Böyük Vətən müharibəsindən sonra SSRİ DİN-in Orta Asiya respublikalarındakı qoşunlarında xidmət edən Əziz Məmməd oğlu Məmmədovun bir rus qızı ilə vətənə qayıdıb gəlməsi xəbəri 1949-cu ildə ildırım sürəti ilə şəhərə yayıldı.
Sinəsini orden və medallar bəzəyən Əzizə xoşgəldin eləməyə Qusarın müxtəlif yerlərindən, eləcə də doğma kəndi İmamqulukənddən gələn qohum-əqraba onun sevgilisinin özbək olduğunu, müsəlman ailəsində böyüdüyünü biləndə sevindilər. Xədicə Mirzəəhməd qızı Artıkbayeva öz səmimiyyəti, mehribanlığı ilə tezliklə ürəkləri fəth elədi. Onun adının Xədicədən Sonyaya nə vaxt çevrildiyini heç kim hiss etmədi.
Həmin cütlük Qusar şəhərinin adlı-sanlı ailələrindən biri oldu. Əziz Məmmədov ötən əsrin 50-ci illərində Qusar Şəhər Sovetinin sədri vəzifəsinə irəli çəkildi. Həmin vəzifədə namusla, vicdanla çalışdığına görə şəhər əhalisinin dərin hörmətini qazandı.
Onların Ramiz, Lyudmila və Firəngiz adlı övladları dünyaya gəldi. Lakin ailənin xoşbəxtliyi uzun sürmədi. Əziz 38 yaşında dünyasını dəyişdi. Sonya övladlarına həm analıq, həm də atalıq etdi. Uzun illər Qusarın yay və qış kinoteatrlarında nəzarətçi vəzifəsində çalışan Sonya xala üç övladına da ali təhsil verdi, 85 yaşında dünyadan köçdü.
“İtən gündəlik” romanımın “Murmurkin” adlanan fəslini həmin qadına həsr etməyim təsadüfi deyil. Sonya xala tək mənim yox, bütün qusarlı uşaqların sevimlisi idi.