QONAQPƏRVƏRLİK – HƏYAT TƏRZİDİR

  • Sədaqət KƏRİMOVA
  • 31.07.2025

   Şəhər məni sıxanda, tıxaclardan və səs-küydən bezəndə maşınıma minib tək-tənha hər hansı bir kəndə yola düşürəm. Yalnız təbiətin gözəlliklərini ruhuma çəkmək üçün yox, sadə insanlarla tanış olmaq, onlarla söhbətləşmək üçün. Hər dəfə də mənən saflaşıb geri qayıdıram. Məni bu doğma yerlərdə ən çox heyran edən bilirsinizmi nədir? – Qonaqpərvərlik. Ən kasıb ailədə belə bir loxma pendir-çörəyi elə məhəbbətlə adamın qabağına qoyurlar ki, şəhərdə ən zəngin ailədə yediyin plovdan sənə daha ləzzətli görünür.
   Bəli, Qafqazda qonaqpərvərlik təkcə nəzakət qaydası deyil. Bu, dağ xalqlarının minilliklər boyu formalaşmış həyat tərzidir. Ləzgilərdə qonaqpərvərliklə bağlı çoxsaylı mərasimlər və ayinlər var.  Qonaq – qapıdan içəri girən adi bir insan yox, xeyirxahlıq, xoş niyyət elçisidir, taleyin göndərdiyi qismətdir. O, eyni zamanda ev sahibinin mənəviyyatını əks etdirən güzgüdür.
Qafqazın digər xalqları kimi, ləzgilərin də qonaq qarşılamaq adəti ayrıca bir mərasimdir. Bu, dərin məna kəsb edən, nəsillərin yaddaşı ilə yoğrulmuş, qarşı tərəfə səssiz, lakin dərin ehtiram bəxş edən hörmət əlamətidir. Qonaq qarşılamaq yalnız sevinc deyil, həm də bir sınaqdır, mənəvi borcdur.
   Ləzgi qonaqpərvərliyinin kökləri qədim dövrlərə - ev yalnız ailə üzvləri üçün deyil, həm də yoldan ötüb gedən hər bir qərib üçün də tikilən vaxtlara gedib çıxır. Ona görə də bütün evlərdə qonaq üçün ayrılmış ayrıca guşə olardı. Burada qonağın istirahəti, yeməyi və yatmağı üçün hər cür şərait yaradılardı. Sonralar bu guşə ayrıca otaqla əvəz olundu. Ləzgilər ona “tavdin kval” “qonaq otağı” deyirlər. Bu otaq hər bir ləzgi evinin ən yaraşıqlı və zəngin otağı sayılır. Evin ən gözəl xalçaları, ən rahat yorğan-döşək, ən gözəl qablar bu otaqda qonaq üçün saxlanır. Hər evdə qonaq üçün saxlanan ərzaq ehtiyatı olur. Onlardan ailə üzvləri istifadə edə bilməz.
   Ləzgilər arasında belə bir məsəl var: “Qonaq gəldi – bərəkət gəldi”. Bu, sadəcə gəlişi gözəl sözlər deyil, bu, bir həyat düsturudur. Başqa bir ləzgi məsəlində deyilir: “Qonaqla evə Tanrı da gəlir”.  Bu, heç də mübaliğə deyil. Ləzgi evlərinin qapısı təkcə qohuma, qonşuya deyil, yolu bu kənddən keçən hər bir qərib insana da açıqdır.
   Ev sahibi qonağı xoş üzlə qarşılayır, əl-üz yumaq üçün isti su verir və onu evin yuxarı başına aparır. Qadınlar dərhal qonaq üçün yemək hazırlamağa girişirlər. Əgər evdə heç nə yoxdursa, un, yağ və qatıqla hazırlanan yemək bişirilir. Əgər ailə oruc tutubsa, bunun qonağa dəxli yoxdur – qonaq istisnadır, ona olan münasibət – ailənin şərəfidir. Əgər qonaq evdə süfrəyə yemək verilən vaxt gələrsə, bütün ailə üzvləri dərhal yerindən durur, ən hörmətli yeri qonağa verir. Qonağın qabağına yemək qoyulana kimi heç kəs əlini süfrəyə uzatmır. Bu zaman evin uşaqları sakitcə oturur, söhbətə qarışmır. Belə tərbiyə ilə böyüyən uşaqlar üçün qonaq ailə şərəfinin rəmzinə çeyrilir.
   Qonağın gəlişi ilə evdəkilərin səs tonu da dəyişir – yumşaq, xoş və təmkinli olur.
   Ev sahibləri qonağa hörmət əlaməti olaraq tez qonşu otağa keçib əyinlərini dəyişirlər. Kişi çərkəzi geyinir, qadın səliqəli örpək bağlayır. Ləzgilər deyirlər ki, qonağı qəbul etmək – insanın özünə olan hörmətinin göstəricisidir. 
Ənənəvi ləzgi cəmiyyətində qonaqpərvərlik heç vaxt dinlə, etnik mənsubiyyətlə və ya sosial statusla bağlı olmayıb. Əksinə, dağ kəndinə yolu düşən hər bir yolçu sığınacaq və qorunma hüququna malikdir. Ev sahibinin vəzifəsi yalnız onu yedirtməkdən ibarət deyil, həm də təhlükəsizliyinə cavabdeh olmaqdır. Bu, şərəf və vicdan məsələsidir. Qonaq – müqəddəs sayılır.
   Qədim təsəvvürlərə və xalqın formalaşdırdığı həyat qanunlarına görə, qonaq – düşmən də olsa, qapıdan içəri girən andan etibarən toxunulmazdır.
Belə şəxs, hansı məqsədlə gəlməsindən asılı olmayaraq, qonaq kimi qəbul edilir – onun qabağında yemək süfrəsi açılır, qalması üçün yer verilir. Bütün bunlar  sükutla müşayiət olunur. O, bu evdən çıxandan sonra münasibətlər əvvəlki məcrasına qayıda bilər. Amma nə qədər ki,  qonaqdır – toxunulmazdır.
   Bu adət xalq diplomatiyasının özünəməxsus bir formasıdır: çörək kəsib barışmaq, çay içə-içə qarşılıqlı anlaşmaya nail olmaq buna misaldır. 
Kəndlərdə hələ də belə bir qayda mövcuddur: əgər kimsə axşamüstü, ya da pis havada küçə ilə gedirsə – onu mütləq kiminsə evinə dəvət edirlər. Yaşlı və hörmətli şəxslər isə bəzən bir neçə evin “qonağı” sayıla bilər – hər kəs onu qəbul etmək istəyər.
Müasir həyat tərzi kəndlərdə, xüsusilə də şəhərlərdə çox şeyi dəyişsə də, ləzgi qonaqpərvərliyi hələ də milli xarakterin başlıca xüsusiyyətlərindən biri olaraq qalır. Böyük şəhərlərə üz tutmuş gənclər belə, böyüklərin öyüd və nəsihətlərini unutmur: “Nə qədər məşğul olsan da, paylaş, kömək et, qonağı süfrə arxasında oturt”.
   “Yaran suvar” (Bahar bayramı”) və “Tsükerin suvar” (“Çiçək bayramı”) kimi ləzgi xalq bayramları bu gün də birgə süfrələrlə, milli rəqslərlə, ənənəvi yeməklərlə keçirilir – iştirak edən hər kəs arzu olunan qonaqdır.
Texnologiyalar dövrü bir çox dəyərləri dəyişib. Amma dağ kəndlərində bu qədim adət hələ də yaşayır. Uzaqdan gələn yolçunu görəndə uşaqlar qışqırışır: “Qonaq gəlir!” Bir neçə dəqiqəyə yerə xalı sərilir, samovar qaynayır, xörək bişirilir. Qonaq hələ çatmayıb – amma artıq onu gözləyirlər.
Ən çox isə bu qonaqpərvərlik xalq bayramlarında özünü göstərir. Açıq havada böyük süfrələr qurulur, kim olduğunun fərqi yoxdur – yerli, ya gəlmə– sən, orada xoş qarşılanırsan.
   Qonaqpərvərlik – özünəməxsus ünsiyyət dilidir. Harada ortaq dil yoxdursa – yemək var. Harada ortaq keçmiş yoxdursa – çörək var. Bu qədim ləzgi ənənəsi – təkcə məişət deyil, bir mədəniyyət çağırışıdır. O deyir: “Bir-birimizə hörmətlə yanaşdıqca – biz insanıq”.
   Dünyada bağlı qapıların çoxaldığı, insanların bir-birindən uzaqlaşması adət halına çevrildiyi indiki zamanda mən tez-tez Qusardakı evimizi və rəhmətlik atamı xatırlayıram. Olduqca qonaq-qaralı olan evimizdə gecə qalan qonaqlar çox olardı. Biz sual vermədən, onların qarşısında süfrə açar, yemək gətirərdik. Atam bizə qonağı ac yatırtmağın günah olduğunu bir dəfə izah eləmişdi, artıq bu, bizdən ötrü qanun idi. Atamın sözləri hələ də qulağımdadır:
Qapını qonağın üzünə xoş üzlə aç; 
“Sən kimsən, niyə gəlmisən?” sualını vermə;
“Acsanmı?” – deyə soruşma, yeməyini səxavətlə qonaqla bölüş.
Qonaqpərvərlik – məişətin göstəricisi deyil, – həyat tərzidir. Bu, ruhun dili, insanlığın səsinə çevrilmiş bir dəyərdir. Ləzgilər  və Qafqazın digər xalqları bu dəyəri əsrlər boyu cilalayıb. Dünyanın sərtləşdiyi bu dövrdə, ləzgi adəti – qapını açmaq, süfrə salmaq, dinləmək və bölüşmək – unudulmaz və əbədi dəyərlərin işığı kimi qalır.

Популярные статьи

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023