Bu günlərdə tanınmış qələm sahibi İradə Məlikovanın redaktorluğu ilə talış dilində nəşr olunan “Dodo” qəzetinin 100-cü sayı işıq üzü görüb. İradə xanımın böyük zəhmətlə ərsəyə gətirdiyi, çoxlu çətinliklərə baxmayaraq nəşrinə ara vermədiyi bu qəzet talış xalqının həyatının aynasına çevrilib. Gələn il 9 yaşı tamam olacaq “Dodo” doğma talış dilini yaşatmaqla yanaşı, həm də oxuculara bu xalqın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında geniş məlumat verir.
Qəzetin jurnalistikanın müxtəlif janrlarında dərc etdiyi materiallar oxucular tərəfindən böyük maraqla qarşılanır. Oxunaqlı olduğuna görə “Dodo”nun oxucuları da gündən-günə artır. Onun Masallı, Lənkəran, Astara, Lerik rayonlarında, Bakı və Sumqayıt şəhərlərində yüzlərlə oxucusu vardır.
“Dodo”nun redaktoru İradə Məlikova həm də talış xalqının folkloru və mədəniyyəti ilə bağlı maraqlı kitabların müəllifidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində onun kitablarının təqdimatı keçirilmişdir. Hazırda o, talışların həyatı və mədəniyyəti ilə bağlı yeni kitabların üzərində işləyir.
“Samur” qəzeti radaksiyasının kollektivi “Dodo”nun 100-cü sayının işıq üzü görməsi münasibətilə bu mətbu orqanın radaktorunu, yaradıcı kollektivini və oxucularını təbrik edir, onlara yeni-yeni uğurlar arzulayır.
“SAMUR” QƏZETİ
RADAKSİYASININ KOLLEKTİVİ