Bəzən bir insanın ömrü təkcə onun şəxsi taleyi deyil, bütöv bir xalqın dil yaddaşı kimi xatırlanır. Belə talelər nadir olur. Amma tarix məhz bu nadir talelərin hesabına yaşayır. Şəmsəddin Səədiyevin həyatı və yaradıcılığı da məhz bu qəbildəndir. O, dilləri sadəcə öyrənən alim deyildi, onların səsini dinləməyi bacaran, bu mənəvi sərvəti qoruyan, yazıya alan və gələcəyə ötürən elm fədaisi idi. Onun ömrü Qafqaz dillərinin, o cümlədən ləzgi dilinin taleyi ilə qırılmaz tellərlə bağlı idi.
Şəmsəddin Səədiyev adını ilk dəfə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin birinci kurs tələbəsi olanda müasir Azərbaycan dili müəllimimiz Aydın Əliyevdən eşitmişəm. O, mənim ləzgi olduğumu biləndə “Sən bilirsənmi, Azərbaycan dilçilik elminə böyük töhfələr vermis alimlər arasında sənin eloğulların, filologiya elmləri doktorları Səlim Cəfərov və Şəmsəddin Səədiyev kimi məşhurlar da var” deyəndə necə qürur hissi keçirdiyimi dillə ifadə edə bilmirəm. Həmin fənnə vurğunluğum da yəqin Aydın müəllimin sevgi ilə dediyi kəlmələrdən sonra yarandı.
Şəmsəddin Mürsəl oğlu Səədiyev 1926-cı ilin sentyabrın 12-də Azərbaycan SSR-nin Quba rayonunun Qımılqışlaq kəndində dünyaya göz açmışdır (hazırda həmin kənd Xaçmaz rayonunun tərkibindədir). Dağ kəndinin sərt, lakin saf mühitində böyüyən, təbiətin gözəlliyi və sadə insanların səmimiyyəti ilə formalaşan Şəmsəddinin ilk müəllimi kitablar deyil, hər gün eşitdiyi və danışdığı doğma ləzgi dili olmuşdur. O, sözün nəfəsini uşaqlıqdan duymuş, dilin canlı varlıq olduğunu çox erkən dərk etmişdi.
Uşaqlıq və gənclik illəri xalq arasında keçən, canlı sözün qüdrətini xüsusi həssaslıqla duyan bu gənc ləzgi dilinin zənginliyinə heyran idi. Doğma kəndində orta məktəbi bitirdikdən sonra ailəsinə kömək etmək üçün kolxozda çalışmış, daha sonra kənd məktəbində müəllimlik etmişdir. Bu illər Şəmsəddinin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O, məhz həmin dövrdə danışıq dili ilə ədəbi dilin arasında körpü qurmağın nə qədər vacib olduğunu dərindən dərk etmişdi.
Dili əvvəlcə həyatda - insanların danışığında, kəndin yaddaşında görən bu gəncin qəlbində filologiyaya xüsusi maraq oyanmışdı. Bu maraq onu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə gətirib çıxardı. Gündəlik mühazirə və seminarlar onun elmi aclığını tam aradan qaldıra bilmirdi, ona görə də saatlarla kitabxanalarda çalışırdı. Bu əzmkarlıq tələbə yoldaşlarının və müəllimlərinin də diqqətindən yayınmırdı. 1949-cu ildə universiteti qırmızı diplomla bitirən Şəmsəddin Səədiyev SSRİ Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunur.
Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, 1953-1960-cı illərdə həmin elm ocağında böyük elmi işçi kimi fəaliyyət göstərir. 1960-cı ildə Moskvadan Bakıya qayıdan gənc alim Azərbaycan SSR Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışır, sonralar isə aparıcı və baş elmi işçi kimi elmi fəaliyyətini davam etdirir.
Qafqaz dilləri, xüsusən də ləzgi dil qrupuna daxıl olan dillər sahəsində apardığı sanballı tədqiqatlar, dünyanın aparıcı elmi jurnallarında dərc olunan məqalələri onu adlı-sanlı mütəxəssislərdən biri kimi tanıdır. Elmin zirvələrinə aparan yol Şəmsəddin Səədiyevi 1965-ci ildə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutuna gətirib çıxarır. Burada qrız dili üzrə doktorluq dissertasiyasını müdafiə edən alim Qafqaz dilləri sahəsində aparıcı simalardan birinə çevrilir.
Şəmsəddin Səədiyev 150-dən çox elmi əsərin müəllifi idi. Azərbaycan, ləzgi və qrız dillərinin fonetikası, leksikası, qrammatik quruluşu onun elmi axtarışlarının əsas istiqamətlərini təşkil edirdi. O, ənənəvi qafqazşünaslıq məktəbinin ardıcıl davamçısı kimi P. K. Uslar, L. İ. Jirkov, A. N. Genko, İ. İ. Meşşaninov, A. S. Çikobava kimi məşhur alimlərin elmi irsini qoruyur, onu yeni faktlar və müşahidələrlə zənginləşdirirdi. Alimin elmi maraqları dillərin qarşılıqlı təsiri və dil əlaqələri problemlərini də əhatə edirdi.
Şəmsəddin müəllim üçün dil - xalqın yaddaşı idi. Buna görə də yazısız dillərin, dialektlərin və şivələrin faktiki materialının toplanmasına xüsusi əhəmiyyət verirdi. Bir sira sanballı elmi işləri ilə yanaşı onun “Azərbaycan ləzgilərinin şivələri” adlı fundamental əsəri də diqqət çəkir. Həmin tədqiqatda Azərbaycanda ləzgilərin yığcam halda yaşadığı kəndlərdən 150 yaşayış məntəqəsinin danışıq xüsusiyyətləri dəqiqliklə qeydə alınmışdır. Həmin materiallar bu gün də təkcə dilçilər üçün deyil, tarixçilər, etnoqraflar və demoqraflar üçün də əvəzsiz elmi mənbədir.
Onun “Qohum dillər və dialektlər arasında müşahidə olunan səs uyğunluqlarının öyrənilməsi” (1958), “Qrız dilinin lüğət tərkibinin sabit elementləri haqqında” (1959), “Qrız dilində isimlərin hallanması (Qrız kəndinin materialları əsasında)” (1961), “Qrız dili” (1965) əsərləri Azərbaycanda qafqazşünaslığın möhkəm elmi bünövrəsini yaratmışdır.
Şəmsəddin Səədiyev elmi biliklərin yalnız elmi kabinetlərdə qalmasının, onların yalnız nəzəri cəhətdən öyrənilməsinin əleyhinə idi. Bu baxımdan onun pedaqoji fəaliyyəti və maarifçi fikirləri diqqət çəkir. “Azərbaycan dili üzrə özünütədris vəsaiti” (Z.Budaqova və A.Ələkbərovla birlikdə), “Ləzgi dili”, eləcə də 1–2-ci siniflər üçün ləzgi dilində dərsliklər (Ə.Gülməhəmmədovla birlikdə) minlərlə oxucu və şagird üçün ana dilinə aparan yol olmuşdur.
Eyni zamanda o, dilçiliyin mahir təbliğatçısı idi. “Dil haqqında hekayələr”, “Adlarınız belə yaranır”, “Azərbaycan dili üzrə biblioqrafiya”, “Ləzgi dili üzrə biblioqrafiya” bu gün də dəyərini itirməmiş, nadir nəşrlərə çevrilmiş, bütöv bir dövrün elmi ruhunu yaşadan əsərlərdir.
Uzun sürən xəstəlikdən sonra Şəmsəddin Mürsəl oğlu Səədiyev 1991-ci ilin yanvarın 26-da vəfat etmişdir. Lakin o, yazdığı əsərlərdə, qoruduğu dillərdə bu gün də yaşayır. Onun Azərbaycanda və Dağıstanda yetişdirdiyi çoxsaylı tələbələri və davamçıları bu gün də onun elmi məktəbini yaşadırlar. Dili yaşadanlar isə unudulmur.