Ləzgi polkları

  • Müzəffər Məlikməmmədov
  • 27.09.2025

   Çar Rusiyası dövründə fəaliyyət göstərmiş ləzgi polkları ilə əlaqədar indiyədək araşdırmalar aparılmayıb. Halbuki keçmiş imperiyanın hərbi arxivlərində bu polklarla bağlı bir sıra materiallar vardır. Həmin materiallardan məlum olduğu kimi, Şimali Qafqaz xalqları arasında ilk dəfə çar ordusunda hərbi xidmətə ləzgi Məhəmməd Ömər Qianski başlamışdır. 1727-ci ildə Küre xanlığının Qian kəndində varlı ailədə həyata göz açmış Məhəmməd Ömər Dağıstanda ilk təhsil aldıqdan sonra atası Ömər Bəlibəyin təkidi ilə Həştərxanda hərbi biliklərə yiyələnmiş, rus ordusunda xidmətə başlamış, Rusiyanın ilk müsəlman generalı Kutlu Məhəmməd Tevkelevin rəhbərliyi altında hərbi işi dərindən öyrənmiş, vaxtından əvvəl, 25 yaşında podpolkovnik rütbəsinə layiq görülmüşdür. Gənc ləzginin hərbi səriştəsinə heyran olan general ona qızıl dəstəkli xəncər bağışlamışdı. 
   Yeddi illik Rusiya-Prussiya müharibəsində (1756–1763) süvari eskadronun komandiri olan Məhəmməd Ömərlə çiyin-çiyinə 200 ləzgi süvarisi də düşmənlə döyüşürdü. 1759-cu ildə Kunersdorf şəhəri ətrafında gedən döyüşlərdə onlar böyük qəhrəmanlıqlar göstərmiş, buranın alınmasında xüsusilə fərqlənmişdilər. Həmin döyüşlərin bitməsinə az qalmış Məhəmməd Ömər ağır yaralanır və uzun müddət müalicə olunduqdan sonra istefaya göndərilir. 
   Məhəmməd Ömər Rusiya hərb tarixində ilk dəfə olaraq süvarilər tərəfindən kəşfiyyatın və döyüşün aparılması nəzəriyyəsini işləyib hazırlamış, bu mövzuda bir neçə elmi əsər yazmışdı. Müharibə vaxtı göstərdiyi qəhrəmanlıqlara və hazırladığı yeni nəzəriyyəyə görə imperatriçə Yelizaveta Petrovna Məhəmməd Ömərə Həştərxan ətrafında malikanə bağışlamış, ona knyaz titulu vermişdi. Görkəmli hərbçi 1765-ci ildə, 38 yaşında ağır xəstəlikdən dünyasını dəyişir. Onun vaxtilə rəhbərlik etdiyi eskadron əksəriyyəti ləzgi süvarilərindən ibarət olan polka çevrilir. 
   Tarixçilərin “döyüşkən xalq” adlandırdıqları ləzgilər “hələ Samur Alban çayı adlananda, Qafqaz Albaniyası dövləti mövcud olanda döyüşkənliyi, son dərəcə cəsurluğu və igidlikləri ilə seçilirdilər. Qədim mənbələrdən, kitablardan bu günədək bizə çatmış bütün məlumatlarda ləzgilərin döyüşkən xalq olduğu göstərilib. 
   Yeri gəlmişkən deyim ki, qeyri-adi düzlüyə, vicdanlılığa, qoçaqlığa və yüksək səviyyədə hərb sənətinə malik olduqlarına görə XIX əsrdə ləzgilərin ən yaxşıları imperatorun şəxsi mühafizə dəstəsində xidmət etmək üçün Sankt-Peterburqa dəvət olunurdu” (Профессор Мурад Аджиев. Лезги из Тагирджала. Журнал «Вокруг света», № 4, M, 1991). 
   1826–1854-cü illərdə, yəni Qafqaz müharibəsi vaxtı dağlı xalqların nümayəndələrindən ibarət kiçik hərbi hissələr yaradılmışdı. Bunların arasında ləzgilərdən ibarət Сar-ləzgi və Samur hərbi hissələri də var idi. Sonralar Samur hərbi hissəsi Samur polkuna çevrilmişdi. Dağlılardan ibarət hərbi hissələr Qafqazdan kənarda da yaradılmışdı. Məsələn, 1828-ci ildə Sankt-Peterburqda dağlıların imperatoru mühafizə edən vzvodu təşkil olunmuşdu. Bu hərbi qurum sonradan genişləndirildi və 1881-ci ilədək çara qulluq etdi. Həmin müddətdə burada xeyli məşhur hərbçilər yetişdi. 
   1830-cu ildə vzvodun əsasında imperatoru qoruyan Leyb-Qvardiya- Qafqaz- Dağlı eskadronu təşkil olundu. 1838-ci ildə eskadrona ayrıca ləzgi komandası əlavə edildi. 1856-cı ildə imperatoru mühafizə edən xüsusi Qafqaz eskadronunun tərkibindəki dörd komandadan biri olan ayrıca ləzgi komandası Cənubi Dağıstan ləzgilərindən ibarət idi və sayca daha çox hərbçini birləşdirirdi. O dövrün hərbi mənbələrində göstərildiyi kimi, ləzgi komandası ən cəsur və ən döyüşkən komanda hesab edilirdi (Bax: Хаджи Мурад Доного. Кавказская война и Южный Дагестан. Махачкала, 1998, с.47-51). 1830-cu ildə ləzgi komandasında 300 nəfər, 1856-cı ildə isə 500 nəfər xidmət edirdi. 
   Leib Qvardiyada qulluq edənlər həm də Sankt-Peterburqdakı birinci kadet korpusunda hərbi təhsil alırdılar. 1830–1881-ci illərdə burada təhsil almış və xüsusi eskadronda qulluq etmiş 30-dan çox ləzgi yüksək hərbi rütbələrə layiq görülmüşdü. Onların arasında Qafqazdan Rusiyada ali hərbi təhsil almış ilk müsəlman zabiti, məşhur ləzgi generalı Balakişi Arablinski də var idi. Onun təşəbbüsü ilə Sankt-Peterburqda cəsur ləzgi döyüşçülərindən ibarət xüsusi polk yaradılmışdı. 53 il ərzində Rusiya imperatorlarının mühafizəsində yaxından iştirak etmiş ləzgilərdən 12 nəfər general və 20 nəfər polkovnik rütbəsinə layiq görülmüşdü. 
   Çar ordusunun tərkibindəki bəzi ləzgi polklarına əsasən rus və alman əsilli generallar rəhbərlik edirdi. General-major Şvartsın ləzgi polku döyüşlərdə xüsusilə fərqlənirdi. Onun yaxın köməkçilərindən biri axtılı Əli Sultan Qurbanalidin idi. Əli Sultan o qədər qoçaq adam idi ki, atla təkbaşına böyük bir qoşunun içərisindən keçib getmiş, lakin onu tuta bilməmişdilər. O, Axtı qalasının müdafiəsi zamanı göstərdiyi igidliklərə görə I Nikolayın sevimlisinə çevrilmiş, praporşiklikdən birbaşa polkovnik rütbəsinə yüksəlmiş, imperatorun fligel-adjutantı vəzifəsinə təyin olunmuşdu. 
   Əlisultan İlisu sultanı general Daniyal bəyin bacısı oğlu idi. Onun iki qardaşının ölümünə səbəb olmuş İlisu sultanı eyni zamanda öz bacısına və onun övladlarına düşmən kəsilmişdi. Bu səbəbdən Əli Sultan dayısından qisas almaq üçün fürsət gözləyirdi. Nəhayət, onun əlinə belə fürsət düşür. 1844-cü ildə çar qoşunlarının Qafqazdakı komandanlığı rus ordusunun generalı Daniyal sultanın İmam Şamilin tərəfinə keçməsindən çaşqın vəziyyətə düşəndə, Əli Sultan onu İlisunun özündə yaxalamağı təklif edir. Bu məqsədlə Qafqaz canişini dərhal general-mayor Şvartsın rəhbərlik etdiyi ləzgi polkunu İlisuya göndərir. Şvartsın sağ əli olan Əli Sultanın təkidi ilə 1844-cü ilin iyunun 8-də Güllük kəndi yaxınlığında Daniyal sultanın qoşunu ilə döyüş başlanır. Həmin döyüşdə general Daniyal bəy məğlub olur. İyunun 14-də ikinci döyüşdə də məğlubiyyətə uğrayan sultan möhkəm müdafiə qurğularına malik olan İlisuya çəkilir.  Şvarts Qax yaxınlığında düşərgə qurur və general Daniyal bəydən təslim olmağı tələb edir. Sultan rədd cavabı verəndə ləzgi polku İlisuya hücuma keçir və oranı tutur. General Daniyal bəy sağ qalmış adamlarla dağlara çəkilərək gizli cığırlarla İmam Şamilin yanına gedir. (Bax: M.Məlikməmmədov. Çarın rəqibi. “Samur” qəzeti, № 8. 20 sentyabr 2003-cü il). 
   Sonralar rus-türk müharibəsində tərkibində iki ləzgi polku olan hərbi hissəyə rəhbərlik etmiş, general-mayor rütbəsini almış Əli Sultan Axtınski 1877-ci ildə böyük oğlu ilə birlikdə cəbhədə qəhrəmancasına həlak olmuşdur. 
Tarixdən məlum olduğu kimi, ləzgilər həmişə çar müstəmləkəçiliyinə qarşı güclü mübarizə aparmışlar. Bu, rus imperatorlarını bərk narahat edirdi. Bəzi müəlliflərin yazdığı kimi, “Qafqazda imperator qoşunlarına qarşı hamıdan inadla döyüşən Küre və Quba ləzgiləri idi” (Дубровин Н. История войны и владычества русских на Кавказе.V . 1887, с. 372). O vaxt imperator ləzgilərin inadlı mübarizəsinin qarşısını almaqdan ötrü müxtəlif vasitələrə əl atmışdı. Həmin vasitələrdən biri ləzgiləri ləzgilərə qarşı qoymaqdan ibarət idi. Bu məqsədlə onun göstərişi əsasında Qubada ləzgi döyüşçülərindən ibarət rota, Küre vilayətində  ayrıca Samur batalyonu, Axtıda milis batalyonları yaradıldı. Bundan əlavə, hərəsi 500 nəfərlik iki süvari polku təşkil olundu. İmperatorun yaratdığı bu ləzgi qoşunu onun ordusu ilə döyüşən ləzgi silahlı dəstələri ilə vuruşmalı idi. Lakin bəzi hallar istisna olmaqla, onun niyyəti baş tutmadı. Əksinə, ləzgilər qardaş qırğınına yol vermədən işğalçılara qarşı mübarizədə birləşdilər. 
   Bundan sonra rus çarları ləzgiləri müxtəlif müharibələrə səfərbər etməklə xalqdan qisas almağa başladılar. Bircə faktı açıqlamaq kifayətdir: “Çarın 17 iyul 1914-cü il fərmanına əsasən hər yerdə olduğu kimi, Quba qəzasında da səfərbərlik elan edildi. Amma bu səfərbərlik qeyri azərbaycanlı əhaliyə, ləzgilərə şamil olunmuşdu. Fərman veriləndən 1915-ci ilin payızınadək Quba qəzasından 2000 ləzgi gənci müharibəyə göndərilmiş və onların ailələrindən bir o qədər də döyüş atları alınmışdı. 
   Bu haqsızlıqdan sonra çar məmurları Quba qəzasında böyük səfərbərlik elan etdilər və buradan 5000 ləzgini müharibəyə göndərməyi qərara aldılar. Həmin hadisə ləzgilərin kütləvi etirazlarına səbəb oldu. Qusar nahiyəsinin Hil, Qədəzeyxur, Xuray, Suvacal, Yuxarı Ləgər, Yasab, Əniğ, Kuzun, Zuxul kəndlərinin əhalisi çar ordusuna əsgər verməkdən boyun qaçıraraq qiyam qaldırdı. Hil kəndinin əhalisi eyni zamanda çar məmurlarını qovub xəzinə torpaqlarını başdan-başa ələ keçirdi” (Известия Азербайджанского центрального статистического управления, №8 1/8. Отдел таблицы. Баку, издание АИСУ. 1924, с.88; Azərbaycan SSR MDTA, fond 1, iş 1136, vərəq 2-3). Arxiv materiallarından məlum olduğu kimi, Birinci Dünya müharibəsində rus ordusunda Cənubi Dağıstandan 2 ləzgi polku döyüşmüşdü. XIX əsrdə çar hökuməti ilə yanaşı, Rusiyanın və Gürcüstanın bəzi knyazları da öz düşmənlərindən etibarlı mühafizə olunmaqdan ötrü ləzgi polkları saxlayırdılar. Təkcə məşhur gürcü knyazı, rus çarının dostu, general Simeon Amilaxvarini misal çəkmək kifayətdir. Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid) özünün 1932-ci ildə Nyu-Yorkda, 2003-cü ildə Bakıda rusca işıq üzü görmüş Stalin haqqında kitabında yazır: “General, çarın dostu və Qorinin ağası knyaz Amilaxvari alicənab hakim, cəsur kişi, əsl gürcü idi. Ovçuluğu sevən onun Qoridəki sarayında rəqs məclisləri, şənliklər hökm sürərdi. Bir ziyafəti digəri əvəz edərdi. Onun asayişini ləzgilərin polku qoruyurdu. Bu polk yalnız çarın xahişi ilə Bakıda üsyanı yatırtmaq üçün göndəriləndə sarayı tərk edərdi” (М.Асад-бек. Сталин. Карьера фанатика. Баку, 2003, с.32.). Rus imperatoru III Aleksandr Qoridə Аmilаxvarinin qonağı olanda knyazın atlılardan ibarət ləzgi polku hökmdarın təhlükəsizliyinin qorunmasında böyük rol oynamışdı. 
   Rus tarixçiləri və hərbçiləri ləzgilərdən ibarət hərbi qurumların yaradılmasını onların cəsurluğu və igidliyi ilə əlaqələndirir, yeri gəldikcə bu xalqın döyüşkənliyi haqqında öz fikirlərini açıqlayırdılar. “Ləzgilər odlu silahdan, yaxşı qılınclardan və zirehdən istifadə edirdilər. Onlar qoçaq, oddan, atəşdən qorxmayan cəsur insanlar, mahir at çapanlardır (Гербер И.Г. Описание стран народов вдоль западного берега Каспийского моря. 1728// История, география и этнография Дагестана. ХVIII-XIX вв. Архивные материалы.-М., 1958).
   General-mayor, hərbi tarixçi və publisist R.A.Fadeyev yazmışdı: “...Ləzgilər hətta bütöv bir batalyonun qoruduğu qalaları silahsız ələ keçirirdilər; onlar od-alov saçan atəşə, mərmilərin partlamasına baxmayaraq, son nəfərədək ölməyi qərara almış cəngavərlər kimi irəliləyirdilər; öz bədənləri ilə xəndəkləri və səngərlərin torpaq sipərlərini örtür, müdafiəçilərlə birlikdə partlayışlardan havada həlak olur, amma qalanı ələ keçirirdilər.”
 

Популярные статьи

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023