SAXUR «UNİVERSİTETİ»

  • Sədaqət Kərimova
  • 27.09.2025

   Bu elm ocağı Avropanın ən qədİm unİversİtetİ sayılan İtalİyanın Bolonya unİversİtetİndən 13 İl əvvəl açılmışdır.

   Dağıstan – Qafqazın qeyri-adi bölgəsidir. Burada hər daş minilliklərin yaddaşını qoruyur, hər dağ isə yerli xalqların tarixinin canlı səhifəsi kimi diqqəti cəlb edir. 
Respublikanın ərazisində elə abidələr var ki, təkcə Dağıstanın deyil, bütün Qafqazın rəmzinə çevrilmişdir. Onların arasında YUNESCO tərəfindən qorunan qədim Dərbənd qalası – Narın-Qala, eyni vaxtda minlərlə mömini qəbul edən ən qədim Cümə məscidi xüsusilə seçilir. Burada heyrətamiz görüntüləri ilə insanı valeh edən dağ aşırımlarını qoruyan qüllələr və qalalar keçmişin çətin zamanları və dağlıların sarsılmaz ruhunu xatırladır.
   Dağlar ölkəsinin ürəyi isə onun kəndlərində döyünür. Tərk edilmiş Qamsutl kəndinə «Dağıstanın Maçu-Pikçusu» adı verilib. Ora yalnız piyada gedib çatmaq olar, lakin bu yol unudulmaz bir səyahətə çevrilir. 
   Dağıstanı gəzməkdən doymayan, onun sirrlərlə dolu qədim və zəngin tarixinin, heyrətamiz təbiətinin vurğunu olan bir qələm sahibi kimi etiraf etmək istəyirəm ki, burada məni özünə ən çox çəkən yerlərdən biri uca  dağlar qoynunda qərar tutan əlçatmaz Saxur kəndidir. Mahaçqaladan 320 km aralıda yerləşməsinə, həmin məsafənin 100 km-dən çoxunun dağ yolları olmasına baxmayaraq, bu məşhur kəndi seyr etməyə gələnlərin sayı ildən-ilə artır. Samur çayının sahilində, hündür sıldırımın üzərində salınmış bu kəndin adı qədim ləzgi dilində “od kəndi” deməkdir. XI əsrdə Saxur təkcə Dağıstanın müxtəlif əraziləri ilə deyil, həm də Gürcüstanla və Azərbaycanla ticarət vasitəsilə bağlı olan iri yaşayış məntəqəsi idi. Sonralar bura Saxur sultanlığının paytaxtına çevrildi. Onun hökmdarları sultan adlanırdı və hakimiyyət ənənəvi olaraq atadan oğula miras keçirdi. Kənddə qədim qalanın divarlarının qalıqları və qalaya aparan yeraltı keçidlər indiyə kimi qorunub saxlanmışdır. Təkcə Saxurun ətrafındakı qəbiristanlıqlar təxminən 15 hektar ərazini tutur ki, bu da vaxtilə həmin yerdə geniş əhali kütləsinin yaşadığını göstərir.
   Məşhur ərəb coğrafiyaşünası Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud Əbu Yəhya əl-Qəzvini Saxur haqqında yazmışdı: “...Böyük, sıx məskunlaşmış şəhərdir. Gəncədən altı günlük məsafədə yerləşir. Bu, Lakzan ölkəsinin əsas şəhəridir. Burada soyuqlar çox sərt olur. Şəhərin suyu Samur adlanan çaydan götürülür. Əhalinin qidası “sult” adlanan dənli bitkidir, zahirən arpaya bənzəyir, lakin keyfiyyəti buğda kimidir. Hər kəs bu dəni özünə yetəcək qədər əkir, onunla və qoyunlarının südü ilə, qatıqla qidalanır. Onlar həmin qoyunların yunundan paltar geyinirlər. Onların rəisi yoxdur, lakin imam əş-Şafiinin təliminə görə onlarla birgə ibadət edən vaizləri vardır.”
   Türk tarixçisi və səyahətçisi Evliya Çələbi də bu kənddə olmuş və onun haqqında geniş məlumat vermişdir.
Saxur etnosunun adının bu kəndlə bağlı olması heç də təsadüfi deyildir. Çünki əsrlər boyu Saxur yalnız böyük yaşayış məskəni kimi deyil, həmçinin Qafqazın ən məşhur elm və mədəniyyət mərkəzlərindən biri kimi də tanınmışdır.
Dağıstan alimi, tarix elmləri doktoru Amri Şixsaidovun yazdığına görə, Dağıstanda universitet tipli ilk mədrəsə məhz burada hələ XI əsrdə yaradılmışdır. Onun fikrincə, Saxur mədrəsəsi Şimali Qafqazda ilk orta əsr “universiteti” olub, həmin dövrdə belə bir təhsil müəssisəsi nə Məkkədə, nə də Mədinədə mövcud idi.
   Qeyd etmək lazımdır ki, bu elm ocağı Avropanın ən qədim universiteti sayılan İtaliyanın Bolonya universitetindən 13 il əvvəl açılmışdır. 
Mədrəsə böyük vəzir Nizam əl-Mülk əl-Həsən ibn Əli ibn İshaqın göstərişi ilə tikilmişdir. Onun inşasını Bağdadda ali ruhani təhsili alıb vətənə qayıtmış yerli sakinlər həyata keçirmişlər. 
   Nizam əl-Mülkün göstərişi ilə qısa müddətdə demək olar ki, bütün iri şəhərlərdə “Nizamiyyə” mədrəsələri inşa olunmağa başlamışdır. Bu, onun ən böyük xidmətlərindən biri idi. Məhz həmin təşəbbüsünə görə Nizam əl-Mülk orta əsrlərin ən görkəmli müsəlman siyasətçilərindən biri kimi tarixə düşmüşdür.
   Saxur mədrəsəsində təhsil üçün hər cür şərait yaradılmışdı: kitabxana təşkil olunmuş, tələbələr pulsuz yeməklə və yaşayış yeri ilə təmin edilmişdi. Burada ərəb dilinın öyrədilməsi, ilahiyyatın, islam hüququnun tədrisi  ilə yanaşı, təbiət elmləri, o cümlədən təbabət də tədris olunurdu. Alimlərin qeyd etdikləri kimi, ərəb dilindən ləzgi dilinə elmi mətnlərin tərcüməsi Dağıstanda ilk dəfə məhz burada, Saxurda həyata keçirilmişdir. Bu isə bölgədə elmin və mədəniyyətin inkişafına güclü təkan vermişdir. Mədrəsə eyni zamanda kitab üzünü köçürmə mərkəzi kimi tanınırdı. 
Bu gün bir çox tarixi faktlar məhz qədim kitabların tərcümələri sayəsində məlum olmuşdur. Həmin əlyazmalarda təkcə Saxurun tarixi deyil, həm də mədrəsə ilə bağlı yadda qalan hadisələr – yanğınlar, zəlzələlər, basqınlar əks olunmuşdur. Bu qeydlərdən məlum olur ki, bina iki dəfə dağıdılmış və hər iki dəfə yerli sakinlərin gücü ilə bərpa edilmişdir.
   Məşhur ərəb coğrafiyaşünası və kosmoqrafı  Zəkəriyyə əl-Qəzvini Saxurda  fəaliyyət göstərən mədrəsə haqqında məlumat verərkən yazmışdı: “Burada mədrəsə vardır, onu 1075-ci ildə Nizam əl-Mülk əl-Həsən ibn Əli ibn İshaq təsis etmişdir – Allah onun ruhunu pak etsin. Onun yanında müəllimlər və fəqihlər çalışır. Mədrəsədə hər bir fəqihə ayda bir qoyun və müəyyən miqdarda “sult” ayrılır. Deyirlər ki, onlar əl-Muzaninin “Muxtəsər” kitabını, həmçinin İmam əş-Şafiinin kitabını ləzgicəyə tərcümə etmişlər və onlarla məşğul olurlar – Allah da onlara yardım edir.”
Bu qeydlərdən göründüyü kimi, Saxur mədrəsəsinin vəzifəsi yalnız təhsil verməklə bitmirdi. Dağıstanda ərəb dilindən bir sıra elmi əsərlər  ilk dəfə məhz burada tərcümə edilmişdir. 
Dəyərli biliklər əldə etmək üçün mədrəsəyə Dağıstanın müxtəlif guşələrindən, eləcə də yaxın xarici ölkələrdən çoxlu tələbə gəlirdi. Mədrəsənin yetirmələri təhsillərini davam etdirmək üçün  Şərqin məşhur elm mərkəzləri olan Bağdad və Şam şəhərlərinə göndərilirdi.
Bu elm ocağı Qafqazın hüdudlarından çox-çox uzaqlarda da Dağıstanı şöhrətləndirmiş bir çox alim yetişdirmişdir. Onların arasında  qədim ləzgi kəndi  olan Mişleşdən Qurban əfəndi, Osman əfəndi, saxurlu Abdulla əfəndi, Gəlməzli İsmayıl əfəndi, Əbdürrəhman-Camaləddin əs-Sügyuti və başqaları vardır.  Onlar Saxur mədrəsəsini bitirdikdən sonra Yaxın Şərqin ən böyük elm mərkəzlərində təhsillərini davam etdirmiş, vətənə dönüb biliklərini həmkəndliləri ilə bölüşmüşlər. Saxur mədrəsəsinin təsiri altında  bölgədə xeyli sayda məktəb və məscidlər açılmış, buraya Şərq müəlliflərinin ərəb dilində yazılmış bir sıra  kitabları gətirilmişdir.
   Saxuru Dağıstanın digər dağ kəndlərindən fərqləndirən cəhətlərdən biri onun memarlıq üslubu və qeyri-adi planıdır. Burada mal-qaranı evlərdə saxlamırdılar. Təsərrüfat binaları yaşayış məhəllələrindən ayrı idi. Həmçinin kənddə aşkara çıxarılmış qədim su kəmərləri, kanalizasiya xətti, on iki məscidin xarabalıqları, ictimai hamamlar və qala  yolları ilə birləşən gizli yeraltı keçidlər bu yaşayış məntəqəsinin şəhər tipli olduğunu bir daha təsdiq edir.
   Sovet dövründə Saxur mənəvi təzyiqlərə məruz qalmışdır. 1936-cı ildə mədrəsə dünyəvi məktəbə çevrilmişdir. Burada əsrlərdən bəri qorunub saxlanan nadir əlyazmaların əksəriyyəti yox olmuşdur.  Alimlər kəndin xəzinəsindən yüzlərlə kitab aparmışlar. Buna baxmayaraq, elm üçün böyük əhəmiyyət kəsb edən bir sıra nadir kitablar Saxurda hələ də qorunub saxlanır. Onların arasında fars dilinə sətri tərcümə olunmuş Quranın nüsxəsi, zəvvarların bələdçiləri üçün hazırlanmış Məkkə, Mədinə və Qüds məscidlərinin sxemləri də var.
   Kəndin qədim məhəllələrini dolaşdıqca burada adamı kədərli hisslər bürüyür. Yaxşı saxlanmış ikimərtəbəli yaraşıxlı evlərin qonşuluğunda köhnə evlərin xarabalıqları, yarıuçuq binalar, dağılmış divarlar, qapılarından qıfıllar asılmış köhnə evlər, uşaq səslərinə, cavanların şən gülüşlərinə həsrət küçələr, dar dalanlar, əyri döngələr də var. Onlar özlərində nə qədər xatirələr qoruyub saxlayıb. Bir zamanlar 12 min evin olduğu Saxurda indi cəmi 30 ev qalıb. Kütləvi köç prosesi burada bu gün də davam edir: gənclər iş və təhsil dalınca şəhərlərə üz tutur. Kənddə qalanlar yurda daha möhkəm bağlarla bağlı adamlar və yaxud da imkansızlardır. Onların da əsas məşğuliyyətləri, əsrlər əvvəl olduğu kimi, maldarlıq və əkinçilikdir. 
   Lakin bütün bunlara baxmayaraq, Saxur bu gün də saxur xalqının rəmzi, Dağıstanın tarixi yaddaşı, Qafqazın mənəvi abidəsi olmaqda davam edir. 

Популярные статьи

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023