QANLI SÜLH MÜQAVİLƏSİ

  • Müzəffər Məlikməmmədov
  • 27.12.2025

   1735-ci ilin martın 6-da İran ordusunun baş komandanı Nadirin Gəncə ətrafındakı hərbi düşərgəsində Rusiya ilə İran arasında sülh müqaviləsi baglandı. Həmin müqaviləyə əsasən Rusiya əvvəllər İranın işğal etdiyi ərazilərdən qoşunlarını çıxartdı və iki həftə ərzində Bakını, iki ay ərzində isə Dərbəndi və onun ətrafındakı əraziləri İranın tabeliyinə qaytardı. Əvəzində İran əbədi olaraq “Rusiya imperiyası ilə dost və müttəfiq” olacağını öhdəsinə götürdü. Bir il sonra, yəni 1736-cı ilin fevralın 26-da Nadir İran taxtına sahib oldu.
   Qafqazın bir sıra ərazilərinin yenidən şahın tabeliyinə keçməsi Azərbaycan və Dağıstan xalqları arasında böyük narazılıq doğurdu. Ləzgilər və digər Dağıstan xalqları gah bu, gah digər yerlərdə üsyana qalxdılar. Arxiv materiallarında göstərildiyi kimi,”Car ləzgilərinin və Dağıstan dağlılarının qiyamlarını yatırtmaq üçün şah böyük qoşun göndərdi, amma ləzgilər və Cənubi Dağıstanın digər xalqları farslarla qızğın döyüşlərə girişdi”(Aкты, собранные Кавказской археографической комиссией (АКАК). Тифлис.Т.1. док.NN 6,7). 1735-ci ilin müqaviləsindən sonra şah öz azadlığı uğrunda mübarizə aparan Qafqaz xalqlarından qisas almağa başladığına görə bəzi tarixçilər bu sənədi “qanlı sülh müqaviləsi” adlandırmışlar.
   Türküstana hərbi yürüşə hazırlaşan Nadir şah Qəni xanı süvari qoşunla Şirvana göndərir və ona qışda, yollar bağlananda carlılara divan tutmağı tapşırır. Qəni xan Abdali əvvəlcə Heratın, sonralar Dərbəndin hakimi olmuş qəddar sərkərdə idi (Bax:Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803гг.СПб.,1869, с.233-234). Eyni zamanda iranlı Fətəli xana, Kosa Əhmədliyə, Mehmed Əli xana, 15 minlik qoşunu olan Azərbaycan sərdarına, Gürcüstanın bütün hərbi rəislərinə Qəni xana kömək göstərmək üçün əmr verilir. Bundan sonra dağlıların azadlıq mübarizəsini boğmaqdan ötrü çox böyük bir qoşun Cara yola düşür.Burada ləzgilər və avarlar Carla yanaşı daha iki məntəqədə müdafiə qurğuları yaradıb möhkəmlənmişdi.
   Hərbi əməliyyat Carın mühasirəyə alınması ilə başlanır. Güclü müqavimət göstərən dağlılar, nəhayət, Qanıxa çəkilir və burada bir neçə gün döyüşlər davam edir. Ləzgilər Ağzıbir məntəqəsinə çəkilməli olur. Bu məntəqə dağın zirvəsində, qalın meşələrin ortasında yerləşirdi və oraya ancaq bir cığır uzanırdı. Burada iki gün davam  edən döyüşlərdə hər iki tərəf xeyli canlı qüvvə itirir. Nəhayət, növbəti gecə Qəni xanın abdallı əsgərləri atılan güllələrə və yuxarıdan gələn “daş yağışı”na baxmayaraq, 100 nəfəri itirməklə zirvəyə qalxır və məntəqəni ələ keçirirlər. Ləzgilərin bir hissəsi düşmən əlinə keçməmək üçün özlərini sıldırım qayadan atır, yaralılar isə xəncərləri ilə özlərini məhv edirlər.
   Farslar dağlara sığınmış yüzlərlə ailəni Samur çayına kimi təqib edərək bir hissəsini qırır, qalan hissəsini əsir alırlar.Bu döyüşdə minlərlə əsgərini itirib müəyyən üstünlük qazansalar da, iranlılar əsaslı qələbə əldə edə bilmirlər və son nəticədə Şirvan və Dağıstan Nadir şahın imperiyasından ayrılır (Bax:Aлиев Ф.М.Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в 20-40-х гг. ХV111 века. Баку,1975). 
   Bundan sonra Nadir şah Qafqazı, xüsusən də Dağıstanı ələ keçirməyi qardaşı İbrahim xana və Kaxetiyanın çarı Teymuraza həvalə edir. Onlar 1737-ci ilin sonlarında baş verən döyüşlərdən sonra ləzgiləri güclə Kaxetiyadan çıxara bilirlər və bu vaxt böyük itkilərə məruz qalırlar (Bax: Козлова А.Н. Страница истории освободительной борьбы народов Дагестана.-СНВ. Вып.18. Махачкала,1976, с.127).
   Ləzgilər yenidən döyüşə atılanda İbrahim xan onları çoxlu pul verib ələ almaq istəyir. Lakin bu, mümkün olmur. Ona görə də İbrahim xan 38 minlik qoşun toplayıb dağlılara qarşı hücuma keçir. Car,Tala, Qudal, Çinix, Bilicar kəndlərinin, həmçinin Şəkinin və Qaxın ləzgi kəndlərinin əhalisi işğalçıların qarşısına sədd çəkir. 1738-ci ilin oktyabrın 16-da Çinix dağının ətəyindəki dərədə baş verən döyüşdə ləzgilər İbrahim xanı və şahın məşhur sərkərdələrini öldürürlər.İranın Qaxdakı, Şəkidəki və Şirvandakı komendantları öz ölkələrinə qaçırlar. Qalib gələn ləzgilər Məhəmməd bəyi Şəki və Qax vilayətlərinin hakimi təyin edirlər (Bax: Хроника Джара в ХV111 столетии. Баку,1931. С.29).
   1738-ci ildə Surxay xanın oğlu Murtuzəli Qubanı iranlılardan azad edir və Qarat bəyi vilayətin hakimi təyin edir.1739-cu ilin martında İranın məşhur sərkərdəsi Səfi xan 50 minlik qoşunla Qubanı yenidən şahın tabeliyinə qaytarmaq istəyir. Lakin gürcü knyazı Şanşe Eristavinin və Unsukul kəndinin starşinası Mallajinin başçılıq etdikləri ləzgilərdən, avarlardan və gürcülərdən ibarət qoşun İran qoşununu axıradək döyüşərək darmadağın edir.
   1740-cı ilin mayında Nadir şah qardaşının qisasını almaqdan ötrü Abdulqəni xanın və Fətəli xanın başçılığı ilə Azərbaycana böyük qoşun göndərir. Əmr edir ki, bu qoşun Azərbaycandakı və Gürcüstandakı İran qoşunları ilə birləşib “qış və yay kampaniyaları vaxtı Car və Tala ləzgilərinin hamısını məhv etsin” (ИРД АН Груз.ССР. Ros 136, д.531. Грамота персидских шахов, л.5,9). Şah eyni zamanda oğlu Rza Mirzədən xahiş edir ki, Təbrizdən, Gəncədən və Tiflisdən böyük qoşun yığıb Azərbaycandakı qoşunların köməyinə getsin.
   Ciddi  cəhd göstərməsinə baxmayaraq, Nadir şah payızda ləzgilərdən qisas almaq niyyətini həyata keçirə bilmir. O, qoşunlarını ancaq 1741-ci ilin əvvəllərində döyüşə hazır vəziyyətə gətirə bilir. Mart ayında Abdulqəni xan, Fətəli xan və Məmmədəli xan başda olmaqla 100 minlik İran qoşunu Cara hücum edir.Carlılar özlərindən on qat çox olan düşmənə axıradək müqavimət göstərirlər. İran tarixçisinin etiraf etdiyi kimi, “bu, həddindən çox qan tökülən, öz torpaqlarını qoruyanların son nəfəslərinədək vuruşduqları döyüş idi” (Sərdadvar A.T. Tarix-e nezami və siyasi-ye dovrane Nadir şah-e Afşar. Tehran, 1395/1975, səh 772).
   Bu dəfə də tam məqsədinə çata bilməyən Nadir şah 1741-ci ilin mayında Şamaxıya 150 minlik qoşun göndərir. Bu qoşundan 100 min əsgər ləzgilərə və Dağıstanın digər xalqlarına hücum etməkdən ötrü ayrılır. Lakin bu dəfə də ləzgiləri və dağıstanlıları ram edə bilməyən Nadir şah1741-ci ilin avqustunda Dağıstanı işğal etməkdən ötrü 200 minlik  qoşunu və artilleriyanı səfərbər edir. İlk mərhələdə baş verən döyüşlərdə iranlılar müəyyən uğurlara nail olanda Rusiyanın İrandakı rezidenti İ.İ.Kaluşkin yazmışdı: “Surxaya və Usmiyə qalib gələn Nadir şahın necə qürrələndiyini təsvir etmək çətindir. İndi o, Dağıstandan 20 minlik qoşun tələb edir. Şahın eyni zamanda İrana xidmət etməkdən ötrü əhalinin bir hissəsini buraya gətirmək niyyəti var” (АВПР, ф.77.1741.д.4, л.304).
   Əhalinin köçürülməsi məsələsində qazıqumuxlu Surxay xanın xəyanəti şahın karına gəlir. Surxay xan Qubanın və Kürenin ləzgi kəndlərinin starşinalarını inandırır ki, əgər İranda qoşun yaradıb 3 il şahın ölkəsini müdafiə etsəniz, o, ləzgi vilayətlərini bütün vergilərdən azad edəcək. Beləliklə, “Surxay xan təbəəliyində olan Quba və Küre ləzgilərindən bir neçə min nəfəri Xorasana köçürür və İrandan gətirilən 900 ailəni onların ərazilərində yerləşdidrir” (Сотавов Н.А. Северный Кавказ в русско-иранских и русско-турецких отношениях в ХVIII в. М.,1991, с. 103).
   1741-ci ilin sonlarında ləzgilərlə döyüşən İran qoşunlarının taleyi ilə əlaqədar İ.İ. Kaluşkin yazmışdı:” Ləzgilərlə döyüşlərdə şah olduqca çox canlı qüvvə itirdi, ləzgilər dəfələrlə onun qoşunlarını darmadağın etdi” (Магомедов Р.М. Oбщественно-экономический и политический строй Дагестана в ХVIII – нач. ХIX вв. Махачкала, 1957,с.323).
   İ.İ. Kaluşkinin verdiyi məlumata görə Dağıstana hücum etmiş 100 minlik İran qoşunundan cəmi 25-27 min əsgər sağ qalmışdı. İşğalçılar çoxlu canlı qüvvə ilə yanaşı həm də 33 min döyüş atını, 79 topu və xeyli hərbi sursatı da itirmişdi (Bax: Tамай А.И. К вопросу о провале дагестанской кампании шаха Надира (1741-1743). -Уч.зап. ИИЯЛ Даг. ФАН.1958,т.5, с. 117).
   Rezidentin məlumatında göstərildiyi kimi, Nadir şah daha Dağıstana hücuma keçməyə cürət etmirdi. “Ləzgilər və tabasaranlılar 1741-ci ilin sonlarında və 1742-ci ilin əvvəllərində onları ram etmək istəyən İran qoşunlarını elə hala salmışdı ki, şahın daha onlara hücum etməyə iştahı qalmamışdı” (АВПР, ф.77, д.4, л.349).
   Məğlubiyyətlərə baxmayaraq, şahın yerlərdəki hakimləri xalqa divan tutmağı davam etdirirdilər.Ona görə də yerlərdə tez-tez qiyamlar baş verirdi. 1743-cü ildə Dərbənddə iki ləzgi bəyinin-Xurşud bəyin və Səfi bəyin rəhbərliyi ilə şəhərin əhalisi ayağa qalxdı. Şahın təyin etdiyi Dərbənd hakimi Məhəmməd Əli Əfşar buradakı İran qarnizonunun köməyi ilə dərbəndlilərə divan tutdu. 100 nəfərin başını kəsdirdi, 150 nəfərin gözlərini çıxartdırdı (Bax: Алиев Ф.М. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в 20-40-х гг. первой половине ХV111в. Баку,1975,с.171).
   Yerli əhalinin köməyinə gələn Samur əyaləti ləzgilərinin qarşısını almaqdan ötrü şah Şamaxı xanının başçılığı ilə Dərbəndə qoşun göndərir. Lakin ləzgilər Samur çayının kənarında həmin qoşunu darmadağın edir.İşğal etdiyi ərazilərdə Nadir şahın xalqa zülmünün ərçə qalxdığını rus səfirləri də qeyd etmişdilər. S.Arapov yazmışdı:”Məhəmməd Əli Dərbənd əhalisini qorxutmaq üçün hər gün bir vэ ya iki adamı asdırır, əksər hallarda gözlərini çıxartdırır, yaxud burnunu və qulaqlarını kəsdirirdi” (АВПР, ф. СРП,оп.77/1,1743,д.л.375).
   Şahın bu cür zülmünə və cəza tədbirlərinə baxmayaraq, xalq mübarizəni davam etdirir, işğalçıların qoşunlarını getdikcə daha çox sıradan çıxarırdı. Bu, arxiv sənədlərində də əksini tapıb. Bir sənəddə deyilir:”1741-ci ilin sonlarında və 1942-ci ilin əvvəllərində rus rezidentləri dönə-dönə məluvat verirdilər ki, şahın ordusu son dərəcə böyük ehtiyaclara məruz qalıb... düşərgənin bir verstliyindəki kəndi belə ələ keçirə bilmir. Şah ləzgilərlə elə ağır işə baş qoşub ki, bundan sonra İranın iniltisi kısilməyəcək” (Центральный государственный военно-исторический архив СССР (ЦГВИА). Ф.420, оп. 1/47, ед.хр.10,л.84).
   Rus tarixçisi A.A.Neverovski haqlı olaraq yazmışdı:”Şahın qoşunları ləzgilərlə döyüşlərdə həmişə məğlub olurdu və ona görə də İranda belə bir misal yaranmışdı:”Şah ağılsızdırsa, ləzgilərlə döyüşməyə getsin” (Неверовский А.А. Краткий исторический взгляд на Северный и Средний Дагестан в топографическом и статистическом отношениях до уничтожения влияния лезгин на Закавказье. СПб.,1848,с.9-10).

 

Популярные статьи

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023