyərlərini içində yaşadan insan həm də öz içindəki səsə sadiq olur. Çünki insanın ən böyük xoşbəxtliyi  özünə sadiq qalmağındadır. Hamıya bu sədaqət verilmir, hamı öz soyu ilə fəxr edə bilmir. Amma bu hissi bütün varlığı ilə yaşayan insanlar üçün millət insanın ruhuna nur saçan bir işıqdır.
 

Популярные статьи

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023