Nadir təbiətinə, bərəkətli torpaqlarına, təbii sərvətlərinə və strateji məkanda yerləşdiyinə görə Qafqaz əsrlər boyu işğallara məruz qalıb. Təkcə üç dövlət-İran, Türkiyə və Rusiya arasında buranı ələ keçirmək üçün üç əsr (1514-1813) mübarizə gedib. Məqsədə nail olmaqdan ötrü həmin dövlətlər ilk növbədə yerli xalqlardan istifadə etməyə çalışır, onlardan özlərinə müttəfiq axtarırdılar. Əksər hallarda Qafqazın daha döyüşkən xalqları olan ləzgiləri, dağıstanlıları, çeçenləri ələ almağa çalışırdılar. Çox vaxt ləzgilərlə müttəfiq olmağa səy göstərirdilər. Çünki daha böyük hərbi qüdrətə malik olduğuna görə ləzgilərin bütün Zaqafqaziyaya təsiri güclü idi.
Rus tarixçisi, general-mayor A.A.Neverovskinin 1848-ci ildə nəşr olunmuş “Ləzgilərin Zaqafqaziyaya təsiri aradan qaldırılanadək Şimali və Orta Dağıstana qısa tarixi nəzər” kitabında göstərildiyi kimi, Qafqazda ləzgilərin nüfuzunu, təsir gücünü aradan qaldırmaqdan ötrü bir neçə əsr vaxt lazım gəlmişdi. Həm bu məsələ, həm də ləzgilərin daha çox hərbi gücə malik olduqları barədə fikirlər digər rus tarixçilərinin əsərlərində, məsələn, İ.A.Güldenştedtin 1819-cu ildə işıq üzü görmüş “О Лезгистане, или Лезгинии и о лезгинцах”, P.Q.Butkovun XIX əsrin sonlarında yazılmış “Лезгины” və İ.İ.Pantyuxovun 1901-ci ildə Tiflisdə nəşr olunmuş “Лезгины” kitablarında da öz əksini tapıb.
Ləzgilərin döyüşkən obrazını yaratmış rus zabiti, general-mayor və publisist İ.K.Okolniçiy yazmışdı:”Ləzgilərin hərbi bacarığı onların qonşusu olan çeçenlərin bacarığından çox üstündür... Bu sahədə ləzgilərin fəaliyyəti mükəmməldir,uzaqgörəndir və həmişə vəziyyəti yaxşı bilməyə, düzgün qiymətləndirməyə əsaslanır.”
Qafqazda müttəfiq axtaranlar məhz bu cəhətləri nəzərə alıb ləzgilərlə əlaqə yaratmağa, onların köməyi ilə öz məqsədlərinə nail olmağa çalışırdılar. Bundan ötrü diplomatlardan, puldan, mükafat və bahalı hədiyyələrdən istifadə edirdilər. Başqa xalqlarla müqayisədə ləzgilərə daha çox pul və hədiyyələr ayrılırdı. Tarixçi N.A.Sotavovun yazdığı kimi, “İran şahı Şimal-Şərqi Qafqazda öz hakimiyyətini qoruyub saxlamaq üçün şamxala hər il 4 min tümən, Qaytağ usmisi Əhmədxanın, Tabasaran hakimləri maysum Mahmud bəyin və qazı Rüstəm bəyin hərəsinə 200 tümən pul verirdi. Həmişə ehtiyat etdiyi azad ləzgi cəmiyyətlərinin böyüklərinə və Rutul bəylərinə xüsusilə daha çox pul və müxtəlif bahalı hədiyyələr ayırırdı”(Сотавов Н.А. Северный Кавказ в русско-иранских и русско-турецких отношениях в ХVIII в. М., 1991, с.44).
Şahın və sultanın ləzgilərdən ehtiyat etməsi təsadüfi deyildi. Tarixçilər ləzgi qoşununu “məhvedici qoşun” adlandırırdılar. Ləzgilər heç vaxt döyüş meydanını qələbəsiz tərk etmir, sayca qat-qat çox olan düşmənlə də axıradək döyüşürdülər. Nadir şah onların döyüşkənliyini görüb demişdi:”Bir silahlı ləzgini məhv etmək üçün on fars əsgəri lazımdır.” Ona görə də düşmən əksər hallarda ləzgi qoşunu ilə üzləşməkdən qorxurdu. Tarixi məxəzlərdə belə faktlar çoxdur. Bircə misal çəkmək kifayətdir. Alban tarixçisi Həsən Cəlalyan Çardaxçı adlı İran sərkərdəsinin 40 minlik qoşunla ləzgilərin qabağından necə qaçdığını belə qələmə alıb:”Qışın çayları donduran soyuqları başa çatanda və baharın ilıq nəfəsi duyulanda onlar...(ləzgilər) ikiqat çox qüvvə ilə cənuba, Muğan düzünə tərəf yeridilər və Kürlə Arazın qovuşduğu yerdə düşərgə saldılar. Çardaxçı adlı bir İran sərkərdəsi də özünün qoşunu ilə Bərgüşad ətrafında yerləşmişdi. Elə bircə dəfə ləzgilərin gəldiyini eşidən kimi, o, qoşunu ilə düşərgəsindən yoxa çıxdı. Döyüşkən və qəddar ləzgilər isə Bərgüşada qədər yeriyib Dizaka (Dağlıq Qarabağda ərazi-M.M.) getdilər, onun dağlarını və düzənlərini ələ keçirdilər”(Yesai Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722-ci illər). Rus dilində. Bakı, 1989. Səh.29). Rus zabiti leytenant A.İ.Lopuxinin 1722-ci ilin iyulun 31-də I Pyotra göndərdiyi məktubdan göründüyü kimi, ləzgilərin qoşunu 10 min nəfərdən ibarət idi. Düşmən sayca özündən dörd dəfə az olan ləzgilərin qabağından qaçmışdı.
Türkiyə sultanları ləzgilərə vəzifələr verir, mülklər bağışlayırdılar. Tarixçi İ.Lineviç yazır:”Türkiyə sultanı III Əhmədin fərmanı ilə ləzgi Əli Sultan İlisu vilayətinin hakimi təyin olundu və türklər ondan həmin ərazilərdə, Şirvanda iranlılarla döyüşərək onların işğal etdikləri yerləri Türkiyənin xeyrinə geri almağı tapşırdı” (Линевич И. Бывшее Елисуйское султанство.-ССКГ.1873, т.7, с.8).
Ləzgilərin sözübütövlüyü, verdikləri vədə əməl etmələri və igidlikləri müqabilində həm Türkiyə sultanı, həm də İran şahı onları yüksək qiymətləndirməyə, layiqincə mükafatlandırmağa çalışırdılar. Sultan tərəfindən Əli Sultanın mükafatlandırılması buna misal ola bilər. Arxiv materiallarının birində yazılıb:”Rusların ələ keçirdikləri xeyli torpaqları döyüşərək onlardan geri aldığına görə sultan III Əhməd Əli Sultanı mükafatlandıraraq ona Ərəş mülklərini bağışlayır və ondan xahiş edir ki, lazım gəldikdə 300 cəsur döyüşçü ilə Gəncədə, Şirvanda və başqa əyalətlərdə Osman imperiyası tərəfindən vuruşmağa hazır olsun” (Акты собранные Кавказской археографической комиссией (АКАК). Тифлис,1875. Т.6, ч.2, с. 774-775).
Bir çox tarixçilərin yazdıqlarına əsasən demək olar ki, ləzgilər həmişə nahaq qan tökülməsinin, haqsızlığın əleyhinə çıxar, müstəqil siyasət yeridərdilər. Ləzgilərin belə mərdanə hərəkətləri arxiv materiallarında da əksini tapıb. Bir sənədə diqqət yetirək:” Hacı Davudun yaratdığı dövlət Osman imperiyasının təbəəliyini qəbul edəndən sonra, 1722-ci ilin sonunda sultan III Əhməd Hacı Davuda göndərdiyi məktubda Şirvana yaxın ərazilərdə iranlıları darmadağın etməyi, Dərbənddəki rus qarnizonunu qovub çıxarmağı tapşırmışdı. Lakin Hacı Davud onun pul mükafatlarından və hədiyyələrindən imtina edərək müstəqil siyasət yeritmişdi”(Архив внешней политики России (АВПР). Ф.89, 1723, д.5, ч.2, л.241 об.)
Bundan sonra nələrin baş verdiyi yenə arxiv sənədlərində əksini tapıb: “Hacı Davudun Osman imperiyasının vassalığını qəbul etmədiyini, onun müstəqil siyasət yeritdiyini görən III Əhməd Çolaq Surxayı ələ almaq üçün ona Şamaxı taxtını, yüksək illik maaş, həmçinin Qəbələ, Ağdaş və Şəki vilayətlərindən əldə olunan gəliri verəcəyini vəd edir” (АВПР, ф.77, 1727, д.8, л.132).
Bunun ardınca, sənədlərdə göstərildiyi kimi, “ Porta Surxaya Dərbənd, Nizova və Quba üzərinə hücuma keçməyə, yerli əhali arasında qırğınlar törədərək onu Türkiyəyə tabe olmağa məcbur etmək üçün kömək göstərir”(АВПР,ф.89, 1732, д.11, л.58 об.-59). Çolaq Surxay qırğını həyata keçirməkdən ötrü çox çalışmışdı. “Lakin ləzgilər ona bu planı həyata keçirməyə imkan verməmişdilər”(АВПР, ф.77, 1732, д 4, л.19).
Arxiv materiallarına əsaslanan daha iki fakt. Həmin faktlar eyni sənəddə verilib:”1742-ci ilin aprelin 20-də imperatriçə Yelizaveta Petrovna bəzi dağlı hakimlərə yüksək maaş və hər il əlavə olaraq 500 manat verilməsindən ötrü fərman imzaladı. Qumıq, kabardin və çeçen hakimləri bunu qəbul etdilər. Ləzgi hakimləri qəbul etmədilər.
1742-ci ildə sultan I Mahmud Qafqazın ayrı-ayrı vilayətlərini ələ keçirmək üçün Yusuf paşa ilə Dağıstan hakimlərinə böyük məbləğdə pul göndərdi. Ləzgilər buna razılıq vermədilər və pulu qəbul etmədilər “(АКАК, 1869, т.2, с.1081-1082)”.
Ləzgilər və bəzi Dağıstan hakimləri haqsızlığa yol verməmək üçün əllərindən gələni edirdilər. Bu, “Dağıstan tarixi” kitabında verilən bir məlumatdan da aydın olur: “1804-cü ilin yayında Rusiya-İran müharibəsi başlandı. İran qoşunları Şimali Azərbaycana soxulanda şah yerli xalqların ona kömək göstərəcəyinə ümid bəsləyirdi.Ona görə də Azərbaycanın və Dağıstanın hakimlərinə müraciət edərək onları birləşib ruslara qarşı vuruşmağa çağırmış, döyüşən hər ləzgiyə gündə 100 manat gümüş pul verəcəyini vəd etmişdi...Bu vaxt ingilis-fransız emissarları da Qafqazda təxribatçılıqla məşğul idilər. Lakin xarici təcavüzkarların israrlı çağırışları və səylərı uğur qazanmadı” (История Дагестана.Т. 2.М.,1968,с.17).
Ləzgilər yalnız haqq və ədalət naminə görülən işlər üçün zəhmət haqqı alırdılar. Bununla əlaqədar Abbasqulu Ağa Bakıxanov özünün “Gülüstani-İrəm” kitabında yazmışdı:”Əhməd xanla Məhəmmədhəsən xan öz qoşunları və Dağıstan ləzgiləri ilə gəlib Ağsu şəhərini iki tərəfdən mühasirə etdilər. Mühasirə xeyli uzandı, istilər də şiddətləndi. Əsgər xan Məhəmmədhəsən xanın ordusundakı ləzgilər üçün gizlicə olaraq nağd və mal ilə 5000 tümən göndərdi. Beləliklə qoşunun arasında ayrılıq düşdü” (Abbasqulu Ağa Bakıxanov. Gülüstani-İrəm. V fəsil. Qarabağnamələr. Bakı, 1991, səh.375).
Həmin məxəzdə başqa bir fakt da açıqlanır. Şixəli xan 10 min ləzgi əsgərinin köməyi ilə Surxay xanı ağır məğlubiyyətə uğradır. Ona görə də ləzgilərə 6 ay Qubada qonaqlıq verir. Sonra A. Bakıxanovun yazdığı kimi “8000 nəfərin məsarifini Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini Dərbəndə gətirdi ki, onların da maaşlarını oranın mədaxilindən ödəsin” (Yenə orada).
Əksər hallarda ləzgilər qonşu xalqlara təmənnasız köməyə gedirdilər. Məxəzlərdə onların müxtəlif dövrlərdə azərbaycanlılara, gürcülərə, çeçenlərə, adıgeylərə, osetinlərə və başqa xalqlara köməyi barədə çoxlu məlumatlar var. Həsən İxfa Əlizadə özünün “Şuşa şəhərinin tarixi” əsərində yazır: “ Zərurət zamanı ləzgilərdən ibarət cəsur əsgərlər qarabağlıların köməyinə gəlirdilər” (Qarabağnamələr. Bakı, 1991.Səh.324). Onun məlumat verdiyi kimi, “İbrahimxəlil xanın Şahsevənə, Xoya, Naxçıvana, Gəncəyə və başqa vilayətlərə səfərlərində də ləzgilər iştirak edib şücaət göstərmişlər.” Ləzgilərin qarabağlılara köməyi haqqında Qarabağ tarixçiləri Mir Mehdi Xəzani və Rzaqulu bəy Mirzə Camal oğlu da ətraflı məlumat verib. Həm bu, həm də digər tarixçilərin yazdıqları kimi, ləzgilər həmişə haqqı müdafiə edir, ədalət naminə şücaət göstərirdilər.